


Nazirlik: Sosial siyasət Naxçıvanda yüksək səviyyədə icra edilir
Bakı, 27 avqust, AZƏRTAC
Bu il avqustun 11-də Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri regionun sosial-iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının muxtar respublikaya sayca 17-ci olan bu səfəri muxtar respublikanın yeni inkişaf perspektivlərinin müəyyənləşdirilməsi və davamlı inkişafı üçün yeni imkanların yaradılmasına dövlət səviyyəsində verilən yüksək önəmi bir daha göstərdi. Səfər çərçivəsində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə bir sıra mühüm sosial və iqtisadi obyektlərin, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST Agentliyinin Naxçıvan Regional DOST Mərkəzinin açılışı oldu. Bu hadisə aparılan uğurlu sosial siyasətin muxtar respublikada da yüksək səviyyədə icra edildiyini təsdiq edir.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Sosial xidmətlər “bir pəncərə”də
Qeyd olunub ki, DOST Agentliyi və DOST mərkəzləri Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı ilə yaradılıb və ölkəmizin sosial xidmətlər sistemində yeni və müasir idarəetmə modelinin formalaşmasına mühüm töhfə verir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası sosial sahələr üzrə xidmətlərin “bir pəncərə”dən, müasir, çevik, tam şəffaf şəkildə, vətəndaş məmnunluğuna uyğun təqdim olunmasına imkan yaradıb və son illər aparılan sosial islahatlar proqramının ən mühüm nailiyyətlərindən biri olan DOST modeli Azərbaycanın yeni brendinə çevrilib.
Naxçıvan Regional DOST Mərkəzi də ölkə üzrə fəaliyyət göstərən 8-ci DOST Mərkəzi kimi vətəndaşlara sosial xidmətlərin vahid məkanda “bir pəncərə” prinsipi ilə təqdim olunmasını təmin edir. Mərkəzdə 117 əməkdaş və 50 könüllü xidmət göstərir, gün ərzində isə orta hesabla 500–600 vətəndaşın qəbul edilməsi nəzərdə tutulur. 15 istiqamət üzrə 164 növ sosial xidmətin göstərildiyi mərkəzdə pensiya, əmək və məşğulluq, sosial müavinətlər, əlillik, övladlığagötürmə və digər sosial xidmətlərlə yanaşı, tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin fərdi ehtiyaclarına uyğun reabilitasiya xidmətləri və vasitələri ilə təmin edilmələri üçün ixtisaslaşmış reabilitasiya müəssisələrinə göndərişlərin verilməsi xidməti də göstərilir. Həmçinin mərkəzdə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları tərəfindən hazırlanan bədii oyma, xalçaçılıq, dulusçuluq, təsviri incəsənət, vitraj, floristika və digər sənət növləri üzrə əl işlərinin sərgiləndiyi otaq yaradılıb. Gələcəkdə Naxçıvan Regional İnformasiya Mərkəzinin bazasında Naxçıvan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin yaradılması da nəzərdə tutulur.
Sosial-iqtisadi inkişafda yeni tədbirlər
Prezident İlham Əliyevin 12 avqust 2026-cı il tarixli “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamı isə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında yeni tədbirləri müəyyən edir. Sərəncamla ayrılmış vəsait muxtar respublikada yeni məşğulluq imkanlarının yaradılmasına, infrastrukturun daha da gücləndirilməsinə və əhalinin sosial rifahının yüksəldilməsinə imkan verəcək.
Şəhid ailələri və müharibə əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, imtiyazlı şəxsləri mənzil və avtomobillə təminatı ilə bağlı bildirilib ki, ölkəmizdə həyata keçirilən sosial siyasətin ən mühüm istiqamətlərindən biri də Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsidir. Ümummilli Lider Heydər Əliyevin tapşırığı ilə ötən əsrin 90-cı illərində bu istiqamətdə tədbirlərə, həmçinin şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və avtomobillə təminatına başlanılıb. Prezident İlham Əliyevin bu kateqoriyadan olan vətəndaşlara göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində sosial müdafiə tədbirləri, o cümlədən mənzil təminatı proqramı ardıcıl şəkildə genişləndirilib. Zəfərlə başa çatan Vətən müharibəsindən sonrakı dövrdə proqramın miqyası 5 dəfə artırılıb. Postmüharibə dövründə 7300, ümumilikdə isə indiyədək 16 mindən çox mənzil şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilib. Naxçıvan Muxtar Respublikasında da bu istiqamətdə məqsədyönlü işlər aparılır. Qeyd edilən kateqoriyalardan olan şəxslərin sosial təminatının və rifahının yaxşılaşdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.
Şəhid ailələrinə və müharibə əlillərinə qayğı
Azərbaycan Prezidentinin 12 avqust 2026-cı il tarixli “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamında qeyd olunduğu kimi, muxtar respublikada şəhid ailələrinə və müharibə əlillərinə təqdim olunması üçün 68 mənzil ayrılıb. Avqustun 19-da həmin mənzillər şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilib. Muxtar respublikanın müxtəlif şəhər və rayonlarında 19 şəhid ailəsi üzvü və 49 müharibə ilə əlaqədar əlilliyi olan şəxs olmaqla, ümumilikdə 68 şəxs yeni mənzillə təmin edilib. Təqdim olunan mənzillərdən 29-u Naxçıvan şəhərində, 23-ü Şərur rayonunda, digər mənzillər isə Babək, Ordubad, Culfa, Şahbuz və Kəngərlidəki yeni çoxmənzilli yaşayış binalarındadır. Ümumilikdə ötən dövr ərzində muxtar respublikada müvafiq kateqoriyadan olan şəxslərə 400-dək mənzil təqdim edilib. Bununla yanaşı, muxtar respublikada müvafiq imtiyazlı şəxslərin avtomobillərlə təminatı da diqqət mərkəzində saxlanılır. Cari il ərzində müharibə ilə əlaqədar əlilliyi olan daha 5 nəfər şəxs avtomobillə təmin edilib. Nəticədə avtomobil üçün növbədə olanların artıq hamısının avtomobillə təminatı proqramı 100 faiz icra olunub. Ümumilikdə ötən illər ərzində Naxçıvan Muxtar Respublikasında 635 nəfərin avtomobillə təminatı həyata keçirilib. Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamların icrası olaraq şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial təminatının gücləndirilməsi, onlara yönələn sosial ödənişlərin artırılması tədbirləri muxtar respublikada da uğurla icra olunub.
Həmçinin “Naxçıvan Muxtar Respublikasında Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların, şəhid ailələrinin və müharibə veteranlarının təminatına dəstək fondu” (“Dəstək” Fondu) fəaliyyət göstərir. Həmin kateqoriyadan olan şəxslərin maddi-məişət şəraitinin yaxşılaşdırılması, müalicə və psixoloji dəstək xərclərinin qarşılanması, həmçinin zəruri hallarda təhsil xərclərinin və kredit öhdəliklərinin qarşılanması məqsədilə fondun hesabından 2023-2026-cı illər ərzində ümumilikdə 1,9 milyon manatadək vəsait ödənişi həyata keçirilib. Həmçinin Naxçıvan Muxtar Respublikasında şəhid ailələrinin və müharibə veteranlarının digər sosial dəstək tədbirləri ilə əhatə olunması, onların məşğulluğunun təminatı, reabilitasiyası üçün ardıcıl işlər aparılır.
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri və vasitələri ilə təminatı, Naxçıvan Əlillərin Bərpa Mərkəzində bu kateqoriyadan olan şəxslərə müvafiq reabilitasiya xidmətləri göstərilməsi, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən şəhid ailəsi üzvlərinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin əmək bazarına çıxış və məşğulluq imkanlarının artırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.
Bildirilib ki, sosial-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan imtiyazlı şəxslər rayon (şəhər) icra hakimiyyətlərinə müraciət edərək mənzil növbəsinə qeydiyyata alınırlar. Mənzil növbəsinə alınmış şəxslərin bu prosesi şəffaf şəkildə izləməsi üçün “Sovqat” altsistemində müvafiq funksiya yaradılıb, hazırda bu istiqamətdə təkmilləşdirmə işləri davam etdirilir.
Əlilliyi olan şəxslər diqqət mərkəzində
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası” təsdiq edilib. Həmin Qərarla təsdiq edilmiş Şərtlər və Qaydaya uyğun olaraq tibbi göstərişlər nəzərə alınmaqla Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar və Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin minik avtomobili ilə təmin olunmaq hüququ var.
Qeyd olunan imtiyazlı şəxslər nazirliyin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin minik avtomobilinə təyinatla bağlı müvafiq rəyinə əsasən nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyində avtomobil növbəsinə götürülür və növbəlilik qaydasında avtomobillə təmin edilirlər. Qeyd olunduğu kimi, Naxçıvan Muxtar Respublikasında avtomobil üçün növbədə olanların artıq hamısının avtomobillə təminatı proqramı 100 faiz icra olunub.
İmtiyazlı şəxslər əsasən ixtisaslaşmış müalicə-istirahət mərkəzlərinə yollayış verilməsi üçün müraciət edirlər. Son illər ərzində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən illik orta hesabla 200-dən artıq müvafiq imtiyazlı şəxsə sanatoriya-kurort müəssisələrinə yollayış verilib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində köklü və məqsədyönlü islahatlar həyata keçirilir, genişmiqyaslı sosial proqramlar icra olunur. Həyata keçirilən ardıcıl tədbirlər bir daha göstərir ki, bu sosial siyasətin mərkəzində vətəndaş rifahının təminatı dayanır.
Müxbir - Nailə Həsənova
Türk dünyasının arxeoloji və tarixi-mədəni irsi beynəlxalq onlayn seminarda müzakirə olunub
Naxçıvanda ekoloji monitorinqlər aparılıb
Ağsuda salınan badam bağlarının məhsulu xarici bazarlara da çıxarılacaq - FOTO
III “Ulduz Cup” beynəlxalq turnirinin qalibi müəyyənləşib
Nazirlik: Sosial siyasət Naxçıvanda yüksək səviyyədə icra edilir