


Azərbaycan Mərkəzi Asiyanı Türkiyə və Avropa ilə birləşdirən etibarlı nəqliyyat-logistika körpüsüdür ŞƏRH
Bakı, 4 avqust, AZƏRTAC
Azərbaycanla Qırğızıstan arasında münasibətlər ortaq tarixə, dilə və mənəvi dəyərlərə söykənən qardaşlıq əlaqələri konkret strateji hədəflər və uzunmüddətli əməkdaşlıq mexanizmləri ilə tamamlanır. Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri və səfər çərçivəsində iki ölkə arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması bu baxımdan tarixi əhəmiyyət daşıyır. Dövlətlərarası Şuranın üçüncü iclası və imzalanan sənədlər isə münasibətlərin siyasi bəyanatlarla məhdudlaşmadığını, praktik nəticələrə yönəldiyini təsdiqlədi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri, siyasi şərhçi Cəsarət Hüseynzadə deyib.
O bildirib ki, səfərin mühüm cəhətlərindən biri iqtisadi əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsidir. Azərbaycan-Qırğız İnkişaf Fondu, enerji, avtomobil daşımaları, gəmiçilik, kibertəhlükəsizlik və maliyyə bazarları üzrə razılaşmalar qarşılıqlı sərmayələrin, ticarətin və birgə layihələrin artmasına şərait yaradacaq. Şuşa ilə Çolpon-Atanın, Qəbələ ilə Karakolun, Gəncə ilə Oşun qardaşlaşması isə əlaqələrin cəmiyyətlər səviyyəsində dərinləşdiyini göstərir.
“Prezident İlham Əliyevin Azərbaycan və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirakı isə ölkəmizin bu coğrafiyanın kənar tərəfdaşı deyil, ortaq siyasi və iqtisadi məkanın fəal iştirakçısı olduğunu nümayiş etdirdi. Azərbaycan Xəzər üzərindən Mərkəzi Asiyanı Türkiyə və Avropa ilə birləşdirən etibarlı nəqliyyat-logistika körpüsüdür. Qırğızıstanla əməkdaşlığın güclənməsi Orta Dəhlizin imkanlarının genişlənməsinə xidmət edir. Bu səfər Türk dünyasında birliyin yalnız ortaq keçmişə deyil, ortaq gələcək layihələrə əsaslandığını göstərdi. Azərbaycan və Qırğızıstan arasında formalaşan müttəfiqlik modeli regional sabitliyə, iqtisadi inteqrasiyaya və türk dövlətləri arasında həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə verəcək”, - deyə C.Hüseynzadə əlavə edib.
Azərbaycan-Ukrayna münasibətləri: Strateji tərəfdaşlığın yeni vizyonu - TƏHLİL
Vaşinqton görüşündə Azərbaycanın irəli sürdüyü prinsipial mövqelər aktuallığını qorudu - ŞƏRH
Azərbaycan Avrasiyada mühüm nəqliyyat və logistika qovşaqlarından birinə çevrilib- ŞƏRH
Azərbaycan-Qırğızıstan əlaqələri konkret nəticələrə söykənən iqtisadi modelə çevrilməkdədir- ŞƏRH