


Azərbaycan-Ukrayna münasibətləri: Strateji tərəfdaşlığın yeni vizyonu - TƏHLİL
Bakı, 7 avqust, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri iki ölkə arasında hüquq-müqavilə bazası əsasında formalaşmış əlaqələri irəliyə aparmaq məqsədi daşıyır. Çünki Azərbaycanın Ukrayna ilə dərin mədəni, iqtisadi və siyasi əlaqələri mövcuddur. Qeyd etməliyik ki, strateji tərəfdaşlıq vizyonu bir çox cəhətdən Azərbaycan-Ukrayna əlaqələrində mərkəzi yer tutur.
Azərbaycanın Ukrayna münaqişəsinin həlli ilə bağlı mövqeyi
Azərbaycan-Ukrayna strateji tərəfdaşlığı ikitərəfli əlaqələrlə məhdudlaşmayaraq, regional və beynəlxalq təhlükəsizlik məsələlərini də əhatə edir.
Ona görə də Ceyhun Bayramovun səfəri regiondakı münaqişənin davam etməsi fonunda Azərbaycanın böhranın həlli ilə bağlı strateji cəhətdən dəyərləndirilən yanaşmalarını ortaya qoyur.
Rəsmi Bakı Rusiya-Ukrayna münaqişəsinin davam etməsini regionun təhlükəsizliyi üçün problematik hesab edir. Azərbaycan dövləti geosiyasi düyünlərin açılması və mürəkkəb təhlükəsizlik problemlərinin həlli üçün səy göstərən tərəf kimi beynəlxalq tərəfdaşların diqqətindədir.
Bu mənada, XİN başçısının Ukraynaya səfəri ümumi kontekstdə Azərbaycanın münasibətləri inkişaf etdirmək təşəbbüsləri ilə regional problemlərin həllinə töhfə səylərini birləşdirir. Azərbaycan həm Ukrayna, həm də Rusiya ilə əlaqələrə önəm verir. Rəsmi Bakı hər iki tərəflə konstruktiv münasibətlərini qoruyaraq, münaqişənin yalnız siyasi-diplomatik vasitələrlə, BMT Nizamnaməsi, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin vacibliyini vurğulayır.
Bu, geosiyasi təhlükəsizlik mühitində balansın qorunmasını əhatə edən mühüm yanaşma olmaqla, beynəlxalq hüququn münaqişələrin yekunlaşması ilə bağlı yanaşmalarına da müsbət təsir göstərir.
Azərbaycan-Ukrayna münasibətlərində yeni dinamika
Nazir Ceyhun Bayramov səfər çərçivəsində ukraynalı həmkarı Andrey Sibiqa ilə görüşüb və Prezident Volodimir Zelenski tərəfindən qəbul edilib. O, Ukrayna Prezidentinə Cənubi Qafqazda münaqişədən sonrakı reallıqlar, sülh gündəliyinin irəlilədilməsi istiqamətində göstərilən səylər, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri barədə məlumat verib.

Görüşlərdə iki dövlətin strateji tərəfdaşlığının əhəmiyyəti və perspektivləri ilə bərabər, regional və beynəlxalq münasibətlər, o cümlədən Cənubi Qafqazda Azərbaycanın reallıq yaratmaq təcrübəsi ətrafında fikir mübadilələri aparılması diqqəti üç məqama yönəldir:
Müzakirələrin qayəsi strateji tərəfdaşlığın mövcud və gələcək vəziyyətinin keyfiyyətcə yeni mərhələ kimi xarakterizə olunması üzərində qurulub. Bu xüsusda Azərbaycanın Cənubi Qafqazdakı dominant geosiyasi mövqeyi onun Avropa regionunda strateji əhəmiyyətini artırır.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki əhəmiyyətli rolu fonunda Ukraynaya qaz ixracı imkanlarının nəzərdən keçirilməsi maraq doğurur.
Azərbaycan regionda çoxvektorlu əməkdaşlığa maneə yaradan məhdudiyyətləri aradan qaldırmaq siyasətini strukturlaşdırır. Buraya Azərbaycanın Avro-Atlantik məkanın təhlükəsizlik arxitekturasındakı rolu, onun çoxşaxəli xarici siyasət strategiyası, o cümlədən Ukrayna ilə əlaqələri daxildir.
Ukrayna da öz növbəsində Azərbaycanın səylərini dəstəkləməklə Bakının prioritetlərini Avropanın təhlükəsizliyinə investisiya kimi qiymətləndirir.
Bütövlükdə Ceyhun Bayramovun Ukraynaya səfəri Bakının Kiyevlə münasibətlərdə genişləndirilmiş vizyonunu ortaya qoyur. Bu, perspektiv üçün qarşılıqlı dəstək mexanizmlərinin inteqrasiyasından tutmuş uzunmüddətli dövrdə daha dərinləşdirilmiş strateji əlaqələrin potensialını nümayiş etdirir.
Azərbaycan-Ukrayna münasibətləri: Strateji tərəfdaşlığın yeni vizyonu - TƏHLİL
Ukrayna Prezidenti Volodimir Zelenski Ceyhun Bayramovu qəbul edib
Ərəb Dövlətləri Liqasının Bakıda ofisinin açılması perspektivləri müzakirə edilib
Ceyhun Bayramov: Zərurət yaranarsa, dost Ukraynaya da qaz tədarük etməkdən məmnun olarıq VİDEO