×
A
A
A
Sazlamalar

“Laçında ağac becərmək mənim üçün övlad böyütmək qədər əzizdir” - 32 il sonra doğma torpaqda VİDEO

Laçın, 27 avqust, AZƏRTAC
Səhərin erkən saatlarıdır. Qafqaz dağlarının sinəsinə sığınan Laçının Sus kəndinə daxil oluruq. Sərin dağ mehi ilə yanaşı, havada yenicə dərilmiş meyvələrin və nəm torpağın ətri var. Bir vaxtlar işğal dövründə xarabalığa çevrilən bu torpaqlar indi tanınmaz dərəcədə dəyişib. Dövlətimiz tərəfindən yenidən qurulan kəndə qədəm qoyarkən insanı, ilk növbədə, müasir arxitekturalı evlər, nizamla salınmış geniş küçələr və yolboyu gözoxşayan yaşıllıqlar salamlayır. Amma kəndin ən böyük gözəlliyi onun tikililəri deyil - illər sonra öz ocaqlarına qayıdan əsl sahiblərinin gözlərindəki o sonsuz işıqdır.
AZƏRTAC-ın bölgə müxbiri Sus kəndində məskunlaşan İsgəndərovlar ailəsinin qonağı olub. 32 illik Vətən həsrətinə son qoyub doğma yurduna qovuşan ailənin sevincinə şərik olan əməkdaşımız onların həyat hekayəsini elə özlərindən dinləyib.
İsgəndərovların həyət qapısından içəri addımlayırıq. Həyətdə əsl kənd həyatının qaynar ritmi hiss olunur. Evin xanımı həyətdəki alaqapının kölgəsində qış tədarükü ilə məşğuldur. Laçının bərəkətli torpağında yetişən meyvə-tərəvəzdən hazırlanan turşular, cürbəcür mürəbbələr artıq şüşə qablara yığılaraq rəflərə düzülüb.
Ailə başçısı Oktay İsgəndərov isə öz əlləri ilə əkdiyi meyvə ağaclarına qulluq edir. Ev sahibinin üzündəki təbəssüm, gözlərindəki qürur Vətənə qovuşmağın necə əvəzsiz bir səadət olduğunu sözsüz də ifadə edir.

Oktay müəllimlə həyətində həmsöhbət oluruq. O, düz 32 il qəlbində gəzdirdiyi yurd həsrətindən və artıq üç ildir ki, Laçında başlayan yeni həyatından danışır:
“Laçından məcburi köçkün düşəndə ailəmiz 5 nəfərdən ibarət idi. Ötən 32 il ərzində Bakı şəhərində məskunlaşdıq. İxtisasca müəlliməm, peşəmi paytaxtda davam etdirdim. Düzdür, həyat öz axarı ilə gedirdi - uşaqlar böyüyür, qayğılar artırdı, dövlətimiz də bizə hər zaman diqqət və dəstək göstərirdi. Lakin nə etsək də, içimizdəki Vətən nisgili sakitləşmirdi. Şad günlərimizdə, toylarda qaldırdığımız hər qədəh, dediyimiz hər sağlıq tək bir arzuya söykənirdi: “Gələn il doğma Laçında olaq!”. Nəhayət, o müqəddəs arzumuz çin oldu. Qəhrəman Ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfər qazanaraq bizə bu Qələbə qürurunu yaşatdı. Bu torpaqların hər qarışı bizim üçün müqəddəsdir, çünki burada şəhidlərimizin qanı var”.
Oktay müəllim deyir ki, ayaqları doğma torpağa dəyən an illərlə gözlərində donub qalan kədər yaşları bir anda sevinc damlalarına çevrilib.
İsgəndərovlar ailəsi Laçına təkcə özləri qayıtmayıblar. Oktay müəllimin iki övladı da öz ailələri ilə birlikdə dədə-baba yurduna dönüblər. Onlar da dövlət tərəfindən Bəylik kəndində üçotaqlı müasir evlərlə təmin olunublar. Ailənin nəvəsi isə hazırda Sus kənd orta məktəbində təhsilini davam etdirir.

Ailə başçısı bizi həyətyanı sahəsi ilə tanış edir. Bura sanki kiçik bir botanika bağını xatırladır:
“Artıq üç ildir ki, buradayıq. Laçının torpağı o qədər bərəkətlidir ki! Biz bu yerlərin həsrətini o qədər çəkmişdik ki, gələn kimi həyətimizi əkib-becərməyə başladıq. Təsəvvür edin, 32 il bağ-bağça işindən uzaq düşmüşdüm. Amma bura ayaq basanda sanki gənclik illərimə, 30 il əvvəlki enerjimə qayıtdım. Bura gələndən bəri 217 meyvə ağacı əkmişəm. Təkcə bu il torpağa 25 ting sancmışam. Bu il alça, ərik, şaftalı bolluğu idi, məhsulumuzu yığdıq. Pomidor, xiyar, kartof, lobyamız da öz həyətimizdəndir. Zəhmətinin bəhrəsini doğma torpağında görmək, süfrəyə öz bağının barını qoymaq əvəzsiz hissdir. Laçında ağac becərmək mənim üçün övlad böyütmək qədər əzizdir”.
Oktay müəllim kənddə yaradılan infrastrukturdan da razılıqla söz açır. Deyir ki, kənddə qaz, işıq, su və rabitə xətləri ən yüksək səviyyədə qurulub, yollar asfaltlanıb. Bütün bunlar sakinlərə təkcə yaşamaq deyil, həm də təsərrüfatlarını inkişaf etdirmək imkanı verir.
Bəli, bu gün Sus kəndində həyat tamamilə fərqli bir ritmlə, quruculuq və zəhmət sevinci ilə döyünür. Burada salınan yeni bağlar, torpağa sancılan hər bir ting doğma yurda əbədi qayıdışın, yenidən tumurcuqlayan şad günlərin rəmzidir. Kənd sakinləri dövlətin yaratdığı bu şəraitdən bəhrələnərək öz gələcəklərini bərəkətli doğma torpaqda inşa edirlər.
İsgəndərovlar ailəsi də Sus kəndində qurduqları bu cənnət guşədə gələcəyə, sabahkı günə böyük inam və ümidlə baxır. Çünki onlar artıq qürbətdə deyil, öz evlərindədir.

Müxbir-Aydın Yavərzadə

Regionlar 2026-08-27 17:14:00

Video