×
A
A
A
Sazlamalar

Talış dağlarının qoynunda gizlənən qədim sığınacaq: Buzeyir mağarası VİDEO

Lerik, 27 avqust, AZƏRTAC
AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: Lerik mağaraları.
Bu dəfə yolumuzu əsrarəngiz təbiəti ilə həm yerli, həm də xarici turistləri valeh edən Lerikdən saldıq.
Lerik deyəndə ilk olaraq göz önünə hündür dağlar, sıx meşələr, sərin hava və şəlalələr gəlir. Lakin bu dəfə bir qədər fərqli istiqamət seçmişik. Talış dağlarının qoynunda gizlənən qədim mağaralardan birini görmək üçün Buzeyir kəndinə yollanırıq.


Lerikin mərkəzindən çıxaraq Buzeyir istiqamətində hərəkət etdikcə mənzərə də tədricən dəyişir. Şəhərə yaxın ərazilərdə yaşıllıq və sıx meşələr üstünlük təşkil edirsə, getdikcə qarşımıza daşlı-qayalı, daha sərt və əzəmətli dağlar çıxır.
Bir qədər sonra mağaranın yerləşdiyi əraziyə çatırıq. Yayın isti günüdür, amma yüksəklik burada özünü göstərir – hava sərin, külək isə kifayət qədər güclüdür. Maşını yolun kənarında saxlayıb piyada yolumuza davam edirik. Mağaraya çatmaq üçün bir qədər yoxuş qalxmaq lazımdır. Yol çox uzun deyil. Üstəlik, ətrafdakı mənzərələri seyr etdikcə məsafənin necə qət olunduğunu hiss etmirik. Nəhayət, Buzeyir mağarasına çatırıq.

Buzeyir mağarası Lerik-Buzeyir yolunun təxminən 10-cu kilometrliyində, Zuvand çayının sol sahilində, Talış dağlarının Dəlikdaş zirvəsində, dəniz səviyyəsindən 1640 metr yüksəklikdə yerləşir. Mağaranın uzunluğu 17 metr, eni isə 9-14 metrdir. Lakin onu maraqlı edən ölçüləri deyil, burada aşkarlanmış arxeoloji tapıntılardır.
Buzeyir kəndi ərazisində 20-dən çox mağaranın olduğu bildirilir. Buzeyir mağarasında aparılan arxeoloji qazıntılar zamanı insan və heyvan sümükləri, ocaq izləri, eləcə də daş əmək alətləri aşkarlanıb. Araşdırmalar göstərir ki, bu ərazidə təxminən 100 min il əvvəl insanlar yaşayıb. AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Paleolit arxeoloji ekspedisiyası tərəfindən mağarada genişmiqyaslı qazıntı işləri aparılıb. Tədqiqatlar nəticəsində burada müxtəlif dövrlərə aid altı təbəqə müəyyən edilib.

Qazıntılar zamanı, ümumilikdə, 61 daş məmulatı aşkarlanıb. Onların arasında müxtəlif daş alətlər, qəlpələr və lövhəciklər var. Tapıntıların əsas hissəsi Orta Paleolit dövrünə aid edilir.
Lakin mağaranın tarixi bununla məhdudlaşmır. Digər təbəqələrdə Eneolit, Tunc və Orta əsrlərə aid gil qab qalıqlarının da aşkarlanması göstərir ki, insanlar Buzeyir mağarasından müxtəlif dövrlərdə istifadə ediblər. Hər bir dövr mağarada özündən müəyyən iz buraxıb.
Yolunuz Lerikə düşərsə, Buzeyiri də səyahət siyahınıza əlavə edin. Buraya çatmaq üçün bir qədər yol qət etmək və yoxuş qalxmaq lazım gələcək. Amma əzəmətli dağ mənzərələri və minilliklərin izlərini daşıyan Buzeyir mağarası bu səfərə dəyər.

Müxbir – Rəşad Türkoğlu

Regionlar 2026-08-27 12:25:00

Video