×
A
A
A
Sazlamalar

III “Ulduz Cup” beynəlxalq turnirinin qalibi müəyyənləşib

Quba, 27 avqust, AZƏRTAC

Gənclər və İdman Nazirliyi, AFFA və “Ulduz” Futbol Akademiyasının birgə təşkilatçılığı ilə Qubada 11 yaşadək futbolçular arasında keçirilən III “Ulduz Cup” beynəlxalq turnirinin qalibi müəyyənləşib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quba Olimpiya İdman Kompleksinin stadionunda keçirilən turnirin final oyununda “Ulduz” (Azərbaycan) “Drukarz”la (Polşa) qarşılaşıb.
Oyunda 1:0 hesabı ilə qalib gələn "Drukarz" beynəlxalq turnirin çempionu adını qazanıb.
Üçüncü yer uğrunda görüşdə isə “Paxtakor”(Özbəkistan) "Qarabağ"a 2:0 hesabı ilə qalib gəlib.
Final oyunundan sonra mükafatlandırma mərasimi keçirilib. Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Quba rayon icra hakimiyyətinin başçısı İlqar Mahmudov iştirak ediblər.
Qalib komandalara medal və xüsusi mükafatlar təqdim olunub.
Avqustun 24-dən başlayan turnirdə 7 ölkədən 12 komanda mübarizə aparıb.
Yarışda Azərbaycanı “Ulduz” FA, “Zirə” FK, “Sabah” FK, “Neftçi” PFK və “Qarabağ” FK, Özbəkistanı “Paxtakor” FK və “Bunyodkor” FK, Gürcüstanı “Dinamo Tbilisi”, Polşanı “Drukarz” KS, Türkmənistanı “Altın Taç” FK, Qırğızıstanı “Sduşorsi”, Qazaxıstanı isə “Kayrat” komandaları təmsil edib.

Müxbir- Elxan Yusifli

 

Regionlar 2026-08-27 17:26:00