×
A
A
A
Sazlamalar

Dövlət Proqramı çərçivəsində soyuducu anbarların fəaliyyəti genişləndirilir

Naxçıvan, 27 avqust, AZƏRTAC

Prezident İlham Əliyevin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda mühüm istiqamətlərdən biri də soyuducu anbarların sayının artırılmasıdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu baxımdan 2001-ci ildən Şərur rayonunda fəaliyyət göstərən müəssisə kənd təsərrüfatının inkişafına, əhalinin keyfiyyətli məhsullarla təmin olunmasına və bazarda qiymət sabitliyinin qorunmasına töhfə verir. 2006-cı ildə muxtar respublikada ilk dəfə istixana kompleksi yaradan müəssisə 2009-cu ildən soyuducu anbarların qurulmasına başlayıb.
İlk mərhələdə 300 ton tutumlu anbar yaradılıb. Sonrakı illərdə anbarların sayı 3-dən 9-a, ümumi tutumu isə təxminən 1000 tona çatdırılıb. Burada kartof, soğan, alma, kök və digər kənd təsərrüfatı məhsulları saxlanılır. Bu imkan fermerlərin məhsulu dərhal satmaq məcburiyyətini aradan qaldırır, məhsulların ilboyu bazara çıxarılmasına və qiymət sabitliyinin qorunmasına şərait yaradır.
Müəssisənin rəhbəri Yusif Quliyev AZƏRTAC-a müsahibəsində bildirib ki, fəaliyyətin genişləndirilməsində dövlət dəstəyinin mühüm rolu olub. Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2009-cu ildə ilk soyuducu anbarın yaradılması üçün 350 min manat kredit ayrılıb. Sonrakı illərdə isə müəssisənin gəlirləri hesabına anbarların sayı artırılıb. Yeni Dövlət Proqramının icrasına uyğun gələcəkdə bu istiqamətdə növbəti addımlar atılacaq.

“Təsərrüfatda əsas məşğuliyyətimiz kartofçuluqdur. Soyuducu anbarlarımızın olması isə yetişdirdiyimiz məhsulu daha sağlam şəkildə saxlamağa imkan verir. Qeyd edim ki, bu il 10 hektar ərazidə kartof əkmişdik və 500 tona yaxın məhsul əldə etmişik. Hazırda ərazilərdən kartof yığımı davam edir. Tam tədarükü sentyabr ayının sonlarınadək başa çatdırmağı planlaşdırırıq. Yığılan məhsulun bir hissəsi soyuducu anbarlarda saxlanılaraq ilin müxtəlif dövrlərində bazara çıxarılır. Bu yanaşma bazarda məhsul bolluğunun və qiymət sabitliyinin qorunmasına da xidmət edir.”, – deyə Yusif Quliyev vurğulayıb.
Onun sözlərinə görə, yüksək məhsuldarlığın əsas şərtlərindən biri keyfiyyətli toxumdan istifadədir. Bu məqsədlə müəssisə bir neçə ildir Türkiyənin təsərrüfat adamları ilə əməkdaşlıq edir və hər il qardaş ölkədən yeni toxum sortları gətirilir.

“Eyni toxumdan uzun müddət istifadə etməklə yüksək məhsuldarlığa nail olmaq çətindir. Ona görə də toxumun yenilənməsi və əkin sahələrinin növbələşdirilməsi vacibdir. Eyni məhsulun eyni torpaqda uzun illər ardıcıl əkilməsi düzgün deyil. Bu baxımdan torpaqların və əkin sahələrinin yenilənməsi mühüm amillərdəndir. Gələcəkdə bəzi kartof sahələrinin damcı suvarma sistemi tətbiq edilməklə meyvə bağlarına çevrilməsi də planlaşdırılır”, – deyə təsərrüfat rəhbəri bildirib.
Müasir yanaşmaların tətbiqi, keyfiyyətli toxumdan istifadə və soyuducu anbarların genişləndirilməsi müəssisənin gələcək inkişaf istiqamətlərindəndir. Dövlət Proqramının qarşıya qoyduğu hədəflər çərçivəsində belə təsərrüfatların fəaliyyətinin genişləndirilməsi isə həm fermerlərin əməyinin səmərəliliyinə, həm də əhalinin ilboyu yerli kənd təsərrüfatı məhsulları ilə təminatına mühüm töhfə verəcək.

Müxbir- Nail Əsgərov

Regionlar 2026-08-27 11:01:00