


Deputat: Uşaqların rəqəmsal təhlükəsizliyinin qorunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir
Bakı, 6 avqust, AZƏRTAC
Azərbaycanda uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin gücləndirilməsi istiqamətində qanunvericiliyə edilən son dəyişikliklər sosial şəbəkə platformaları üçün yeni hüquqi öhdəliklər müəyyənləşdirir. Yeni tələblər yaşı 16-dan az olan şəxslərin platformalarda qeydiyyatının məhdudlaşdırılmasını, yaşın yoxlanılması mexanizmlərinin tətbiqini, zərərli məzmunun qarşısının operativ alınmasını və provayderlərin məsuliyyətinin artırılmasını nəzərdə tutur. Ekspertlər hesab edirlər ki, bu dəyişikliklər uşaqların rəqəmsal hüquqlarının qorunması ilə yanaşı, ölkədə rəqəmsal təhlükəsizlik sisteminin beynəlxalq təcrübəyə uyğun şəkildə təkmilləşdirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir.
Mövzu ilə bağlı AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, Azərbaycanda uşaqların rəqəmsal mühitdə zərərli təsirlərdən və məzmunlardan qorunması istiqamətində atılan addımlar son dərəcə vacib və aktualdır. Bu sahədə qəbul edilən yeni qərarlar dövlətin uşaqların təhlükəsizliyinin təmin olunmasına xüsusi həssaslıqla yanaşdığını göstərir.
Deputat deyib ki, bir müddət əvvəl Prezident İlham Əliyevin uşaqların rəqəmsal mühitdə zərərli təsir və məzmundan qorunması ilə bağlı imzaladığı Sərəncam bu istiqamətdə mühüm hüquqi baza formalaşdırıb. "Bu gün dünyada uşaqların rəqəmsal təhlükəsizliyi ciddi problemlərdən biridir. Sevindirici haldır ki, Azərbaycan bu sahədə ən operativ addım atan ölkələrdən biri oldu. Qəbul edilən qərarlar həm uşaqların qorunması mexanizmlərinin yaradılması, həm də hüquqi tənzimləmə baxımından xüsusi əhəmiyyət daşıyır. Yeni qanunvericilikdə inzibati məsuliyyət və cərimələrin nəzərdə tutulması da xüsusi əhəmiyyət kəsb edir. İstənilən məsələdə hüquqi tənzimləmə ilə yanaşı, onun praktik icrası da vacibdir. Hesab edirəm ki, bu qərarlar hüquqi baxımdan çox ciddi töhfə verəcək və uşaqların rəqəmsal mühitdə daha təhlükəsiz fəaliyyət göstərməsinə imkan yaradacaq", – deyə o vurğulayıb.
Ceyhun Məmmədovun sözlərinə görə, tətbiq mərhələsində müəyyən texniki prosedurların həyata keçirilməsinə ehtiyac yarana bilər. Lakin qanunun qüvvəyə minməsi üçün nəzərdə tutulan keçid müddəti də məhz bu texniki mexanizmlərin hazırlanmasına xidmət edir: " Düşünürəm ki, aidiyyəti qurumlar bu məsələlərin həlli istiqamətində üzərlərinə düşən vəzifələri uğurla yerinə yetirəcəklər. Texniki çətinliklərin aradan qaldırılması üçün kifayət qədər imkanlar mövcuddur. Hüquqi mexanizmlərlə yanaşı, valideynlərin məsuliyyəti də xüsusi əhəmiyyət daşıyır.Valideyn uşağı sosial şəbəkələrdən uzaq durmağa çağırıb, özü bütün vaxtını sosial mediada keçirərsə, bu, istənilən nəticəni verməyəcək. Ona görə də valideynlər övladlarına daha çox vaxt ayırmalı, onların rəqəmsal mühitdən təhlükəsiz istifadə vərdişlərinin formalaşmasına dəstək olmalıdırlar. Bu məsələdə ailənin rolu olduqca böyükdür. Beynəlxalq təcrübə də bu istiqamətdə oxşar yanaşmaların tətbiq olunduğunu göstərir. Bu qərarı qəbul edən yalnız Azərbaycan deyil. Azərbaycandan əvvəl bir sıra Avropa ölkələri bu istiqamətdə addımlar atıb. Türkiyədə və Rusiyada da analoji hüquqi tənzimləmələr üzərində iş aparılır. Azərbaycanın bu prosesi ilk həyata keçirən ölkələrdən biri olması isə dövlətimizin başçısının bu məsələyə verdiyi xüsusi önəmin göstəricisidir".
Deputat qeyd edib ki, uşaqların zərərli informasiya və məzmundan qorunması dövlət və cəmiyyət üçün strateji əhəmiyyət daşıyır. "Biz uşaqlarımızı, gənclərimizi zərərli təsirlərdən qorumalıyıq. Onlar Azərbaycanın gələcəyidirlər. Buna görə də bu məsələyə həm dövlət qurumları, həm valideynlər, həm də bütövlükdə cəmiyyət böyük həssaslıqla yanaşmalıdır", – deyə Ceyhun Məmmədov diqqətə çatdırıb.
Müxbir - Səbinə Əlizadə