


Laçın bu gün Azərbaycanın yeni inkişaf salnaməsinin parlaq səhifələrindən birinə çevrilib ŞƏRH
Bakı, 26 avqust, AZƏRTAC
Azərbaycanın füsunkar təbiətə, zəngin tarixə və mühüm strateji mövqeyə malik qədim diyarlarından biri olan Laçın bu gün öz tarixinin yeni və şərəfli mərhələsini yaşayır. Belə ki, azad Laçın böyük quruculuq və yenidənqurma meydanına çevrilib. Bir vaxtlar dağıntılarla üzləşən bu qədim şəhərdə artıq yeni yaşayış məhəllələri, məktəblər, istehsal müəssisələri, enerji və nəqliyyat infrastrukturu yaradılır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib.
O, Ermənistan silahlı qüvvələrinin 1992-ci ildə Laçını işğal etməsinin rayonun tarixində ağır faciələr yaratdığını xatırladıb və deyib: “İşğal nəticəsində əhali etnik təmizləməyə məruz qaldı, yüzlərlə insan həlak oldu və itkin düşdü, mədəniyyət, təhsil, səhiyyə və digər sosial obyektlər dağıdıldı, tarixi abidələr vandalizmə məruz qaldı. İşğal illərində Laçının təbii sərvətləri talan edildi, coğrafi adları dəyişdirildi, rayonun demoqrafik vəziyyətini dəyişdirməyə yönələn qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirildi. Ancaq Azərbaycan xalqı heç zaman Laçının işğalı ilə barışmadı, doğma yurda qayıdış arzusu hər bir laçınlının qəlbində yaşadı”.
Deputat qeyd edib ki, 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda dönüş nöqtəsidir. Belə ki, üçtərəfli Bəyanata əsasən 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana geri qaytarılıb və 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri tam şəkildə Azərbaycanın nəzarətinə götürülüb. Beləliklə, Laçının işğalına tamamilə son qoyulub. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, avqustun 26-sı rəsmi olaraq Laçın Şəhəri Günü kimi təsis edilib.
“Dövlətimizin başçısının da vurğuladığı kimi, Qarabağ və Şərqi Zəngəzur cənnətə çevrilir və Laçın isə bu böyük dirçəlişin ən parlaq nümunələrindən biridir. Laçının inkişafında enerji sektoru xüsusi yer tutur. Rayonun zəngin su ehtiyatlarından səmərəli istifadə olunması nəticəsində burada güclü yaşıl enerji infrastrukturu formalaşdırılır, yol-nəqliyyat infrastrukturu yenidən qurulur. Qeyd etmək lazımdır ki, Kəlbəcər-Laçın avtomobil yolunun inşası bölgənin iqtisadi və sosial həyatında mühüm rol oynayacaq. Həmçinin azad Laçının yeni simvoluna çevrilən ən mühüm layihələrdən biri də Laçın Beynəlxalq Hava Limanıdır. 2021-ci ildə təməli qoyulan hava limanı 2025-ci il mayın 28-də istifadəyə verilib. Hava limanının müasir infrastrukturu istənilən tip hava gəmisinin qəbuluna imkan yaradır. Bu layihə yalnız nəqliyyat baxımından deyil, həm də Laçının beynəlxalq əlaqələrinin, turizm və iqtisadi potensialının inkişafı baxımından strateji əhəmiyyət daşıyır”, - deyə deputat bildirib.
Vasif Qafarov vurğulayıb ki, Laçın bu gün yalnız bərpa edilmir, yenidən qurulur və gələcəyə hesablanan yeni həyat modelinə qovuşur. Azərbaycan öz torpaqlarını yalnız işğaldan azad etməklə kifayətlənməyib, həmin torpaqlarda qurub yaradır. Bir vaxtlar dağıdılan Laçın bu gün yenidən canlanır, doğma sakinlərini qarşılayır, iqtisadi, sosial və mədəni həyatını bərpa edir. Azad Laçın bu gün Azərbaycanın yeni inkişaf salnaməsinin parlaq səhifələrindən birinə çevrilib.