×
A
A
A
Sazlamalar

Ümummilli Liderin respublikaya rəhbərliyi dövründə ekoloji problemlər həmişə diqqət mərkəzində olub

Şəki, 8 may, Mustafa Dadaşov, AZƏRTAC

Müstəqil Azərbaycanın yaranmasında və möhkəmlənməsində, dövlətçiliyinin inkişafında misilsiz xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə ekoloji problemlər həmişə xüsusi diqqət mərkəzində olub, ətraf mühitin mühafizəsi ilə bağlı müəyyən olunmuş prioritetlər üzrə ardıcıl tədbirlər həyata keçirilib. Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış ekoloji siyasət konsepsiyasında ətraf mühitin mühafizəsi, ekosistemin qorunması, təbii ehtiyatlardan indiki və gələcək nəsillərin tələbatları naminə səmərəli istifadə kimi prioritetlər əsas yer tuturdu. Təsadüfi deyil ki, Ümummilli Liderin ölkəyə rəhbərlik etdiyi dövrlərdə ekologiya və ətraf mühitin mühafizəsi sahəsində mühüm qanun və qərarlar qəbul edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər mayın 8-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında keçirilən “Heydər Əliyev və ətraf mühit” mövzusunda elmi-praktik konfransda səsləndirilib.
Konfransdan əvvəl Ulu Öndərin Şəki şəhərində ucaldılan abidəsi ziyarət edilib, özünə gül dəstələri düzülüb.
ADPU-nun və universitetin Şəki filialının birgə təşkilatçılığı ilə keçirilən konfransda alimlər, ziyalılar, filialın professor-müəllim və tələbə heyəti iştirak ediblər.
Konfransın əvvəlində Dövlət Himni səsləndirilib, Ümummilli Liderin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mövzu ilə bağlı film nümayiş olunub.
Elmi-praktik konfransda ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynovanın “Heydər Əliyev və strateji Azərbaycançılıq”, ADPU-nun Şəki filialının direktoru, dosent Vurğun Məmmədovun “Heydər Əliyevin ekoloji siyasəti (çağdaş dünyanın müasir çağırışları kontekstində)”, filialın elmi işlər üzrə direktor müavini, dosent Nuralı Çələbiyevin “Heydər Əliyevin ekoloji siyasət konsepsiyasının prioritetləri”, filialın Humanitar fənlər kafedrasının baş müəllimi Rasimə Bəkirovanın “Ümummilli Lider Heydər Əliyevin ətraf mühitin qorunması və sağlamlaşdırılması istiqamətində tarixi rolu” mövzularında məruzələri dinlənilib.
Elmi-praktik konfransda, həmçinin AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, professor Pərvanə İsayeva mövzu ilə bağlı çıxış edib.
Konfrans ədəbi-bədii proqramla başa çatıb.

 

 

Regionlar 2024-05-08 17:05:00