×
A
A
A
Sazlamalar

“Şükür bu günə ki, qayıtdıq” - keçmiş məcburi köçkünün qürur dolu anları

Xocalı, 21 avqust, AZƏRTAC

Daha bir qrup keçmiş məcburi köçkün üçün uzun illərdən bəri ürəklərdə yaşatdıqları yurd həsrəti bu gün sona çatdı, doğma Xocalı torpağı növbəti dəfə öz sakinlərinə qucaq açdı. Köç karvanı doğma yurda daxil olduqca illərdir gözlənilən o tarixi anın həyəcanı hər bir sakinin simasında aydın görünürdü.
İllər sonra öz ata-baba ocağına qədəm qoyan Xocalı rayonunun Ballıca kənd sakini İlqar Əhmədov duyğularını AZƏRTAC-ın bölgə müxbiri ilə bölüşüb: “Bu gün bizim üçün ən əziz gündür. Doğma torpaqlarımıza yenidən qayıtdığımız üçün çox sevinirik”.
Sevinc göz yaşları və böyük fəxarət hissi ilə kəndə qədəm qoyan keçmiş məcburi köçkün, bu Zəfər gününü xalqımıza bəxş edənləri ehtiramla anaraq sözlərinə belə davam edib: “Allah şəhidlərimizə rəhmət eləsin, qazilərə cansağlığı versin. Allah Prezidentimizi qorusun! Onların sayəsində torpaqlarımız azad oldu. Şükür bu günə ki, doğma yurdumuza, torpağımıza qayıtdıq. Çox gözəl gündür. Sevincimin həddi-hüdudu yoxdur”.
Xocalıda hər bir küçə işğaldan azad edilən torpaqlarımıza yenidən həyatın qayıtdığından xəbər verir. Sakinlərin gözlərindəki qürur və məğrurluq hissi Böyük Qayıdışın təkcə bir köç deyil, həm də milli qürurun və zəfərin təntənəsi olduğunu bir daha göstərir.
Qeyd edək ki, bu gün Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə 8 ailə, Xocalı rayonunun Badara kəndinə 5 ailə, Xanyurdu kəndinə 4 ailə, Xanabad kəndinə 8 ailə, Ballıca kəndinə 3 ailə, Təzəbinə kəndinə 14 ailə, Ağdərə rayonunun Kolatağ kəndinə 12 ailə, Həsənriz kəndinə 6 ailə, Aşağı Oratağ kəndinə 12 ailə, Çapar kəndinə 15 ailə köçürülüb. Beləliklə, bu gün, ümumilikdə, 335 nəfərdən ibarət 87 ailənin doğma yurda qayıdışı təmin olunub.

Regionlar 2026-08-21 20:56:00