×
A
A
A
Sazlamalar

Gənclərin narkotik asılılığı probleminə dair bilikləri artırılır

Bakı, 27 avqust, AZƏRTAC
Gənclər Fondunun təşkilatçılığı ilə Astara rayonunda “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində növbəti maarifləndirici təlim təşkil edilib.
Bu barədə AZƏRTAC-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.
Bildirilib ki, Astara rayonunun 10 kəndi üzrə 400 gənc üçün “Gənclər siyasəti və dövlətçilik”, “Zərərli vərdişlərə yox deyək”, “Peşə seçimi və karyera” və “Sağlam və təhlükəsiz həyat” mövzularında təlim sessiyaları keçirilib.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşının iştirakı ilə keçirilən təlimdə gənclərin narkotik asılılığı probleminə dair biliklərinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış "Rəqəmsal mühitdə gizli narkotik riskləri", "Yeniyetmələr və gənclər üçün", "Sən bunlara hazırsan?", "Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar" və "Məlumatlı ol, cinayət törətmə" adlı təbliğat materialları gənclərə təqdim edilib.

Regionlar 2026-08-27 13:35:00