


Bir əsrlik elm xəzinəsindən rəqəmsal kitabxanaya: 101 ilin uğur hekayəsi
Bakı, 19 avqust, AZƏRTAC
Bir xalqın intellektual tarixini yalnız alimlər, elmi kəşflər və mühüm hadisələrlə ölçmək olmaz. Bu tarixin formalaşmasında elmi irsi qoruyan və nəsildən-nəslə ötürən kitabxanaların da mühüm rolu var. Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) yaranmasından 101 il ötür.
MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov AZƏRTAC-a açıqlamasında Mərkəzi Elmi Kitabxananın Azərbaycan elmi irsi ilə paralel inkişaf edərək ölkənin elmi informasiya bazasının formalaşmasında mühüm rol oynadığını söyləyib. O bildirib ki, bu gün milyonlarla informasiya vahidini qoruyan, elektron və rəqəmsal resursları inkişaf etdirən Mərkəzi Elmi Kitabxana ənənəvi kitabxanaçılıqdan müasir elm və informasiya mərkəzinə qədər böyük inkişaf yolu keçib. XX əsrin əvvəllərindən etibarən burada milli tarix, dil, ədəbiyyat, etnoqrafiya və təbiət elmləri üzrə mənbələr toplanıb, alimlərin tədqiqatları üçün informasiya təminatı yaradılıb. 1945-ci ildən kitabxananın inkişafında yeni mərhələ başlayıb. Zənginləşən fonda monoqrafiyalar, jurnallar, dissertasiyalar, xəritələr, əlyazmalar və digər qiymətli sənədlər toplanaraq Azərbaycanın elmi inkişafını əks etdirən mühüm irs formalaşdırıb. Bu baxımdan MEK-in fondu yalnız kitab toplusu deyil, Azərbaycanın elmi yaddaşını və yüzillik intellektual tarixini qoruyan mühüm mənbədir.
Müsahibimiz vurğulayıb ki, XXI əsrdə kitabxananın gücü yalnız fondunun həcmi ilə deyil, informasiyanı necə idarə etməsi və istifadəçiyə nə qədər operativ təqdim etməsi ilə ölçülür. MEK-in inkişafında bu baxımdan mühüm dönüş yeni binanın yaradılması olub. Prezident İlham Əliyevin 2011-ci il 29 aprel tarixli Sərəncamı əsasında tikilmiş bina 2014-cü ildə istifadəyə verilib. Yeni məkanda elektron qeydiyyat və sifariş, kompüterləşdirilmiş xidmət, sürətli skan, elektron arxiv və rəqəmsallaşdırma imkanları yaradılıb. Vahid kompüter şəbəkəsi və elektron köşklər kitabxananın rəqəmsal transformasiyasına mühüm zəmin yaradıb. Beləliklə, kitabxana ənənəvi kitab saxlama məkanından informasiyanın idarə olunduğu müasir elmi platformaya çevrilməyə başlayıb. Bu gün ənənəvi fond, elektron kataloq, elektron kitabxana və virtual xidmətlər vahid informasiya mühitində birləşir.
Direktor qeyd edib ki, MEK-in müasir fəaliyyətində Azərbaycanın milli-tarixi irsinə aid kitabların, əlyazmaların, xəritələrin və digər materialların rəqəmsallaşdırılması və Milli Rəqəmsal Yaddaşa daxil edilməsi mühüm yer tutur. Beləliklə, vaxt və məsafə məhdudiyyəti aradan qalxır, Azərbaycan elmi-mədəni irsi həm ölkə daxilində, həm də dünyada tədqiqatçılar üçün əlçatan olur. Bu proses milli elmi yaddaşın qorunaraq gələcək nəsillərə və qlobal informasiya məkanına ötürülməsində strateji əhəmiyyət daşıyır.
“Son illərdə MEK-də həyata keçirilən rəqəmsal transformasiyanın miqyasını konkret göstəricilər də aydın şəkildə göstərir. Elektron kitabxana üçün 60 min tammətnli nəşr hazırlanıb, onların 35 mindən çoxu Elektron kitabxana bazasına, 645 min 572-dən artıq adda nəşrin biblioqrafik yazısı isə Elektron kataloq bazasına yerləşdirilib. Elektron kitabxana, onlayn sifariş və çatdırılma, elektron sərgilər və oxucu rəylərinin təhlili kimi xidmətlər Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemi əsasında təqdim edilib.
MEK-də kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması və elektron kataloqun yaradılmasında İRBİS64+ sistemindən istifadə olunur. 2024-cü ildən elektron kitabxananın qurulmasına başlanılması ilə kitabxana “kitabı tapmaq üçün kataloq” modelindən “elmi biliyə çıxış platforması” modelinə keçib. Tematik elektron layihələr və virtual sərgilər isə kitab, foto, video və arxiv materiallarını vahid rəqəmsal mühitdə birləşdirərək istifadəçiyə daha əhatəli informasiya təqdim edir.
Bu transformasiyanın növbəti mərhələsində süni intellekt mühüm yer tutur. 2026-cı ilin ilk yarısında Rəqəmsal Kitabxana və Süni İntellekt şöbəsinin yaradılması bu istiqamətin MEK üçün institusional prioritetə çevrildiyini göstərir. 2025-ci ildə Azərbaycan kitabxanaları arasında ilk dəfə MEK-də süni intellektəsaslı səsli axtarış sisteminin tətbiqi, hazırda isə süni intellektəsaslı İnklüziv Kitabxananın test mərhələsində olması bu yenilənmənin konkret nəticələridir.
Mərkəzi Elmi Kitabxananın gələcək inkişaf istiqamətlərindən biri müxtəlif elmi institutların informasiya resurslarının vahid elmi informasiya mühitində birləşdirilməsidir.
2025-ci ildən başlayaraq MEK-in dünyanın müxtəlif kitabxanaları ilə elektron əlaqələri genişlənib. Kitabxananın yeni veb-infrastrukturu vasitəsilə Azərbaycanın və dünyanın yüzlərlə kitabxanasına və məlumat bazasına keçid imkanları təqdim olunub. Eyni zamanda, MEK istifadəçilərinə beynəlxalq Hiperkitab, “Britannica Academic Edition” və “ProQuest Central” kimi ödənişli, həmçinin 150-yə yaxın açıq girişli tammətnli məlumat bazalarından, elektron kitabxanalardan və repozitoriyalardan istifadə imkanlarının təqdim edilməsi elmi tədqiqatların informasiya təminatının qlobal səviyyəyə çıxmasına xidmət edir.
101 il ərzində Mərkəzi Elmi Kitabxananın keçdiyi yol böyük transformasiyanı əks etdirir. MEK-in 101 illik tarixinin əsas dəyəri yalnız topladığı kitabların və xidmət göstərdiyi oxucuların sayı ilə ölçülmür. Əsas dəyər onun bir əsrdən artıq müddətdə Azərbaycan elmi ilə yanaşı addımlaması, alimlərin informasiya ehtiyaclarını təmin etməsi, milli elmi-mədəni irsi qoruması və bu irsi yeni nəsillərə çatdırmasıdır”, - deyə direktor bildirib.
BDU-nun Abituriyent Məlumat Mərkəzinə 600-dən çox müraciət daxil olub
Tarixi yaddaş və gündəlik həyat: keçmişi öyrənməyə hansı mənbələr kömək edir?
Bir əsrlik elm xəzinəsindən rəqəmsal kitabxanaya: 101 ilin uğur hekayəsi
AzTU tələbələri aqrar innovasiya “Bootcamp”ında startaplarını təqdim ediblər
Ülvi Kərimov: Xaricdə təhsil gələcək karyeram üçün möhkəm təməl yaradacaq