×
A
A
A
Sazlamalar

Vidadi Rzayev: “Kəpəz” bu heyətlə Premyer Liqada qalmaq uğrunda mübarizə aparacaq

Bakı, 31 avqust, AZƏRTAC
Premyer Liqanın III turunda keçirilən “Kəpəz”-“Turan Tovuz” matçında (1:0) meydan sahiblərinin qələbəsi və nümayiş etdirilən oyun azarkeşlər üçün böyük marağa səbəb oldu. Yeni stadiona toplaşan 13 mindən çox tamaşaçı qarşısında keçirilən ilk ev oyununda gözəl atmosfer yaşandı.
Bu sözləri AZƏRTAC-a açıqlamasında hər iki komandada oynamış Azərbaycanın veteran futbolçusu Vidadi Rzayev qərb derbisini dəyərləndirərkən deyib.
Meydan sahiblərini təbrik edən V.Rzayev "Turan Tovuz"un çıxışındakı problemlərə və baş məşqçi Kurban Berdiyevin imkanlarına diqqət çəkib: “Gəncədə ilk ev oyunu idi, yenilənən stadionda gözəl bir futbol mühiti və yaxşı oyun izlədik. Qalib gəldiklərinə görə “Kəpəz”i təbrik edirəm, onların qələbəsini kölgədə qoymaq olmaz. Lakin Kurban Berdiyevə də təəssüf edirəm. Onların hazırlıq dönəmində nə etdikləri, necə transferlər reallaşdırdıqları aydın deyil. “Turan Tovuz” çox sönük futbol oynadı. Hətta ilk turda evdə “Qəbələ”ni də böyük çətinliklə məğlub etmişdilər. Düzdür, matçın ilk 15–20 dəqiqəsində Tovuz təmsilçisinin üstünlüyü və qol imkanları oldu, amma istifadə edə bilmədilər”.
V.Rzayev Gəncə təmsilçisinin azarkeş dəstəyindən və baş məşqçi Azər Məmmədovun rəhbərliyi altında komandanın ötən mövsümlərdəki təcrübəsindən söz açıb: “Gəncədə azarkeş baxımından heç vaxt problem olmayıb və olmayacaq. Əgər komanda baxımlı, gözəl futbol oynasa, yüksək yerlər uğrunda mübarizə aparsa, tribunalarda bir dənə də boş yer qalmaz. Yadınızdadırsa, Azər Məmmədovun yaxşı oyunları olsa da, komandada sonradan eniş yaşanmışdı. Ümid edirik ki, yenidən bu hal təkrarlanmaz”.
Veteran futbolçu "Kəpəz"in mövcud heyətini, maliyyə durumunu və mövsümə olan real gözləntilərini də açıqlayıb: “Mən əvvəldən də demişəm, “Kəpəz” bu mövsüm Premyer Liqada qalmaq uğrunda mübarizə aparacaq. Çünki komandanın heyətlə bağlı doğrudan da ciddi problemləri var. Xüsusən hücum xəttində və bir neçə digər mövqedə boşluqlar aydın görünür. Əlbəttə, yeni transferlər etmək birbaşa maliyyədən asılıdır. Bilirsiniz ki, “Kəpəz”də maliyyə tərəfi zəifdir, klubun sponsoru və elə bir böyük maliyyə dəstəyi yoxdur. Ona görə də çətinliklərin olması təbii haldır. İnanıram ki, məşqçilər korpusu bu problemlərin öhdəsindən gəlməyə çalışacaq. Onlar maksimum səylə işləyirlər ki, bu heyətlə heç olmasa nəyəsə nail olsunlar”.
Qeyd edək ki, “Turan Tovuz” 4 xalla 3-cü, “Kəpəz” isə 3 xalla 7-ci yerdədir.

İdman 2026-08-31 11:40:00