


Türk ekspert: İssık-Kulda “Baku Resort & Spa”nın açılması Türk dünyasının ortaq turizm məkanının formalaşmasına xidmət edəcək
Bakı, 6 avqust, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində İssık-Kul gölü sahilində “Baku Resort & Spa” hotelinin açılışı türk dövlətləri arasında turizm sahəsində əməkdaşlığın yeni mərhələyə yüksəldiyini nümayiş etdirən mühüm hadisələrdən biridir. Layihə yalnız yeni turizm obyektinin istifadəyə verilməsi ilə məhdudlaşmır, eyni zamanda, ortaq Türk dünyasının turizm potensialının vahid platformada birləşdirilməsi istiqamətində atılan strateji addım kimi qiymətləndirilə bilər.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında türkiyəli turizm eksperti Soner Kılıç deyib.
Ekspert bildirib ki, son illər Azərbaycan ilə Qırğızıstan arasında siyasi dialoqun, iqtisadi tərəfdaşlığın və humanitar əlaqələrin intensivləşməsi turizm sektorunda da real nəticələr verməyə başlayıb. Prezident İlham Əliyevin Qırğızıstana səfəri çərçivəsində istifadəyə verilən “Baku Resort & Spa” bu əməkdaşlığın ən uğurlu nümunələrindən biri hesab oluna bilər.
Onun sözlərinə görə, İssık-Kul gölü Mərkəzi Asiyanın ən tanınmış turizm istiqamətlərindən biri olmaqla yanaşı, böyük beynəlxalq turizm potensialına malikdir. Məhz belə bir məkanda Azərbaycan brendinin təmsil olunması ölkənin turizm sektorunda artan nüfuzunu nümayiş etdirir.
“Bu layihə sübut edir ki, türk dövlətləri artıq münasibətlərini yalnız siyasi və iqtisadi sahələrlə məhdudlaşdırmır, eyni zamanda, turizm sənayesində də uzunmüddətli strateji tərəfdaşlıq modeli formalaşdırırlar. Bir ölkənin investisiyasının digər qardaş ölkədə turizm infrastrukturunun inkişafına yönəldilməsi ortaq iqtisadi məkanın möhkəmlənməsinə mühüm töhfə verir”, – deyə Soner Kılıç vurğulayıb.
Ekspert qeyd edib ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində son illər həyata keçirilən təşəbbüslər ortaq turizm marşrutlarının yaradılması, tarixi İpək Yolunun turizm potensialının daha səmərəli istifadəsi, ortaq mədəni irsin beynəlxalq səviyyədə tanıdılması və turizm sahəsində qarşılıqlı investisiyaların artırılması baxımından mühüm perspektivlər açır.
Onun sözlərinə görə, “Baku Resort & Spa” layihəsi də məhz bu strategiyanın tərkib hissəsi kimi qiymətləndirilməlidir: “Bu gün dünya turizm bazarında turistlər artıq təkcə bir şəhəri və ya bir ölkəni deyil, eyni səfər çərçivəsində müxtəlif istiqamətləri ziyarət etməyə üstünlük verirlər. Türk dövlətləri arasında yaradılan belə layihələr ortaq turizm paketlərinin hazırlanmasına, vahid marşrutların formalaşdırılmasına və regionun beynəlxalq bazarda daha rəqabətqabiliyyətli məhsul kimi təqdim edilməsinə imkan yaradır”, – deyə ekspert bildirib.
Soner Kılıç hesab edir ki, Azərbaycanın turizm sahəsində qazandığı təcrübə, müasir hotellərin idarə olunması modeli, xidmət keyfiyyəti və beynəlxalq tədbirlərin təşkili istiqamətində formalaşdırdığı potensial digər türk dövlətləri üçün də faydalı təcrübə rolunu oynaya bilər.
O bildirib ki, bu cür investisiyalar təkcə turizm sektorunun inkişafına deyil, həm də yerli məşğulluğun artmasına, xidmət sahəsinin genişlənməsinə, kiçik və orta sahibkarlığın inkişafına müsbət təsir göstərir.
Ekspert əlavə edib ki, Prezident İlham Əliyevin Qırğızıstana səfəri zamanı həyata keçirilən bu layihə gələcəkdə turizm, nəqliyyat, xidmət sektoru və investisiya sahələrində yeni ortaq layihələrin reallaşdırılması üçün də əlverişli zəmin yaradır.
“İnanıram ki, İssık-Kul gölü sahilində fəaliyyətə başlayan “Baku Resort & Spa” yaxın illərdə Türk dünyasının ən uğurlu ortaq turizm layihələrindən birinə çevriləcək. Bu, yalnız Azərbaycan və Qırğızıstan üçün deyil, bütövlükdə türk dövlətlərinin qlobal turizm bazarında vahid və güclü brend kimi mövqeyinin möhkəmlənməsinə xidmət edəcək”, - deyə Soner Kılıç fikrini yekunlaşdırıb.