×
A
A
A
Sazlamalar

Naxçıvanda Ulu Öndərin 101 illiyi və Naxçıvanın 100 illiyi ilə bağlı konfrans və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Naxçıvan, 8 may, AZƏRTAC

Azərbaycan Respublikası Vəkillər Kollegiyası (ARVK) və Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasında “Blokada şəraitində hüquq təsisatlarının səmərəli fəaliyyəti və insan haqlarının müdafiəsi” mövzusunda konfrans, habelə vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, konfrans Ulu Öndər Heydər Əliyevin 101 illiyi və Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunub.
Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, ARVK-nın sədri Anar Bağırov, onun başçılıq etdiyi nümayəndə heyəti, eləcə də deputatlar, vəkillər və digər dövlət rəsmiləri iştirak ediblər.
Konfransdan əvvəl nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra Heydər Əliyev Muzeyində Ümummilli Liderin həyat və fəaliyyətinə aid fotoşəkil və eksponatlarla tanışlıq olub.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli Liderin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli çıxış edərək bildirib ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyev siyasi fəaliyyətinin bütün dövrlərində qanunun aliliyinə strateji məsələ kimi yanaşıb, hüquq sistemində işlək və çevik mexanizmlər tətbiq olunub, ədalət mühakiməsinin səmərəliliyinə və insan hüquqlarının etibarlı təminatına nail olunub. O, müstəqillik dövründə Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanda konstitusiyamıza əsaslanan təkmil qanunvericilik bazasının formalaşdırıldığını, hüquq təsisatlarının səmərəli fəaliyyətinə nail olunduğunu deyib.
Fuad Nəcəfli qeyd edib ki, bu gün ölkə Prezidenti İlham Əliyev 100 illiyini qeyd etdiyimiz Naxçıvan MR-də də hüquq təsisatlarının səmərəli fəaliyyəti və insan haqlarının müdafiəsi işini diqqət mərkəzində saxlayır, ardıcıl islahatlar həyata keçirir. Ölkə Prezidentinin qayğısı ilə 2006-cı ildə müvəkkil təsisatı formalaşdırılıb, həmçinin 2008-ci ildə NMRVK təsis edilib. Muxtar respublikada hüquq institutlarının elektron xidmətlər göstərməsi təmin olunub və hazırda MR-də “Elektron məhkəmə”, “Elektron notariat” və digər xidmətlər uğurla tətbiq edilir.
Fuad Nəcəfli nəzərə çatdırıb ki, ötən 30 ilə yaxın bir dövrdə Naxçıvan MR-də dövlət tərəfindən əlverişli şərait yaradılmasına və maddi-texniki təminatın yaxşılaşdırılmasına baxmayaraq, ədalət mühakiməsinin və insan haqlarının qorunması sahəsində nöqsanlara da yol verilib. Vətəndaşların mülkiyyət hüquqlarının pozulması və bu kimi hallara hüquq-mühafizə orqanlarında və məhkəmələrdə laqeyd yanaşılması, cinayət qanununun normalarının düzgün tətbiq edilməməsi, sübutların tam və hərtərəfli qiymətləndirilməməsi kimi ciddi hüquq pozuntuları qeydə alınıb. Hazırda dövlət başçısının tapşırıqlarına uyğun olaraq, bu istiqamətdə sistemli tədbirlər görülür. Xüsusilə aparılan kadr islahatları muxtar respublikada hüquq təsisatlarının səmərəli fəaliyyəti və insan haqlarının müdafiəsi işində yeni mərhələnin əsasını qoyub.
ARVK-nın sədri Anar Bağırov qonaqları salamlayaraq konfransın işinə uğurlar arzulayıb və Naxçıvan MR-in tarixindən danışıb. Ulu Öndərin xalqın qətiyyətli təkidi ilə yenidən Azərbaycan rəhbərliyinə qayıdışı nəticəsində müstəqillik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərləri təşkil edən yeni bir ideologiyanın əsasının qoyulduğunu bildirən sədr ölkəmizdə insan hüquq və azadlıqlarının təmini, onların inkişafı və müdafiəsi sahəsində bir sıra mühüm addımlar atıldığını dilə gətirib.
Naxçıvanın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu, habelə MR-in blokada şəraitində yaşamasına baxmayaraq, burada da insan hüquq və azadlıqlarının hər zaman yüksək səviyyədə təmin edildiyini söyləyən A.Bağırov son illər muxtar respublikada vəkilliyin tarixindən, inkişafından və getdikcə artan nüfuzundan, o cümlədən digər bir sıra önəmli məsələlər barədə konfrans iştirakçılarına məlumat verib. Eyni zamanda sədr şəxslərin yüksək keyfiyyətli hüquqi yardıma çatımlılığını təmin etmək, habelə müasir İKT-dən istifadəni daha da artırmaq məqsədilə Naxçıvanda fəaliyyət göstərən vəkillər üçün “Elektron vəkil kabineti”nin imkanları və elektron məhkəmədən istifadə, elektron müraciət qaydaları mövzularında təlimlərin təşkil olunduğunu bildirib.
Sonra Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yoluna və titanik fəaliyyətinə həsr olunan film, o cümlədən son illər NMRVK-nın fəaliyyətinə dair videoçarx nümayiş etdirilib. Eyni zamanda tədbirdə III "Yüksəliş" müsabiqəsinin qalibi İbrahim Məmmədzadə “Naxçıvanın inkişaf potensialı” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda Naxçıvan MR-in rəsmi sosial-iqtisadi göstəriciləri digər regionlarla müqayisəli şəkildə diqqətə çatdırılıb.
Tədbirdə vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından müvəffəqiyyətlə keçən və icbari təlimi başa vuran namizədlərin andiçmə mərasimi olub, vəkilliyə namizədlər Azərbaycanın Dövlət Bayrağı önündə and içib, onlara vəsiqələr təqdim edilib. ARVK Rəyasət Heyətinin qərarına əsasən, Naxçıvan MR-də vəkilliyin inkişafına verdiyi töhfələrə görə F.Nəcəflinin ARVK-nın "Fəxri vəkili” adı ilə təltif olunması üzrə diplom və rəmzi vəkil mantiyası Prezidentin səlahiyyətli nümayəndəsinə təntənəli surətdə təqdim olunub. Həmçinin F.Nəcəfli “Azərbaycan vəkilliyinin 100 illiyi” yubiley döş nişanı ilə təltif edilib, ona gələcək fəaliyyətində uğurlar arzulanıb.
Sonra Naxçıvan MR Ali Məhkəməsinin sədri Səadət Bəktaşi, Naxçıvan MR-in prokuroru Sənan Paşayev və Naxçıvan MR ədliyyə nazirinin müavini və nazir vəzifələrini müvəqqəti icra edən Hüseyn Səfərov çıxış ediblər.
Konfransda “Elektron vəkillik” komitəsinin sədri Nihad Əliyev “Elektron vəkil orderi” və elektron müqavilələrin izahlı təqdimatını edib. Komitənin üzvü İlham Hüseynov isə elektron vəkil sorğusuna digər qurumların inteqrasiyası və qanunvericilikdəki dəyişikliklə bağlı məlumat verib. Həmçinin “Pro Bono ChatBot” süni intellektin təqdimatı olub.

 

 

Regionlar 2024-05-08 19:21:00