


“Araz-Naxçıvan”ın futzalçısı: Çempionlar Liqasında ən arzuolunmaz rəqib “Piast”dır
Bakı, 31 avqust, AZƏRTAC
Polşa təmsilçisi "Piast" çox arzuolunmaz rəqibdir. Həm azarkeş sayına görə, həm də maddi cəhətdən çox güclü komandadır. Heyətlərində çoxlu əcnəbi futzalçılar var. Bununla belə, Bosniya və Herseqovinanın “Buba Mara”, Macarıstanın “Uypeşt” komandaları da zəif rəqiblər deyil.
Bunu AZƏRTAC-a açıqlamasında futzal üzrə Azərbaycan millisinin və “Araz-Naxçıvan” klubunun üzvü Tofiq Mikayılov UEFA Çempionlar Liqasının əsas mərhələsində qarşılaşacaqları rəqiblər barədə danışarkən deyib.
Futzalçı bildirib ki, hazırda “Araz-Naxçıvan”ın vəziyyəti tam bəlli deyil: “Komanda hələ tam yığılmayıb. Yaxın zamanda hər şey bəlli olacaq”.
Onun sözlərinə görə, “Araz-Naxçıvan” həmişə Çempionlar Liqasında öz sözünü deyib: “Bu il də komandamız var gücü ilə mübarizə aparacaq. Çempionlar Liqasına çıxan hər bir komandanın məqsədi bacardığı qədər irəliləməkdir. Bundan sonrasını isə zamana buraxmaq yaxşı olar. İnşallah, hər şey yaxşı olacaq”.
Qeyd edək ki, bu mərhələnin oyunları oktyabrın 27-dən noyabrın 1-dək Polşada keçiriləcək. 5-ci qrupda “Piast” (Polşa), “Araz-Naxçıvan” (Azərbaycan), “Buba Mara” (Bosniya və Herseqovina) və “Uypeşt” (Macarıstan) komandaları güclərini sınayacaq.
“Araz-Naxçıvan” bu turnirdə sayca 21-ci dəfə iştirak edəcək. Təmsilçimiz bu göstəricidə yalnız Qazaxıstanın “Kayrat” klubundan geri qalır.
Müxbir – Cavid Əliyev
Rəşad Sadıqov “Zirə”nin baş məşqçisi kimi çempionatda 200-cü oyununa çıxıb
Vidadi Rzayev: “Kəpəz” bu heyətlə Premyer Liqada qalmaq uğrunda mübarizə aparacaq
“Atletiko” “Yuventus”un futbolçusunu icarəyə götürmək istəyir
Novak Cokoviç karyerasında ilk dəfə “US Open”in birinci turunda məğlub olub