×
A
A
A
Sazlamalar

Neft baza sahəsində “yanğın” söndürüldü, əməkdaşlar “təhlükəli ərazidən” təxliyə edildilər

Naxçıvan, 27 avqust, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən Naxçıvan şəhər ərazisində yerləşən "SOCAR Petroleum" QSC-nin 23 saylı Naxçıvan Neft Baza Sahəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda mülki müdafiə məşqi keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, məşqin keçirilməsində əsas məqsəd xilasetmə qüvvələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi və bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin işçi heyətinin yanğınlar və digər hadisələr zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.
Məşq zamanı 23 saylı Naxçıvan Neft Baza Sahəsində mülki müdafiə işinin təşkili vəziyyətinin və qüvvələrin hаzırlığı yохlаnılıb, idarəetmə, qarşılıqlı fəaliyyət təşkil olunub. Plana uyğun olaraq yanacaq çənlərində və yanacaq daşıyan avtomobillərdə, inzibati binada və digər tikililərdə baş vermiş “yanğınlar” söndürülüb və nəticələri aradan qaldırılıb. Uçqunlar, dağıntılar zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlər aparılıb, obyektin şərti xəsarət alan əməkdaşlarına ilk tibbi yardım göstərilib və “təhlükəli ərazidən” təxliyə ediliblər.
Məşqə Xüsusi Riskli Xilasetmə Xidmətinin, Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin, Təcili Tibbi Yardım Xidmətinin və 23 saylı Naxçıvan Neft Baza Sahəsinin hərbiləşdirilməmiş mülki müdafiə qüvvələri cəlb olunub.
Uğurla keçirilən məşqdən sonra əldə edilən nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.


Müxbir- Nail Əsgərov

Regionlar 2026-08-27 10:10:00