×
A
A
A
Sazlamalar

Ağdərə sakini: Arzularımızın gerçəkləşməsinin sevincini yaşayırıq

Ağdərə, 21 avqust, AZƏRTAC

Uşaqlığının ən gözəl illəri doğma Ağdərə rayonunda keçib. Qarabağı tərk edəndə cəmi 10 yaşı vardı. İllər ötüb, həyat davam edib. Elnarə Rüstəmova isə uşaqlıq illərində ayrıldığı doğma torpağa bu dəfə qızı, oğlu və nəvələri ilə birlikdə qayıdıb. 34 illik həsrətə son qoyulub.
Ağdərə rayonunun Çapar kəndinə köç edən keçmiş məcburi köçkün Elnarə Rüstəmova AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, ailəsi ilə birlikdə doğma torpağa qayıtmaq onun üçün uzun illərdən bəri ən böyük arzu olub.
“Sevincimizin həddi-hüdudu yoxdur. Keçirdiyim hissləri sözlə ifadə etmək çox çətindir. Qarabağı tərk edəndə 10 yaşım var idi. Bu gün isə 44 yaşımda yenidən doğma torpağıma qayıtmışam. Qızım, oğlum, nəvələrimlə birlikdə qayıtmışam. Bu, mənim üçün həyatda ən böyük sevinclərdən biridir”, – deyə E.Rüstəmova bildirib.
Oğlunun 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etdiyini vurğulayan keçmiş məcburi köçkün bu qayıdışın ailəsi üçün xüsusi məna daşıdığını söyləyib: “Bu sevinci bizə yaşadan, bizi torpaqlarımıza qovuşduran Prezidentimizə minnətdaram. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Oğlumun da Vətən uğrunda döyüşməsi, bu gün isə onunla birlikdə doğma yurda qayıtmağımız bizim üçün böyük qürurdur”.
Keçmiş məcburi köçkün ailəsi üçün yaradılan şəraitdən də razılığını ifadə edib. Onlara təqdim olunan evin 3 otaq, zal və mətbəxdən ibarət olduğunu deyən E.Rüstəmova doğma torpaqlarda gələcəyə böyük ümidlə baxdıqlarını vurğulayıb.
“İnşallah, doğma torpağımızda bundan sonra xoş günlər nəsibimiz olar. Ən böyük arzum budur ki, övladlarımız və nəvələrimiz burada rahat, firavan həyat sürsünlər. Biz illərlə bu günün həsrətini çəkdik. İndi isə həmin arzunun gerçəkləşməsinin sevincini yaşayırıq”, – deyə o əlavə edib.

Regionlar 2026-08-21 22:29:00