


Berlin divarının inşasından 65 il ötür: Almaniya tarixinin acı dərsləri və dinc sülh nümunəsi REPORTAJ VİDEO
Berlin, 13 avqust, AZƏRTAC
Bu gün Berlin daha bir tarixi və hüznlü günü – 65 il əvvəl şəhəri və Almaniyanı iki yerə bölən Berlin divarının tikintisinə başlanmasını yad edir. 1961-ci il avqustun 13-də keçmiş Almaniya Demokratik Respublikasının (ADR) rəhbərliyi əhalinin Qərbə kütləvi axınının qarşısını almaq məqsədilə Berlinin şərq və qərb hissələri arasında sərhəd qurğularının inşasına başladı. Hündürlüyü 4 metrə, şəhər mərkəzindən keçən hissəsi 43 kilometrə, ümumi uzunluğu isə 155 kilometrə çatan bu divar şəhəri, ailələri və bütövlükdə alman xalqını iki yerə böldü. Sonrakı illərdə bu sistem daha da möhkəmləndirilərək tikanlı məftillər, beton divarlar, müşahidə qüllələri və keçid məntəqələrindən ibarət geniş sərhəd xəttinə çevrildi. Aradan illər keçsə də, divarın qalıqları həmin acı tarixin canlı şahidi kimi qalmaqdadır.
AZƏRTAC xəbər verir ki, bölünmənin 65-ci ildönümü ilə əlaqədar bu gün Berlinin müxtəlif yerlərində anım mərasimləri keçirilib, divarı aşaraq Qərbi Berlinə keçməyə cəhd edərkən həyatını itirən 140 nəfərin xatirəsi ehtiramla yad olunub.
Günün əsas mesajları isə dövlət rəhbərliyi səviyyəsində səsləndirilib. Federal Kansler Fridrix Merts azadlıq və demokratiyanın verilmədiyini və onun uğrunda hər zaman mübarizə aparılmalı olduğunu xatırladıb: “Bu gün ölkəmiz bölündüyü dövrdən daha uzun müddətdir ki, vahiddir, biz azadlıq və sülh şəraitində yaşayırıq. Berlin divarının bizə verdiyi dərs isə bu gün də öz əhəmiyyətini qoruyur: azadlıq və demokratiya verilmir. Biz həmişə bu amallar uğrunda mübarizə aparmalıyıq”.
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer isə divarın inşasını ümidsiz bir uğursuzluğun bariz sübutu adlandıraraq qeyd edib: “Həmin gündən etibarən divar canlı bir şəhəri, ailələri, dostluqları və insan talelərini iki yerə böldü. O, uşaqları valideynlərindən, nəvələri babalarından və nənələrindən ayırdı və Almaniyanın bölünməsini 28 il müddətinə “möhkəmləndirdi”.
Anım günü münasibətilə şəhərin mərkəzində, Brandenburq qapısı yaxınlığında keçmiş sərhəd qurğularını və bölünmə tarixini xatırladan xüsusi stendlər və 30 metrlik instalyasiya ucaldılıb. Paytaxt sakinləri və turistlər burada qurulan informasiya panelləri vasitəsilə 28 il davam edən bölünmənin izlərini əks etdirən fotolar və məlumatlarla tanış olaraq, həmin dövrün “canlı” şahidinə çevrilirlər.
Günün mərkəzi tədbiri isə Bernauer küçəsində keçirilib. Bu küçə Berlin divarının tarixində xüsusi yer tutur. Divarın tikilməsi nəticəsində küçənin bir tərəfində binalar Şərqi Berlində, onların qarşısındakı hissə isə Qərbi Berlində qalıb. Bu səbəbdən Bernauer küçəsi bölünmənin və ailələrin bir-birindən ayrılmasının ən bariz simvollarından birinə çevrilmişdi. Lakin insanlar bu bölünmə ilə razılaşmır, Şərqi Berlindən qaçmaq üçün pəncərələrdən küçəyə atılır, yerin altı ilə gizli tunellər qazırdılar. Bu səddi keçməyə cəhd edənlərin bir çoxu həyatını itirdi. Rəsmi məlumatlara görə, divarın mövcud olduğu illərdə qaçış cəhdləri zamanı ən azı 140 nəfər həlak olub. Bu küçədə yerləşən Barışıq kilsəsi zolağın ortasında qaldığı üçün Şərqi Almaniya hakimiyyəti tərəfindən partladılmışdı. Şərqdən gələn metro qatarlarının dayanmadan keçdiyi qaranlıq stansiyalar isə tarixə “ruh stansiyaları” kimi daxil olub.
Uzun illər bu mənzərənin canlı şahidi olmuş Berlin sakini Herbert Hansen həmin acı günləri belə xatırlayır: “65 il əvvəl bu divar ucaldılanda mən Şərqi Almaniyada idim, ailəmin bir hissəsi isə Qərbdə idi. Bir günün içində doğmalarımızı görmək qeyri-mümkün oldu. Sərhəd birbaşa binaların fasadından keçirdi. Həmin vaxtlar neçə-neçə insan azadlığa qovuşmaq üçün pəncərələrdən tullandı, bəziləri həlak oldu”.
Tarix göstərdi ki, heç bir süni maneə insanların azadlıq əzmini boğa bilməz. Berlin divarları iki xalqı bir-birindən ayırmaq məqsədilə inşa olunsa da, birlik əzmindən heç vaxt geri çəkilməyən və sarsılmayan alman xalqı cəmi 28 il sonra bu maneəni tarixə qovuşdurdu. 1989-cu il noyabrın 9-da divarın yıxılması Almaniyanın demokratik, azad və vahid gələcəyə doğru yolunu açdı.
H.Hansen Berlinin bu kədərli təcrübəsinin bütün dünyaya vacib bir sülh mesajı olduğunu vurğulayır: “28 il davam edən bu bölünmə tamamilə əsassız idi. Amma ən mühüm dərs odur ki, divar yıxılanda tək bir güllə də atılmadı, hər şey dinc yolla həll olundu. Bu gün dünyada müharibələrin, qırğınların yaşandığı bir dövrdə digər xalqlar da Berlindən və alman xalqından sülh nümunəsi götürməlidirlər“.
Beləliklə, Berlin divarının süqutu alman xalqının demokratiya, azadlıq və birlik iradəsinin simvoluna çevrilməklə yanaşı, dinc yolla tarixi ədalətin bərpasının nümunəsi oldu. Bernauer küçəsindəki memorial kompleks həmin dövrün canlı şahidi olaraq qalır. Varşava küçəsi ətrafında yerləşən və divarın saxlanılan 1,3 kilometrlik ən uzun hissəsi - “East Side Gallery” isə dünyanın müxtəlif ölkələrini təmsil edən rəssamların çəkdikləri əsərlərlə artıq bölünmənin deyil, azadlığın, sülhün və dünya demokratiyası tarixinin mühüm dönüş nöqtəsinin rəmzi kimi qəbul edilir.
Böyük Britaniyada ilin ən isti günü qeydə alınıb: Temperatur 38,1 dərəcəyə çatıb
Roma yaxınlığındakı sursat zavodunda partlayış baş verib