×
A
A
A
Sazlamalar

Ukrayna Prezidenti Volodimir Zelenski Ceyhun Bayramovu qəbul edib

Bakı, 6 avqust, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi səfəri çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən qəbul edilib.
Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Görüş zamanı Azərbaycan ilə Ukrayna arasında strateji tərəfdaşlıq münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, siyasi dialoq, enerji, nəqliyyat, humanitar əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan ilə Ukrayna arasında dostluq və qarşılıqlı hörmətə əsaslanan strateji tərəfdaşlıq münasibətlərinin inkişafının önəmi vurğulanıb. Gələn il diplomatik münasibətlərin qurulmasının 35 illiyinin qeyd olunacağı, ötən dövr ərzində yüksəksəviyyəli siyasi dialoqun və qarşılıqlı səfərlərin ikitərəfli əməkdaşlığın inkişafına mühüm töhfə verdiyi qeyd edilib.
Prezident Zelenskinin cari ilin aprel ayında Azərbaycana həyata keçirdiyi səfərin və səfər çərçivəsində əldə olunmuş razılaşmaların ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsi baxımından əhəmiyyət daşıdığı bildirilib.
Görüşdə regional təhlükəsizlik məsələləri, Ukraynada mövcud vəziyyət, habelə beynəlxalq gündəlikdə duran digər aktual mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycanın Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə ardıcıl dəstək verdiyi bir daha diqqətə çatdırılıb.
Prezident Zelenski Ukraynaya humanitar dəstəyə görə Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə dərin minnətdarlığını bildirib.
Azərbaycan ilə Ukrayna arasında münasibətlərin bundan sonra da inkişaf etdirilməsi və müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsinə dair ortaq niyyət ifadə olunub.

Siyasət 2026-08-06 22:35:00