×
A
A
A
Sazlamalar

“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan

Bakı, 3 aprel, AZƏRTAC
Ötən il – “Şuşa İli”ndə Azərbaycan Milli Xalça Muzeyində xalqımız üçün müstəsna mənəvi dəyərə malik bir şəhərin – Şuşanın tanınmış soyları, onların tarixdəki rolu barədə dolğun məlumatların cəmiyyətə çatdırılması məqsədilə başlanılan “Şuşanın tanınmış soyları” layihəsi davam edir.
Muzeydən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində növbəti tədbir Azərbaycanın görkəmli musiqiçisi, tarzən, bəstəkar, tarı təkmilləşdirən sənətkar kimi tarixə düşən Mirzə Sadıq Əsəd oğlu Sadıqcana həsr olunub.
Azərbaycan musiqisinin inkişaf tarixində əvəzedilməz rolu olan Sadıqcana həsr olunan tədbirdə onun həyatı və yaradıcılığı haqqında Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, sənətkarın kötücəsi Elxan Cəfərov və ictimai xadim, yazıçı, şair, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı çıxış ediblər.
Qeyd olunub ki, 1846-cı ildə Şuşada dünyaya göz açan bu qüdrətli şəxsiyyət tarı təkmilləşdirərək ona cingənə və kök simləri əlavə edib, simlərin sayını 5-dən 11-ə çatdırıb. Sadıqcan ilk dəfə tarı sinədə çalmağa başlayıb. O, həmçinin tarın boyunlarına tutma sistemini tamamilə dəyişdirib, onların sayını 27-28-dən 22-yə endirib. “Segah”, “Mirzə Hüseyn Segahı” və “Mahur” muğamını təkmilləşdirib. Azərbaycan muğamında “Mahur-Hindi”, “Orta Mahur”, “Zabul Segah”, “Xaric Segah”, “Mirzə Hüseyn Segahı”, “Yetim Segah”, “Çoban Bayatı”nın yaranması Sadıqcanın yaradıcılığı ilə bağlıdır.
Vurğulanıb ki, məhz onun təkmilləşdirdiyi Azərbaycan tarı Qafqazda və Orta Asiyada geniş yayılaraq Azərbaycanın musiqi simvoluna çevrilib. Musiqiçilərin “tarın atası” adlandırdığı sənətkarın gətirdiyi yeniliklər tar ifaçılığı mədəniyyətini daha yüksək səviyyəyə qaldırıb.

 

Musiqi 2023-04-03 15:26:03