×
A
A
A
Sazlamalar

Varis Yolçiyev: “BOOKFEST” Naxçıvan Kitab Sərgisinin təşkili təqdirəlayiq addımdır

Naxçıvan, 8 may, Nail Əsgərov, AZƏRTAC

Əlbəttə kitab bayramlarının keçirilməsi çox təqdirəlayiqdir. Son illərdə bir sıra bölgələrdə, o cümlədən ikinci ildir Naxçıvanda belə sərgilər təşkil olunur. Deyirlər XXI əsrin insanları kitab oxumur, bütün dünyada kitab satışı azalıb. Ancaq düşünürəm ki, bu fikir yanlışdır. Düzdür qısa bir dövr oldu ki, elektron kitab önə çıxdı, ancaq bu gün yenidən balans dəyişib, kağız kitaba maraq böyükdür.
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində tanınmış yazıçı Varis Yolçiyev söyləyib.
O deyib: “Kitab insanların ən yaxın dostudur. O, təkcə bilik vermir, həm də insanları gələcəyə hazırlayır. Məhz bu amillərə görə “BOOKFEST” Naxçıvan Kitab Sərgisinin təşkili çox dəyərli, təqdirəlayiq addımdır. Bizə də xoşdur ki, ikinci ildir ölkəmizin bu qədim diyarında keçirilən kitab bayramında iştirak edirik. Arzu edirəm ki, belə tədbirlər daha çox olsun. Nə qədər çox kitab satılsa, oxunsa, insanlar bir o qədər bilikli, zehinli və nikbin olarlar”.
Qeyd edək ki, bu gün Naxçıvan şəhərindəki “Saat Meydanı”nda könüllülərin fləş-mobu ilə “BOOKFEST” Naxçıvan Kitab Sərgisinə start verilib. Dörd gün ərzində davam edəcək tədbirdə bir-birindən maraqlı layihələr təqdim olunacaq. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) “BOOKFEST” Naxçıvan Kitab Sərgisinin media tərəfdaşıdır.

 

 

Regionlar 2024-05-08 17:39:00