×
A
A
A
Sazlamalar

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Şəki, 7 avqust, AZƏRTAC

Yeni tədris ili ərəfəsində Şəki-Zaqatala bölgəsinin təhsil müəssisələrində genişmiqyaslı tikinti-təmir işləri aparılır.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, hazırda region üzrə 90 ümumi təhsil müəssisəsində müxtəlif həcmli təmir işləri görülür. İki məktəbdə tikinti-təmir işləri artıq başa çatıb. Digər məktəblərdə isə təmir işləri sentyabr ayınadək yekunlaşdırılacaq. Bununla yanaşı, Balakən rayonunun Bedağar kəndində 180 şagird yerlik yeni məktəb binası tikilib və sentyabrın 15-də istifadəyə veriləcək. Zaqatala İnternat tipli gimnaziyada isə əsaslı təmir işləri davam edir və müəssisə yeni dərs ilində yenilənmiş şəraitdə fəaliyyət göstərəcək.
Məktəbəqədər təhsil müəssisələrində də infrastruktur yenilənir. Hazırda 8 uşaq bağçasında əsaslı təmir aparılır, daha 8 bağçada isə yaxın vaxtlarda işlərə başlanılacaq. Ümumilikdə 16 uşaq bağçasının əsaslı təmiri nəzərdə tutulur.

Müxbir - Rasim İslamoğlu

Regionlar 2026-08-07 22:16:00