×
A
A
A
Sazlamalar

Bəstəkarlar İttifaqında “Qara Qarayev və onun məktəbi” adlı konsert olub

Bakı, 9 fevral, AZƏRTAC
Fevralın 9-da Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına konsert salonunda görkəmli bəstəkar, pedaqoq, ictimai xadim, akademik, SSRİ və Azərbaycanın Xalq Artisti, dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə tədbiri açaraq Qara Qarayevin həyat və yaradıcılığından söz açıb. “Qara Qarayev Azərbaycan musiqi sənətinin inkişafına böyük töhfə verib. O, həmçinin bir neçə istedadlı musiqiçi nəsli yetişdirən gözəl pedaqoqdur. Bəstəkarın xalqımız qarşısında müstəsna xidmətləri var. Görkəmli bəstəkarın xatirəsi əbədi yaşayacaq”, - deyə F.Əlizadə vurğulayıb.
Sonra “Qara Qarayev və onun məktəbi” adlı konsert olub. Beynəlxalq müsabiqələr laureatları və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin ifasında Qara Qarayev, İsmayıl Hacıbəyov, Nərgiz Şəfiyeva, Firəngiz Əlizadə və digər bəstəkarların əsərləri səsləndirilib.

Musiqi 2018-02-09 17:47:00