


İpək Yolunun mədəniyyət mərkəzi: Qədim Şabran VİDEO
Şabran, 27 avqust, AZƏRTAC
AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: "Qədim Şabran" abidəsi.
Dünya əhəmiyyətli "Qədim Şabran" abidəsi Şabran rayonunun Şahnəzərli kəndi yaxınlığında, "Çıraqqala–Şabran" Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşir.
Tarixi mənbələrin verdiyi məlumata və qazıntıların nəticələrinə əsasən, Şabran şəhəri V-VI əsrdə yaranıb.
Şəhərin yaranması Şahinşah Xosrov I Ənuşiravanın adı ilə bağlıdır. Məşhur türk alimi Mahmud Kaşğari (XI əsr) şəhərin yaranmasını türk Sabir tayfaları ilə əlaqələndirir. Şəhər XVIII əsrin ortalarına qədər fəaliyyət göstərib. Aparılan qazıntılar göstərir ki, Böyük İpək Yolu üzərində yerləşən bu şəhər iqtisadi, ticarət və mədəni mərkəz kimi daim diqqət mərkəzində olub.
Tədricən iqtisadi çətinliklərlə qarşılaşan və tez-tez yadellilərin basqınlarına məruz qalan Şabran XVIII əsrin ortalarında tarix səhnəsindən silinib.
Keçən əsrin 30-cu illərindən başlayaraq həyata keçirilən elmi tədqiqatlar və 5000 kvadratmetrdən çox ərazidə aparılan arxeoloji qazıntılar xalqımızın maddi və mənəvi mədəniyyətini əks etdirən zəngin arxeoloji materiallar əldə etməyə imkan verib.
1980-ci ildə Qədim Şabran şəhərinin yenidən öyrənilməsinə başlanılıb. Bunun nəticəsində Şabranda zəngin arxeoloji təbəqə aşkarlanıb. Təbəqə əsasən üç tikinti layından ibarətdir. Birinci tikinti dövrü IV-XVIII, ikinci IX-XII və üçüncü XIII-XVIII əsrləri əhatə edir. Şabran şəhəri əvvəl çayın sol sahilində olub. VII-VIII əsrlərdən sonra cənuba doğru genişlənərək çayın sağ sahilini də tutub.
Şabran çayının hər iki sahilində qazıntı işləri aparılıb. Qazıntı işləri zamanı çiy və bişmiş kərpicdən, çay daşından, əhəng cinsli ağ daşlardan tikilmiş müxtəlif binaların qalıqları və istehsalat ocaqları aşkar edilib.
İctimai binaların əksəriyyətinin döşəməsi daş və kərpiclə örtülüb. Şabranda Azərbaycanda ilk dəfə olaraq IX əsrə aid kanalizasiya sistemi aşkarlanıb. Şəhərə təqribən 14 kilometr aralıda yerləşən bulaqdan xüsusi tünüklər vasitəsilə su xətti çəkilib. Qazıntılar zamanı çoxlu şirli və şirsiz keramika, fayans qablar, metal və şüşə məmulatı, qızıl, gümüş və başqa bəzək əşyaları tapılıb.
Şabran şəhərinin tarixi mənbələrdə göstərilən 12 qalasından ikisi, atəşpərəstlər məbədi, zərbxana, həbsxana, XI-XIV əsrlərə aid küçələr, sənətkarlıq məhəllələri, 3000-ə qədər numizmatika nümunəsi, arxeoloji ədəbiyyatda analoqu əks etdirilməyən yeni arxeoloji tapıntılar üzə çıxarılıb. Şabranda tapılan gil qab, bişirilən küpə Orta əsrlər üçün nadir tapıntılardan hesab olunur. Şabran öz çörəyi, düyüsü və digər məhsulları ilə məşhur olub.
Prezident İlham Əliyevin 2019-cu il 22 oktyabr tarixli Sərəncamına əsasən, “Çıraqqala” və “Şabran şəhəri” tarixi qoruqlarının ərazisi “Çıraqqala–Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilib.
2026-cı ilin iyul ayından etibarən "Qədim Şabran" abidəsində tədqiqatların növbəti mərhələsinə başlanılıb. Arxeoloji qazıntılar nəticəsində qədim Şabran şəhərini su ilə təmin edən saxsı borular, ovdan və ya anbar olması ehtimal edilən nadir tikili və bir sıra başqa maddi mədəniyyət nümunələri aşkarlanıb.
Tədqiqatlar Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin və AMEA Arxeologiya və Antropologiya İnstitutunun birgə dəstəyi ilə həyata keçirilir.
Müxbir – Elxan Yusifli
Gənclərin narkotik asılılığı probleminə dair bilikləri artırılır
Talış dağlarının qoynunda gizlənən qədim sığınacaq: Buzeyir mağarası VİDEO
Altı sinfin bütün məzunları tələbə adını qazandı - Şəki məktəbindən rekord nəticə