×
A
A
A
Sazlamalar

Tarixi yaddaş və gündəlik həyat: keçmişi öyrənməyə hansı mənbələr kömək edir?

Bakı, 19 avqust, AZƏRTAC

Tarixi keçmişi yalnız böyük siyasi hadisələr, müharibələr, dövlət qərarları və tanınmış şəxsiyyətlərin fəaliyyəti ilə ölçmək mümkün deyil. Dövrün ruhunu, cəmiyyətin daxili münasibətlərini və insanların gündəlik həyatını anlamaq üçün daha kiçik, eyni zamanda, dəyərli izlərə də nəzər salmaq lazımdır. Xatirələr, məktublar, fotoşəkillər, gündəliklər və ailələrdə qorunan müxtəlif materiallar məhz bu baxımdan tarix elmi üçün mühüm mənbəyə çevrilə bilər.
Tarix üzrə fəlsəfə doktoru Mahir Qəribov AZƏRTAC-a açıqlamasında bildirib ki, tarix elmi yalnız rəsmi sənədlərlə məhdudlaşmır. Rəsmi sənədlər əsasən dövlət siyasəti, statistik göstəricilər, hüquqi aktlar və institusional proseslər barədə məlumat verir. Bu sənədlərdə insanların həmin hadisələri necə yaşadığı, gündəlik həyatlarına necə təsir etdiyi heç də hər zaman tam şəkildə əksini tapmır.
“Tarixçi üçün bu materiallar cəmiyyətin daxili dinamikasını və sosial münasibətləri izləməyə imkan verir. Xüsusilə, yazılı sənədlərlə yanaşı vizual və maddi mənbələr elmi dəyər daşıyır, çünki onlar keçmişin hiss oluna bilən tərəflərini qoruyub saxlayır”, – deyə M.Qəribov qeyd edib.

Gündəlik həyatın görünməyən tərəfləri

Böyük tarixi hadisələrin arxasında insanların yaşadığı adi günlər dayanır. Məktublar və gündəliklər ailə daxilindəki emosional bağları, qayğı və gözləntiləri, iqtisadi çətinliklərin təsirini açıqlaya bilər. Fotoşəkillər isə geyim tərzini, evin daxili tərtibatını, bayram mərasimlərini, iş və istirahət məkanlarını, hətta bədən dilini, sosial iyerarxiyanın görünən formasını daşıyır.
Müsahibimizin fikrincə, köhnə bir fotoşəkildə adi görünən geyim, məişət əşyası, yaşayış məkanının quruluşu və ya insanların bir-birinə münasibətdə davranışı müəyyən dövrün sosial mənzərəsi haqqında məlumat verə bilər. Bir ailə mərasiminin görüntüsü isə həmin dövrdə adət və ənənələrin necə yaşadıldığını göstərən vizual mənbəyə çevrilir. Bu cür materiallar rəsmi sənədlərdə haqqında az məlumat olan sosial qrupların həyatının araşdırılması baxımından da əhəmiyyətlidir. Qadınların, uşaqların, kənd əhalisinin və digər təbəqələrin gündəlik yaşamına dair bəzi məlumatlar məhz şəxsi materiallarda qorunub qala bilər.

Bir insanın taleyində bir dövrün izi


Bəzən bir ailədə illərlə qorunan material daha geniş əhəmiyyət daşıyan tarixi faktın üzə çıxmasına səbəb olur. M.Qəribov belə nümunələrdən biri kimi Azərbaycan Xalq Cümhuriyyətinin sonuncu daxili işlər naziri olmuş Mustafa Vəkilovla bağlı araşdırmasını xatırladıb. Onun sözlərinə görə, sənədli filmin çəkilişi vaxtı Mustafa Vəkilovun oğlu Nadir Vəkiloğlu ilə əlaqə saxlayıb, film üçün müsahibə verməsini, onlarda olan şəkil və sənədlərin lentə alınmasına icazə verməsini xahiş edib. Nadir Vəkiloğlu bunu çox məmnunluqla qarşılayıb, özü və bacısı TRT-nin dəstəyi ilə müsahibə veriblər. Azərbaycandan isə hərbi tədqiqatçı Şəmistan Nəzirli və həmin nəslin nümayəndəsi hüquqşünas Səməd Vəkilovdan müsahibə götürülüb.
TRT Bakı Təmsilçiliyinin həmin müsahibəni göndərməsindən sonra materiallar arasında yeni rəsmlər və sənədlər də diqqəti cəlb edib.
“1949-cu ildə Ankarada Azərbaycan Kültür Mərkəzi yaradılanda Mustafa Vəkilov ilk quruculardan biri olmuşdu və həmin gün çəkilən şəkillər arasında, həmçinin Məhəmməd Əmin Rəsulzadə və digər mühacirlərin fotoları var idi. Bu şəkil heç yerdə yayımlanmamışdı. İlk dəfə bizim hazırladığımız filmdə tamaşaçılara təqdim olundu”, – deyə M.Qəribov bildirib. Onun sözlərinə görə, həmin sənədlər arasında Mustafa Vəkilovun məktubu da olub. Nadir Vəkiloğlu həmin məktubu oxuyarkən göz yaşlarını saxlaya bilməyib, “kaş atam da Azərbaycanın müstəqilliyini görəydi” söyləyib.
Bu hadisə ailə yaddaşının bəzən tarixi araşdırmanın başlanğıc nöqtəsinə çevrilə bildiyini göstərir. İllərlə qorunan fotoşəkil və sənədlər burada yalnız bir şəxsin həyatına aid məlumat daşımır, eyni zamanda, Azərbaycan mühacirətinin müəyyən mərhələsinə dair yeni materialları üzə çıxarır.
M.Qəribov başqa bir fakt kimi 1918-ci il mart hadisələri zamanı öldürülən milyonçu Yusif Ağa Dadaşovla bağlı şəkil və sənədləri də qeyd edib. Onun sözlərinə görə, Yusif Ağa Dadaşovun nəvəsi Elmira Dadaşovadan müsahibə götürəndə onun şəkilləri və 1918-ci ilin martında ermənilər tərəfindən öldürüldüyünə dair rəsmi sənəd təqdim olunub. Elmira xanım deyib ki, babası xalqa qarşı qırğının qarşısını almaq üçün Rusiyadan gəmi ilə silah gətirib.
“Gəmi boşaldılıb və faytonlar Bakıya yox, rayonlara yola salınıb ki, ələ keçməsin. Təəssüf ki, erməni Lalayan bundan xəbər tutub. Yolda onun faytonunun qabağını kəsib, qeyri-bərabər döyüşdə (Lalayan öz dəstəsi ilə gedibmiş) Yusif Ağa Dadaşov şəhid olub. Təəssüf ki, bu gün onun məzar yeri də bilinmir. Ancaq Bakıda tikdiyi binalar onun ad və soyadını yaşadır”, – deyə tarixçi bildirib.

Müharibənin yaddaşda qalan izləri


Şəxsi materialların başqa bir xüsusiyyəti onların müharibə və köç kimi böyük tarixi prosesləri insan taleyi müstəvisində göstərməsidir.
M.Qəribov müsahibəsində İkinci Dünya müharibəsi dövründə Azərbaycandan müharibəyə getmiş, daha sonra Türkiyədə yaşamış Səftər Bakılı ilə bağlı çəkilmiş sənədli filmi də xatırladıb. Əslən Şabran rayonundan olan Səftər Bakılı müharibədən sonra Türkiyədə “Bakılı” soyadını götürüb və bu gün də onun övladları, oğul və qızları onun soyadını daşıyırlar.
Tarixçinin sözlərinə görə, həmin filmdə Səftər Bakılı əsir düşərgəsində olanda Mehdi Hüseynzadə və digər azərbaycanlılarla görüşməsi, qaçaraq partizanlara qoşulmaları ilə bağlı təəssüratlarını danışıb. Həmin dövrdə çəkilmiş fotoşəkillər isə cəbhədəki ağır şəraiti göstərib.
“Belə materiallar tarixçiyə keçmişi daha dolğun şəkildə təqdim etməyə imkanı verir”, – deyə M.Qəribov vurğulayıb.

Keçmişdən gələcəyə ötürülən yaddaş

M.Qəribovun fikrincə, ailə arxivləri yalnız keçmişi qorumaqla kifayətlənmir, eyni zamanda, gələcək nəsillər üçün elmi mənbə yaradır. Bu gün ailə üçün sadəcə yadigar olan bir fotoşəkil, məktub və ya sənəd gələcəkdə müəyyən dövrün sosial və mənəvi həyatını araşdıran tədqiqatçı üçün qiymətli mənbəyə çevrilə bilər.
“Onların sistemli toplanması və təhlili cəmiyyətin öz yaddaşına daha şüurlu, milli münasibət formalaşdırır. Nəticə etibarilə, sadə görünən yadigarlar tarix elminin dərinliyini və dəyərini ortaya qoyur”, – deyə tarix üzrə fəlsəfə doktoru Mahir Qəribov bildirib.
Tarixi yaddaş yalnız böyük hadisələrin xronologiyasından ibarət deyil. Onu tamamlayan xatirələr, fotoşəkillər, məktublar və müxtəlif sənədlər keçmişin gündəlik mənzərəsini də qoruyub saxlayır. Vaxtilə yalnız bir ailə üçün əhəmiyyət daşıyan belə materiallar illər sonra tarixçi üçün yeni sualların cavabına, unudulmuş bir faktın izinə və bütöv bir dövrün daha aydın görünən mənzərəsinə çevrilə bilər.

Müxbir - Lalə Minasazova

Elm və təhsil 2026-08-19 17:28:00