


Ülvi Kərimov: Xaricdə təhsil gələcək karyeram üçün möhkəm təməl yaradacaq
Bakı, 19 avqust, AZƏRTAC
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş çərçivəsində 2026-2027-ci tədris ili üzrə 20 nəfər Azərbaycan vətəndaşı Çinin nüfuzlu ali məktəblərində təhsil almaq imkanı qazanıb. Bu imkandan faydalanan azərbaycanlı gənclərdən biri də Ülvi Kərimovdur. O, Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində Şanxay Universitetində beynəlxalq biznes ixtisası üzrə magistratura təhsili almaq hüququ qazanıb.
Ülvi Kərimov Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH qruplarında beynəlxalq ticarət və logistika ixtisası üzrə bakalavriat təhsili alıb. Universitet illərində akademik fəaliyyətlə yanaşı, müxtəlif sahələrdə təcrübə qazanıb, “Bank Respublika”da işləyib, DOST Agentliyində könüllü olaraq çalışıb və İş Adamlarının Sosial Assosiasiyası çərçivəsində fəaliyyət göstərib.
Ülvi Kərimov AZƏRTAC-a müsahibəsində bildirib ki, Çin Hökuməti Təqaüd Proqramı haqqında xaricdə təhsil imkanlarını araşdırdığı zaman məlumat əldə edib. Onun sözlərinə görə, xaricdə magistratura təhsili almaq istəyi və Çinin həm təhsil, həm də gələcək karyera baxımından maraqlı istiqamət olması proqrama müraciət etməsində əsas amillərdən olub.
“Proqramın təhsili tam maliyyələşdirməsi, nüfuzlu universitetlərdə oxumaq imkanı yaratması və Çinin beynəlxalq ticarətdə böyük rol oynaması məni bu müraciəti etməyə daha da həvəsləndirdi. Sözün açığı, prosesin özü də kifayət qədər maraqlı və məsuliyyətli idi — sənədlərin hazırlanması, universitet və ixtisas seçimi, müraciətin tamamlanması və nəticəni gözləmək hər biri ayrı bir mərhələ kimi yadda qaldı. Ən çətin hissə isə bütün sənədləri dəqiq və düzgün şəkildə hazırlamaq, həm də seçim mərhələsində özünü ən yaxşı formada təqdim etmək idi. Bütün bu zəhmətin sonunda təqaüdü qazanmaq mənim üçün çox böyük sevinc və motivasiya oldu. Təhsilin ingilis dilində aparılması və seçdiyim ixtisasın bakalavr ixtisasımla birbaşa bağlı olması bu qərarı daha da möhkəmləndirdi. Mən beynəlxalq ticarət, biznes və logistika sahəsində əldə etdiyim bilikləri daha da dərinləşdirmək və inkişaf etdirmək istəyirəm. Şanxay Universitetini seçərkən təkcə akademik imkanlar deyil, həm də Şanxay kimi dünyanın ən böyük biznes mərkəzlərindən birində yerləşməsi mənim üçün çox önəmli idi. Düşünürəm ki, orada təhsil almaq mənə həm güclü nəzəri baza qazandıracaq, həm də beynəlxalq biznes mühitini real şəkildə yaxından tanımaq imkanı verəcək”, – deyə müsahibimiz bildirib.
Çində təhsil almaq qərarından danışan Ü.Kərimov bu ölkənin son illərdə dünya iqtisadiyyatında və xüsusilə beynəlxalq ticarətdə böyük rol oynadığını söyləyib. Onun sözlərinə görə, beynəlxalq ticarət və biznes üzrə təhsil alan gənc üçün Çində oxumaq həm nəzəri, həm də praktiki baxımdan əhəmiyyətlidir. Eyni zamanda, fərqli mədəniyyət və mühitdə yaşamaq şəxs inkişafı üçün yaxşı fürsətdir. Onun üçün Çində təhsil almaq yalnız magistr diplomu əldə etmək deyil, həm də yeni dünyagörüşü formalaşdırmaq, fərqli insanlarla ünsiyyət qurmaq və beynəlxalq təcrübə qazanmaq imkanıdır.
Həmsöhbətimiz əldə edəcəyi biliklərin Azərbaycanda beynəlxalq ticarət, logistika, ixrac-idxal əməliyyatları və biznes əlaqələrinin inkişafına töhfə verə biləcəyini düşünür. Azərbaycanın regionlararası ticarət və nəqliyyat dəhlizlərində mühüm mövqeyə malik olduğunu vurğulayan müsahibimiz beynəlxalq biznes və logistika üzrə peşəkar kadrların hazırlanmasının vacibliyini qeyd edib.
O bildirib ki, Çində təhsil müddətində əsas məqsədi beynəlxalq biznes sahəsində güclü akademik və praktiki biliklər əldə etmək, Çin biznes mühitini yaxından tanımaq, Çin dilini öyrənmək və müxtəlif ölkələrdən olan tələbələrlə əlaqələr qurmaqdır. Onun üçün bu təhsil yalnız diplom əldə etmək deyil, həm də gələcək karyerası üçün möhkəm təməl yaratmaqdır. İnanır ki, burada qazandığı hər bir yeni bilik və təcrübə gələcək fəaliyyətində ona fayda verəcək.
Ü.Kərimov beynəlxalq ticarət, logistika və biznes sahəsində fəaliyyət göstərmək istədiyini bildirib. Uzunmüddətli məqsədinin beynəlxalq səviyyədə fəaliyyət göstərən peşəkar mütəxəssis olmaq və qazandığı bilikləri Azərbaycanda tətbiq etmək olduğunu deyən Ü.Kərimov gələcəkdə öz biznesini qurmağı və beynəlxalq əlaqələri olan uğurlu şirkət yaratmağı da hədəflədiyini söyləyib.
Xaricdə təhsil almaq istəyən gənclərlə tövsiyələrini bölüşən Ü.Kərimov ilk növbədə məqsədin düzgün müəyyənləşdirilməsinin və prosesə ciddi yanaşılmasının vacibliyini diqqətə çatdırıb: “Bəzən nəticə dərhal əldə olunmur, amma davamlı çalışmaq və məqsəddən dönməmək sonda öz bəhrəsini verir. Hesab edirəm ki, xaricdə təhsil son məqsəd kimi deyil, insanın özünü inkişaf etdirməsi, yeni biliklər qazanması və gələcəkdə daha böyük uğurlara imza atması üçün bir vasitə kimi qiymətləndirilməlidir”.
Müxbir – Nərmin Muradzadə
Bir əsrlik elm xəzinəsindən rəqəmsal kitabxanaya: 101 ilin uğur hekayəsi
AzTU tələbələri aqrar innovasiya “Bootcamp”ında startaplarını təqdim ediblər
Ülvi Kərimov: Xaricdə təhsil gələcək karyeram üçün möhkəm təməl yaradacaq