×
A
A
A
Sazlamalar

İmişlidə Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

İmişli, 26 fevral, Aydın Yavərzadə, AZƏRTAC

İmişlidə Xocalı faciəsinin 31-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin, YAP İmişli rayon təşkilatının rəhbərliyi, rayonun hüquq-mühafizə orqanlarının, idarə və təşkilatlarının əməkdaşları iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları Şəhidlər xiyabanını ziyarət edib, şəhidlərin məzarları üzərinə, “Şəhidlər Kompleksi”nin önünə qərənfillər düzüb, Xocalı soyqırımı qurbanlarının və şəhidlərin ruhlarına dualar oxuyublar.
Sonra İmişli rayon Heydər Əliyev Mərkəzində dəyirmi masa keçirilib. Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının ağır texnikasının və şəxsi heyətinin köməyi ilə Xocalı şəhərinə hücum edərək azərbaycanlılara qarşı soyqırımı törədib. Şəhər darmadağın edilib və talanıb, dinc əhaliyə amansızlıqla divan tutulub. 613 nəfər xüsusi amansızlıqla və işgəncə verilməklə öldürülüb. Onlardan 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olub. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum deyil. Bu rəqəmlər Ermənistanın Azərbaycana qarşı 1988-ci ildən başlayaraq mərhələlərlə həyata keçirdiyi soyqırımı siyasətinin ən qanlı səhifəsini əks etdirir.
Çıxış edənlər Xocalı soyqırımı anım gününün Azərbaycan xalqının birliyinin, milli təəssübkeşliyinin simvoluna çevrildiyini qeyd edib, Vətən müharibəsində qazanılan Zəfərlə bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının da qisasının alındığını bildiriblər.

Regionlar 2023-02-26 13:21:00