×
A
A
A
Sazlamalar

APL Fantasy platformasında qeydiyyatdan keçənlərin sayı 10 000-i ötüb

Bakı, 13 avqust, AZƏRTAC

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) azarkeşlər üçün təqdim etdiyi yeni rəqəmsal futbol məhsulu — APL Fantasy platformasına maraq sürətlə artır. Platformada qeydiyyatdan keçən istifadəçilərin sayı artıq 10 000 nəfəri ötüb.
AFFA-dan AZƏRTAC-a bildirilib ki, APL Fantasy həm Google Play, həm də App Store platformalarında Azərbaycanda “İdman” kateqoriyası üzrə 1-ci pilləyə yüksəlib. Bu göstəricilər Azərbaycan futbolsevərlərinin yeni rəqəmsal məhsula olan yüksək marağını və platformanın qısa müddət ərzində qazandığı populyarlığı nümayiş etdirir.
APL Fantasy Azərbaycan Premyer Liqasının azarkeşlərinə öz futbol biliklərini sınamaq, virtual komanda qurmaq, digər iştirakçılarla rəqabət aparmaq və mövsüm ərzində müxtəlif mükafatlar qazanmaq imkanı yaradır. İştirakçılar Premyer Liqanın real futbolçularından ibarət komandalarını formalaşdıraraq hər turun nəticələrinə uyğun xallar toplayır və ümumi reytinqdə daha yüksək mövqelər uğrunda mübarizə aparırlar.
Platformanın ilk mühüm göstəricilərinin Azərbaycan Premyer Liqasının yeni — 2026/27 mövsümünün başlaması ərəfəsində əldə olunması xüsusi əhəmiyyət daşıyır. Yeni mövsüm 14 avqust tarixində “Turan Tovuz” – “Qəbələ” oyunu ilə start götürəcək. Beləliklə, futbolsevərlər yeni çempionatla yanaşı, APL Fantasy-də də öz komandalarını quraraq mövsümün ilk turundan etibarən mübarizəyə qoşula biləcəklər.
Mövsüm ərzində APL Fantasy iştirakçılarını müxtəlif mərhələlər üzrə mükafatlar gözləyir. Qaliblər hər turun nəticələrinə əsasən, aylıq reytinqlər üzrə və mövsümün yekununda müəyyən ediləcəklər. Azərbaycan Premyer Liqasının 33 turluq mövsümünün sonunda isə ən uğurlu iştirakçılar xüsusi və dəyərli baş mükafatlar uğrunda mübarizə aparacaqlar.
AFFA-nın yeni rəqəmsal məhsulunun əsas məqsədi Azərbaycan futboluna marağı daha da artırmaq, azarkeşlərin çempionatla qarşılıqlı əlaqəsini gücləndirmək və futbolsevərlərə müasir, interaktiv futbol təcrübəsi təqdim etməkdir.

İdman 2026-08-13 17:54:00