×
A
A
A
Sazlamalar

“Şərq musiqisinin peyğəmbəri” - Cabbar Qaryağdıoğlu haqqında videoçarx hazırlanıb

Bakı, 3 aprel, AZƏRTAC

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi “Şərq musiqisinin peyğəmbəri” adlandırılan görkəmli xanəndə Cabbar Qaryağdıoğlunun doğum günü münasibətilə videoçarx hazırlayıb.
AZƏRTAC xəbər verir ki, videoçarxda xanəndənin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib.
Qeyd olunur ki, Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndələrindən olan Cabbar Qaryağdıoğlu 1861-ci ildə Şuşada Seyidli məhəlləsində anadan olub. Onun səsi güclü dramatik-tenor tipli səs idi. O, bu güclü və əzəmətli səsi ilə son dərəcə lirik-minor ruhlu muğam sayılan “Segah”ı olduqca həzin və yumşaq, eyni zamanda, yanıqlı səsləndirməklə adamda elə təsəvvür yaradırdı ki, muğamı dramatik tenor yox, lirik tenor səslə oxuyur.
Eyni zamanda videoçarxda Azərbaycanda opera sənətinin meydana gəlməsində C.Qaryağdıoğlunun böyük rolunun olduğu vurğulanır. Opera səhnəmizin ilk aktyoru məhz Qaryağdıoğlu olub. Onun “Şahnaz”ı, “Qatar”ı, “Heyratı”sı musiqi xəzinəmizin ən qiymətli inciləridir. C.Qaryağdıoğlu Azərbaycan Dövlət Konservatoriyasının ilk təşkilatçılarından biri olub. 1934-cü il mayın 30-da Tiflisdə Cənubi Qafqaz xalqlarının incəsənət olimpiadasında C.Qaryağdıoğlu qeyri-adi sənətkarlıq və saflığı ilə fərqlənən ən yaxşı çıxışına görə birinci yerə layiq görülüb və Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin birinci dərəcəli Fəxri fərmanı ilə təltif edilib. 1936-cı il martın 31-də M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrının binasında xanəndənin anadan olmasının 75 illiyi təntənəli surətdə qeyd edilib. 1938-ci ildə isə C.Qaryağdıoğlu uzun illər səmərəli yaradıcılıq fəaliyyətinə və musiqi mədəniyyətimizin inkişafındakı ölməz xidmətlərinə görə “Şərəf nişanı” ordeni ilə təltif edilib. Xanəndənin qrammofon valına köçürülən 50 xalq mahnısı 1938-ci ildə Azərbaycan musiqisini öyrənən elmi tədqiqat kabineti tərəfindən “Azərbaycan xalq nəğmələri” başlığı altında ayrıca kitab şəklində çap edilib. Yaradıcılığı boyu 500 mahnı toplayan xanəndə onlardan 300-ə qədərini yazdırıb və gələcək nəsillərə misilsiz miras olaraq ötürüb.

Musiqi 2023-04-03 17:24:09