


Azərbaycan Avrasiyada mühüm nəqliyyat və logistika qovşaqlarından birinə çevrilib- ŞƏRH
Bakı, 7 avqust, AZƏRTAC
Orta Dəhlizin gündən-günə artan əhəmiyyəti fonunda Azərbaycan öz geosiyasi və geoiqtisadi mövqeyini daha da gücləndirib. Bunun əsas səbəbi isə məhz Orta Dəhlizin bugünkü səviyyəyə çatdırılmasında və onun qlobal əhəmiyyətinin artırılmasında Prezident İlham Əliyevin təşəbbüsləri və həyata keçirdiyi layihələrdir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyası rektorunun müşaviri, politoloq Zaur Məmmədov söyləyib.
O bildirib ki, vaxtilə Orta Dəhliz bir çoxlarının diqqət mərkəzində deyildi. Lakin Prezident İlham Əliyev hələ 44 günlük Vətən müharibəsindən əvvəl Şərqlə Qərbi birləşdirən nəqliyyat-kommunikasiya marşrutlarının inkişafı istiqamətində mühüm addımlar atmışdı. Həmin dövrdə Bakı–Tbilisi–Qars dəmir yolu layihəsi istifadəyə verildi, Xəzər dənizinin karbohidrogen resurslarının Avropaya nəqli istiqamətində mühüm nailiyyətlər əldə olundu.
“44 günlük müharibədən sonra isə diqqət yaşıl enerji və alternativ enerji layihələrinə yönəldi. Mərkəzi Asiya və Xəzər hövzəsindən Avropaya, eləcə də əks istiqamətdə enerji ötürülməsi ilə bağlı Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslər yeni əməkdaşlıq imkanları yaratdı. Bunun nəticəsidir ki, artıq Qazaxıstanla Azərbaycan arasında Xəzər dənizinin dibi ilə çəkilən optik kabel layihəsinin başa çatdırıldığı barədə məlumat yayıldı. Bu, region üçün mühüm strateji layihələrdən biridir.
Demək olar ki, Azərbaycan rəhbərliyi regionun şimalında və cənubunda baş verə biləcək geosiyasi gərginlikləri əvvəlcədən nəzərə alaraq ölkəni bu proseslərə hazırlamışdı. Nəticədə bu gün dünyanın mürəkkəb geosiyasi mərhələdən keçdiyi bir dövrdə Azərbaycan daha dayanıqlı və etibarlı tərəfdaş kimi çıxış edir”,- deyə Z.Məmmədov vurğulayıb.
Politoloq əlavə edib ki, Çinin bu layihələrə qoşulması, Avropanın müxtəlif istiqamətlər üzrə iştirakının təmin olunması da uzun illər Azərbaycan diplomatiyasının həyata keçirdiyi ardıcıl fəaliyyətin nəticəsidir. Bu gün artıq Azərbaycanın Avrasiyada mühüm nəqliyyat və logistika qovşaqlarından birinə çevrildiyini müşahidə edirik. Bir sıra beynəlxalq layihələrin təşəbbüskarı məhz Azərbaycandır, digər mühüm layihələrdə isə ölkəmiz fəal iştirakçı kimi çıxış edir. Mərkəzi Asiyada, Qırğızıstanda keçirilən son sammit də bir daha göstərdi ki, rəsmi Bakı regionun əsas açar nöqtələrindən biridir. Prezident İlham Əliyev mühüm beynəlxalq platformalarda fəal iştirak edərək Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində ardıcıl addımlar atır. Yaxın aylarda, o cümlədən 2026-cı ilin sonunadək keçiriləcək nüfuzlu beynəlxalq tədbirlərdə Azərbaycanın iştirakı ölkəmizin Cənubi Qafqazda sabitliyin qorunmasına töhfə verən, eyni zamanda, Avrasiyada təsir imkanlarına malik orta güc kimi mövqeyini daha da möhkəmləndirəcək.
Azərbaycan-Ukrayna münasibətləri: Strateji tərəfdaşlığın yeni vizyonu - TƏHLİL
Vaşinqton görüşündə Azərbaycanın irəli sürdüyü prinsipial mövqelər aktuallığını qorudu - ŞƏRH
Azərbaycan Avrasiyada mühüm nəqliyyat və logistika qovşaqlarından birinə çevrilib- ŞƏRH
Azərbaycan-Qırğızıstan əlaqələri konkret nəticələrə söykənən iqtisadi modelə çevrilməkdədir- ŞƏRH