×
A
A
A
Sazlamalar

Vaşinqton görüşündə Azərbaycanın irəli sürdüyü prinsipial mövqelər aktuallığını qorudu - ŞƏRH

Bakı, 7 avqust, AZƏRTAC
Azərbaycan heç vaxt indiki qədər güclü, beynəlxalq münasibətlər sistemində söz sahibi və nüfuzlu dövlət olmayıb. Son illər həyata keçirilən ardıcıl daxili və xarici siyasət nəticəsində ölkəmiz regionun əsas siyasi, iqtisadi və nəqliyyat mərkəzlərindən birinə çevrilib. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasını müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirən Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq mövqeyini daha da möhkəmləndirib, ölkənin milli maraqlarının qətiyyətlə qorunmasını təmin edib. Bu siyasətin nəticələri həm hərbi, həm də diplomatik müstəvidə özünü açıq şəkildə göstərməkdədir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Kamilə Əliyeva söyləyib.
O bildirib ki, Prezident İlham Əliyev Vətən müharibəsində Azərbaycanın tarixi Qələbəsinə rəhbərlik etdiyi kimi, 2025-ci il avqustun 8-də Amerika Birləşmiş Ştatlarında (ABŞ) keçirilən görüşdə də diplomatiya və siyasət müstəvisində mühüm nəticələrin əldə olunmasına nail oldu: “Bu hadisə təkcə region üçün deyil, beynəlxalq ictimaiyyət üçün də xüsusi maraq doğurdu. Həmin gün dünyanın diqqəti ABŞ-yə yönəlmişdi. ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş, eləcə də imzalanan sənədlər beynəlxalq siyasətin əsas gündəm mövzularından birinə çevrilmişdi”.
Kamilə Əliyeva diqqətə çatdırıb ki, Vaşinqtonda baş tutan görüşün ən mühüm nəticələrindən biri Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətninin paraflanması oldu. Bununla yanaşı, Azərbaycanın əvvəldən irəli sürdüyü prinsipial mövqelər də öz aktuallığını qorudu. Yekun sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların dəyişdirilməsi vacib şərt kimi qalır. Bu, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin ardıcıl şəkildə müdafiə olunduğunu göstərən əsas məqamlardan biridir.
“Xüsusilə vurğulanmalıdır ki, Vətən müharibəsində əldə olunan Qələbədən dərhal sonra Azərbaycan qalib dövlət kimi revanşizm deyil, sülh gündəliyini irəli sürdü. Prezident İlham Əliyev tərəfindən Ermənistana təqdim edilən beş prinsip regionda uzunmüddətli sabitliyin və mehriban qonşuluq münasibətlərinin formalaşdırılmasına hesablanmışdı.
Həmin prinsiplər beynəlxalq hüququn norma və prinsiplərinə söykənir və dövlətlərin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə hörmət etməsini əsas götürür. Bu baxımdan Ermənistan Konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının aradan qaldırılması davamlı sülhün təmin olunmasının vacib elementlərindən biri kimi qiymətləndirilir.
Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanan Birgə Bəyannamədə ATƏT-in Minsk qrupunun fəaliyyətinə son verilməsi, eləcə də Zəngəzur istiqamətində yeni nəqliyyat-kommunikasiya imkanlarının yaradılması ilə bağlı müddəalar da öz əksini tapdı. Bu istiqamətdə əldə olunan razılaşmalar regionda iqtisadi inteqrasiyanın genişlənməsi, yükdaşımaların sürətlənməsi və yeni əməkdaşlıq platformalarının formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Zəngəzur marşrutunun istifadəyə verilməsi Azərbaycandan Naxçıvana maneəsiz gediş-gəlişin təmin olunmasına, bütövlükdə isə Orta Dəhlizin imkanlarının daha da genişlənməsinə xidmət edəcək.
Əldə olunan nəticələr onu göstərir ki, Prezident İlham Əliyevin sülh prosesinin başlanğıcından etibarən irəli sürdüyü əsas prinsiplər beynəlxalq səviyyədə müzakirə olunan sənədlərdə öz əksini tapıb. Bu isə Azərbaycanın prinsipial və ardıcıl diplomatik xəttinin mühüm nəticəsi kimi qiymətləndirilə bilər”, - deyə o vurğulayıb.
Professor əlavə edib ki, xarici siyasətdə əldə edilən uğurlar Azərbaycanın beynəlxalq nüfuzunun daha da artdığını, ölkənin regional və qlobal proseslərdə rolunun gücləndiyini nümayiş etdirir: “Bu nəticələr uzun illər həyata keçirilən ardıcıl dövlət siyasətinin və diplomatik fəaliyyətin məntiqi davamı kimi dəyərləndirilir. Azərbaycan bundan sonra da milli maraqlarını əsas tutaraq beynəlxalq əməkdaşlığı genişləndirməyə, regionda sülhün, təhlükəsizliyin və qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verməyə davam edəcək. Bu istiqamətdə atılan addımlar ölkəmizin beynəlxalq mövqeyinin daha da güclənməsinə, Cənubi Qafqazda sabitliyin və inkişafın təmin olunmasına xidmət edəcək”.

2026-08-07 10:57:00