


Rəqəmsal platformaların vergiyə cəlb olunması ədalətli rəqabətə imkan verəcək - RƏY
Bakı, 26 avqust, AZƏRTAC
Rəqəmsal platformalara daxil olmaqla fərqli xidmətlərin təklifini həyata keçirən onlayn qurumların vergi uçotuna alınması və təbii ki, ölkədən əldə etdiyi gəlirdən vergi verməsi vacibdir. Ümumiyyətlə, verginin də fəlsəfəsi ondan ibarətdir ki, məhz həmin vergi dərəcələrinin tətbiq olunduğu regionda, ölkədə və ya həmin sərhədlər çərçivəsində gəlir vergiyə cəlb olunur. Bu baxımdan, qeyri-rezident rəqəmsal platformaların vergi uçotuna alınması və vergi ödəyicisi olması dövlət büdcəsinin bu istiqamətdə daxilolmalarını artıracaq.
Bu barədə AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
“Bu, sistemli şəkildə vergi daxilolmalarına təsir göstərəcək və imkan verəcək ki, vergi bazasının genişləndirilməsi və sözügedən mənbədən büdcəyə vergilərin daxil olması mümkün olsun. Təbii ki, eyni zamanda, həm də vergi yükünün daha ədalətli bölüşdürülməsi baxımından da vacibdir. Eləcə də bu, həm də rəqabətə təsir göstərən faktorlardandır. Çünki bəzi hallarda aparıcı rəqəmsal platformalar vergi ödəmədikləri üçün və ya vergi uçotuna durmadıqları halda onların təklif etdiyi xidmətlər və məhsulların xərci digər yerli, rezident vergi ödəyicilərinin təqdim etdiyi uyğun xidmət və məhsullarla müqayisədə aşağı olurdu. Nəticədə bu, rəqabətin də pozulmasına gətirib çıxarırdı, xüsusən də rezident rəqəmsal platformaların fəaliyyətinə neqativ təsir göstərirdi. Bu baxımdan, bu, həm vergi ödənişinin ədalətli şəkildə həyata keçirilməsinə, həm də bütövlükdə bu istiqamətdə rəqabətin bərpasına imkan verəcək”, - deyə o bildirib.
V.Bayramov qeyd edib ki, Azərbaycan üçün ən vacib prioritet məsələlərdən biri rəqəmsal ekosistemin inkişafı etdirilməsidir. Bu da bərabər və ədalətli şəkildə iştirakçıların vergiyə cəlb olunması, digər tərəfdən isə mövcud alətlər çərçivəsində yerli rəqəmsal aktorların dəstəklənməsini özündə ehtiva edir. O baxımdan bu, Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı ilə bağlı strategiyaya uyğun olaraq atılmış bir addımdır. Bu, həm də rəqabət balansına müsbət təsir göstərəcək, yalnız qeyri-rezident rəqəmsal platformalar arasında deyil, həm də rezident platformalar arasında rəqabətin güclənməsinə imkan verəcək, ədalətli rəqabətin formalaşmasına, haqsız rəqabətin aradan qaldırılmasına gətirib çıxaracaq: “Yerli şirkətlər üçün üstünlükləri məhz rəqabətdə dəstəklənmələri olacaq. Bu halda artıq yerli şirkətlər daha rahat rəqabət aparmaq imkanına malik olacaq. Çünki təqdim olunan xərclərin və ya məhsulların strukturunda vergi ödənişləri ilə bağlı xərc eyni olacaq. Həm də ümumiyyətlə vergi uçotuna alınma, vergi ödənişlərinin həyata keçirilməsi şəffaflıq baxımından vacibdir. Yəni bu sektorun şəffaflaşması əsas hədəflərdəndir və nəticə etibarilə təbii ki, həm də sektorun şəffaflaşmasına və daha şəffaf şəkildə sektorun inkişafına imkan verəcək. Ümumiyyətlə aparıcı qeyri-rezident platformalar vergi uçotuna alınan zaman fəaliyyət göstərdiyi ölkələrdə yerli qanunlara tabe olurlar. Bu, onların investisiya qərarlarında hər hansı bir tərəddüd yaratmır. Çünki nəticə etibarilə, qeyri-rezident rəqəmsal platformalar da hər hansı bir ölkədə gəlir əldə edirsə, fəaliyyət göstərirsə, həmin ölkənin qanunları əsasında vergi ödəyicisi vergi uçotuna durur və vergi ödəyir. Ona görə də bu, həmin platformaların Azərbaycanla bağlı investisiya qərarlarına mənfi təsir göstərməyəcək, əksinə şəffaflaşma, rəqabət daha çox sərmayə qoyuluşlarının həyata keçirilməsinə gətirib çıxara bilər”.
AZAL uçuşlarda gecikmə və ləğv halları ilə bağlı sərnişinlərə müraciət edib
Rəqəmsal platformaların vergiyə cəlb olunması ədalətli rəqabətə imkan verəcək - RƏY
Azərbaycanda mis konsentratı istehsalı 6 dəfədən çox artıb – QRAFİK