


Azərbaycan-Özbəkistan müttəfiqliyi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni geoiqtisadi məkan formalaşdırır RƏY
Bakı, 26 avqust, AZƏRTAC
Azərbaycan–Özbəkistan münasibətlərinin son illərdə strateji müttəfiqlik səviyyəsinə yüksəlməsini yalnız ikitərəfli əlaqələrin inkişafı prizmasından qiymətləndirmək kifayət deyil. Bu yaxınlaşma, eyni zamanda, Azərbaycanla Mərkəzi Asiya arasında son illərdə formalaşan daha geniş siyasi və geoiqtisadi əməkdaşlığın əsas elementlərindən biridir. Azərbaycanın 2025-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşlərinə tamhüquqlu iştirakçı kimi qoşulması və C5 formatının faktiki olaraq C6-ya çevrilməsi bu prosesə artıq institusional xarakter verib. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də Azərbaycanın bu formata qoşulmasını Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında möhkəm körpünün və vahid əməkdaşlıq məkanının formalaşması baxımından qiymətləndirib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin baş məsləhətçisi Roza Bayramova deyib.
Onun sözlərinə görə, bu kontekstdə Azərbaycan-Özbəkistan müttəfiqliyinin xüsusi əhəmiyyəti ondan ibarətdir ki, iki ölkə Xəzərin şərq və qərb istiqamətlərində formalaşan nəqliyyat, enerji və investisiya əlaqələrinin əsas iştirakçıları sırasındadır. Özbəkistan Mərkəzi Asiyada böyük iqtisadi və demoqrafik potensiala, Azərbaycan isə Xəzər üzərindən Cənubi Qafqaz, Türkiyə və Avropa istiqamətinə çıxışı təmin edən mühüm nəqliyyat-logistika imkanlarına malikdir.
“Bu imkanların birləşdirilməsi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əməkdaşlığı ayrı-ayrı ikitərəfli layihələr səviyyəsindən daha sistemli geoiqtisadi qarşılıqlı asılılıq mərhələsinə keçirə bilər. Prezident İlham Əliyevin Çolpon-Atada qeyd etdiyi kimi, Azərbaycan və Mərkəzi Asiya ölkələri artıq faktiki olaraq vahid geosiyasi və geoiqtisadi məkan formalaşdırır”, – deyə R.Bayramova vurğulayıb.
Məsləhətçi qeyd edib ki, bu prosesdə Orta Dəhliz əsas birləşdirici xətt olaraq qalır. Çin–Qırğızıstan–Özbəkistan dəmir yolunun gələcəkdə Orta Dəhliz və Zəngəzur istiqamətində formalaşan TRIPP bağlantısı ilə inteqrasiyası Şərq–Qərb nəqliyyat sisteminə əlavə imkanlar yarada bilər. Prezident İlham Əliyev son müsahibəsində bu üç istiqamətin inteqrasiyasının bütövlükdə region üçün yeni iqtisadi və tranzit imkanları yaradacağını xüsusi vurğulayıb.
R.Bayramova qeyd edib ki, burada vacib məqam Zəngəzur bağlantısının reallaşmasının Orta Dəhlizin mövcud marşrutlarının əhəmiyyətini azaltmamasıdır. Əksinə, əlavə istiqamətin yaranması dəhlizin şaxələnməsini, yükdaşımaların çevikliyini və ümumi dayanıqlığını artırır. Beləliklə, Mərkəzi Asiyadan Azərbaycan ərazisinə daxil olan yüklərin Qərbə çıxışı üçün alternativlərin sayı genişlənir və Azərbaycanın müxtəlif nəqliyyat xətlərini birləşdirən regional logistika qovşağı kimi rolu daha da güclənir. Bütün bunlar Türk Dövlətləri Təşkilatının da regional roluna təsir edir. Azərbaycan və Özbəkistan TDT çərçivəsində nəqliyyat, energetika, rəqəmsallaşma və ticarətin asanlaşdırılması kimi praktik istiqamətlər üzrə əməkdaşlığın əsas tərəfdarlarıdır.
“Orta Dəhlizin inkişafı, yeni dəmir yolu bağlantıları, elektron icazə və e-CMR kimi rəqəmsal mexanizmlərin tətbiqi TDT-ni yalnız siyasi və mədəni həmrəylik platforması deyil, eyni zamanda, real iqtisadi bağlantılar yaradan regional əməkdaşlıq mexanizminə çevirir. Bu baxımdan hesab edirəm ki, Bakı–Daşkənd müttəfiqliyinin güclənməsi, C6 formatının formalaşması və yeni nəqliyyat bağlantılarının inkişafı bir-birini tamamlayan proseslərdir. Nəticədə Azərbaycan və Mərkəzi Asiya arasında əməkdaşlıq daha institusional və qarşılıqlı əlaqəli xarakter alır, Xəzər isə iki regionu ayıran coğrafi məkan deyil, onları birləşdirən əsas nəqliyyat, enerji və iqtisadi bağlantı xəttinə çevrilir”, – deyən ekspert fikirlərini yekunlaşdırıb.
Müxbir - Səbinə Əlizadə