×
A
A
A
Sazlamalar

Cəmi 3 məhsulla başlayan təşəbbüs - indi Türkiyəyə ixrac həyata keçirilir VİDEO

Naxçıvan, 27 avqust, AZƏRTAC
Sədərək rayonunun Sədərək kənd sakini Mehparə Hüseynova uzun illərdir ailə təsərrüfatı ilə məşğuldur. Kiçik ailə təsərrüfatından başlayan bu fəaliyyət zamanla genişlənərək yüzlərlə adda məhsul istehsalına, onlarca qadının bir araya gəlməsinə və Naxçıvanda ilk qadın fermer kooperativinin yaradılmasına gətirib çıxarıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mehparə Hüseynova fəaliyyətinə hazırladığı kənd təsərrüfatı və qida məhsullarının satışı ilə başlayıb. 2017-ci ildə Naxçıvanda ilk dəfə keçirilən “Ailə təsərrüfatı məhsulları” festivalına cəmi 3 məhsulla qatılan Mehparə xanımın əl işləri böyük maraqla qarşılanıb. Sonrakı illərdə festivallarda iştirak etdikcə məhsul çeşidini artıran qadın fermer bu gün artıq 167 adda məhsul istehsal edir. Bu məhsullar ölkə daxilində Bakı şəhərinə göndərilir, həmçinin Türkiyəyə ixrac olunur.
Zəhmətsevərliyi və aqrar sektorun inkişafına verdiyi töhfələrə görə “Əməkdar kənd təsərrüfatı işçisi” fəxri adına layiq görülən Mehparə Hüseynova fəaliyyətini yalnız öz təsərrüfatı ilə məhdudlaşdırmayıb. O, zamanla ətrafına evdar qadınları toplayaraq təcrübəsini onlarla bölüşüb, onların evlərində hazırladıqları məhsulların satışını təşkil etməyə başlayıb. Bu təşəbbüs qadınların fərdi əməyini geniş bazara çıxarmaq üçün yeni imkanlar açıb. Uğurlu fəaliyyətin nəticəsi olaraq, bu il Naxçıvanda ilk dəfə yaradılan qadın fermer kooperativinə sədr seçilən Mehparə Hüseynova indi daha çox qadının öz əməyindən gəlir əldə etməsi üçün çalışır.
Mehparə xanım AZƏRTAC-a müsahibəsində bildirib ki, kooperativ fəaliyyətə 32 qadın aqrosahibkarın iştirakı ilə başlayıb. Hazırda isə müxtəlif sahələrdə çalışan 57-yə yaxın qadın və onların ailə üzvləri ilə əməkdaşlıq qurulub. Kooperativdə heyvandarlıq, taxılçılıq, bağçılıq, quşçuluq, meyvəqurutma, çörək və şirniyyat istehsalı ilə məşğul olan qadınlar təmsil olunur.


Naxçıvan şəhərində yaradılan satış nöqtəsində müxtəlif rayonlardan olan qadınların hazırladıqları məhsullar alıcılara təqdim edilir. Burada məqsəd yalnız satış təşkil etmək deyil, həm də evdar qadınların əməyini dəyərləndirmək, onların istehsal imkanlarını genişləndirmək və ailə büdcələrinə əlavə gəlir qazandırmalarına şərait yaratmaqdır.
Kooperativin fəaliyyəti bunlarla bitmir - işləyən qadınlar və müxtəlif müəssisələrin əməkdaşları üçün həftəlik yeməklər hazırlanır, sifarişlər dondurulmuş şəkildə müştərilərə çatdırılır. Beləliklə, ev təsərrüfatlarında görülən işlər tədricən daha sistemli istehsal və satış modelinə çevrilir.
Mehparə Hüseynovanın sözlərinə görə, kooperativə qoşulanların sayı hər maarifləndirici görüşdən sonra artır. Şahbuz, Ordubad, Culfa, Kəngərli, Şərur və digər rayonlarda qadınlarla görüşlər keçirilir, onların hazırladıqları məhsullar satış üçün qəbul edilir.
“Əsas məqsədimiz gələcəkdə satış nöqtələrinin sayını artırmaq və Naxçıvanın müxtəlif rayonlarında filiallar açmaqdır. Bununla daha çox qadının bu təşəbbüsə cəlb olunmasını və öz əməyini gəlir mənbəyinə çevirməsini istəyirik. Hədəfimiz qadın əməyinin daha geniş miqyasda dəyərləndirilməsi, yerli məhsulların böyük bazarlara çıxarılması və qadınların iqtisadi fəallığının artırılmasıdır”, - deyə Mehparə Hüseynova vurğulayıb.
Vaxtilə cəmi bir neçə məhsulla satışa başlayan ailə təsərrüfatı bu gün onlarca qadını ətrafında birləşdirən, yüzlərlə məhsulun istehsal və satışını təşkil edən böyük bir təşəbbüsə çevrilib. Mehparə Hüseynovanın timsalında bir daha görünür ki, kiçik bir ailə təsərrüfatı düzgün yanaşma, zəhmət və təşəbbüskarlıq sayəsində həm böyük bir biznesə, həm də başqa qadınlar üçün imkanlar yaradan uğurlu bir modelə çevrilə bilər.

Müxbir- Nail Əsgərov

Regionlar 2026-08-27 16:38:00

Video