


“Böyük Dəbilqə”: Azərbaycan cüdo millisi Lozannada 14 idmançı ilə təmsil olunacaq
Bakı, 27 avqust, AZƏRTAC
Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən avqustun 28-30-da İsveçrənin Lozanna şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turniri keçiriləcək.
Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, “Los-Anceles-2028” Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışda Azərbaycan 9 çəki dərəcəsində 14 idmançı ilə təmsil olunacaq. Komandanın heyətində 10 kişi və 4 qadın cüdoçu yer alıb.
Üç gün davam edəcək turnirdə 78 ölkədən 518 cüdoçu (309 kişi, 209 qadın) tatamiyə çıxacaq.
Qadınlar arasında 52 kiloqram çəki dərəcəsində Gültac Məmmədəliyeva və Leyla Əliyeva, 70 kiloqramda Südabə Ağayeva, +78 kiloqramda isə Madina Kaisinova mübarizə aparacaqlar.
Kişilər arasında 60 kiloqram çəki dərəcəsində Əhməd Yusifov, 66 kiloqramda Turan Bayramov və Ruslan Paşayev, 73 kiloqramda Kamran Süleymanov və Rəşid Məmmədəliyev, 81 kiloqramda Ömər Rəcəbli və Vüsal Qələndərzadə, 90 kiloqramda Vüqar Talıbov, +100 kiloqramda isə Kənan Nəsibov və Uşanqi Kokauri tatamiyə çıxacaqlar.
Dünya Cüdo Turuna daxil olan yarışda Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin üzvü, A kateqoriyalı beynəlxalq hakim Nazim Umbayev də ədalət təmsilçiləri arasında yer alacaq.
“Qarabağ” və “Tvente”də oynamış Vaqif Cavadov: Qoy, güclü olan qalib gəlsin!
“Böyük Dəbilqə”: Azərbaycan cüdo millisi Lozannada 14 idmançı ilə təmsil olunacaq
Çempionlar Liqası: “Sabah” bir çox statistik göstəricilərdə liderdir
Belçikalı voleybolçu: Azərbaycan millisi fiziki cəhətdən yaxşı komandadır