×
A
A
A
Sazlamalar

Tarix, təbiət və ləziz mətbəx - yerli və xarici turistlərin üz tutduğu Kiş kəndi REPORTAJ

Şəki, 27 avqust, AZƏRTAC
Avqust ayı ölkəmizdə turizm mövsümünün ən qaynar dövrü hesab olunur. İnsanlar daha çox dağ mənzərəli, bol oksigenli və tarixi abidələrlə zəngin məkanlara üstünlük verirlər. Belə turizm marşrutları arasında Şəkinin Kiş kəndi və onun tarixi abidələri öndə gəlir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Böyük Qafqazın cənub yamacında yerləşən bu yaşayış məntəqəsi 20-yə yaxın tarixi obanı birləşdirən Kiş kəndidir. Kəndin zəngin tarixi olduğu kimi, sakinlərin milli adət-ənənələrə verdiyi dəyər də yüksəkdir. Məhz bunun nəticəsidir ki, Kiş ölkəmizdə yaşıl turizm sektorunda özünəməxsusluğu ilə seçilir.
Kiş Tarixi-Memarlıq Qoruğunun bazasını məhz bu qədim yaşayış məntəqəsi təşkil edir. Şəki şəhərindən 5 kilometr şimal-qərbdə, dəniz səviyyəsindən 1200 metr yüksəklikdə yerləşən Qoruq 2003-cü ildən fəaliyyət göstərir və 215 hektar ərazini əhatə edir. Kəndin mərkəzində yerləşən, Azərbaycanın ən qədim və əzəmətli abidələrindən biri sayılan Kiş Alban məbədi bu gün yerli və xarici turistlərin ən çox ziyarət etdiyi məkanlar sırasındadır.
İlin bütün fəsillərində bu tarixi abidəni ziyarətə gələnlərlə qarşılaşmaq mümkündür. Ukraynadan gələn qonaqlar da onların sırasındadır. Paşa Şamrilenko və valideynləri abidə ilə tanış olduqdan sonra təəssüratlarını bölüşürlər: “Mən ailəmlə birgə gəlmişəm. Artıq ikinci gündür ki, qədim şəhəri gəzirik. Çox maraqlı və tarixi məkanları var. Elə bu Alban məbədi bizdə böyük təəssürat yaratdı”.


O, Şəkidə xüsusi qonaqpərvərlik gördüklərini və göstərilən diqqətin yaddaşlarında uzun illər qalacağını vurğulayır.
Qoruğun əməkdaşı Gülnarə Kərimova bildirir ki, iyul ayından havaların sabit və isti keçməsi Kişə gələn qonaqların sayına müsbət təsir göstərib. Onun sözlərinə görə, ilin əvvəlindən bəri bu tarixi abidəni 30-a yaxın ölkədən gələn turistlər ziyarət edib.


Kiş kəndi keçmişdə də yay aylarında qonaq qarşılamaqda öndə olub. İndi isə sakinlər bu sahəni ailə gəliri mənbəyinə çeviriblər. Qiymətlər təklif olunan xidmətə görə dəyişir. Evini qonaqlara kirayə verənlərdən biri də Xəzangül Aslanovadır. Kənd sakini bildirir ki, 2006-cı ildən - məbəd fəaliyyətə başlayandan sonra kəndə turist axını sürətlənib.

Xəzangül xanım deyir ki, kənddə Kiş Alban məbədi ilə yanaşı, digər tarixi abidələr də var. Həmçinin Kiş kəndinin tarixi obaları, məhəllə və küçələri turistlər üçün əsl macəra və istirahət məkanıdır. Qiymətlərə gəlincə, Xəzangül xanım günlük evlərin 70, 80 və 100 AZN arasında dəyişdiyini bildirir.

Əlbəttə ki, Şəkiyə gələn hər bir qonaq tarixi məkanlarla yanaşı, milli mətbəximizlə də yaxından maraqlanır. Bu mənada Şəkinin, eləcə də Kiş kəndinin özünəməxsus təqdimatları hər kəsdə maraq doğurur. Turizm meneceri İlhamə Hüseynova öz mənzilində - tarixlə günümüzü əks etdirən unikal məkanında yerli və xarici turistləri qarşılayır. Burada xarici qonaqlara əsasən milli yeməklərimiz təqdim olunur və onların hazırlanma qaydaları izah edilir. İlhamə xanım onu da diqqətə çatdırır ki, Kişə gələn hər bir qonaq, ilk növbədə, təndirdə bişirilən ləpəli çörəyə qonaq edilir. Bununla yanaşı, Kiş lobyası, lobyalı aş, külçə və fəsəli kimi kəndə məxsus təamlar da turistlərə təqdim olunur.

Turizm meneceri İlhamə Hüseynova Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiqlənməsi barədə Sərəncamını yüksək qiymətləndirdiyini bildirir. Deyir ki, bu Sərəncam bölgələrdə turizm sektorunun daha da canlanmasına və infrastrukturun yenilənməsinə dəstək olacaq. Vurğulayır ki, Sərəncamda regionlarda turizmin inkişafının təşviqi, effektiv brendinq və marketinq fəaliyyətinin təşkili məqsədilə nəzərdə tutulan layihələr onların gələcək fəaliyyətinə də böyük stimul verəcək.

Müxbir - Rasim İslamoğlu

Regionlar 2026-08-27 10:25:00