×
A
A
A
Sazlamalar

Mehmet Yüce: Çolpon-Ata görüşü Türk dünyasının geoiqtisadi inteqrasiyasında yeni strateji mərhələ açır

Bakı, 4 avqust, AZƏRTAC
Çolpon-Atada keçirilən Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının qeyri-rəsmi Məşvərət Görüşü son dövrdə Avrasiyada sürətlənən regional əməkdaşlıq meyillərinin mühüm nümunələrindən biri kimi qiymətləndirilir. Zirvə çərçivəsində nəqliyyat, enerji, ticarət və regional bağlantı sahələrində verilən mesajlar Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında münasibətlərin daha da dərinləşdiyini göstərməklə yanaşı, regional əməkdaşlığın strateji xarakter aldığını da nümayiş etdirir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Uludağ Universitetinin professoru Mehmet Yüce səsləndirib.
Professor bildirib ki, hərçənd Çolpon-Ata görüşü Türk Dövlətləri Təşkilatının (TDT) rəsmi sammiti olmasa da, iştirakçı ölkələrin əksəriyyətinin TDT üzvü olması burada formalaşan əməkdaşlıq baxışının təşkilatın uzunmüddətli strateji məqsədləri ilə böyük ölçüdə üst-üstə düşdüyünü göstərir. Bu yanaşma Qəbələ Zirvəsində qəbul edilmiş "TDT+" konsepsiyası ilə də uyğunluq təşkil edir.
"Çolpon-Ata görüşünün əsas əhəmiyyəti Türk Dövlətləri Təşkilatının institusional inkişafını birbaşa müəyyənləşdirməsində deyil, məhz bu inkişafı dəstəkləyəcək yeni geoiqtisadi zəmin formalaşdırmasındadır. Müasir dövrdə regional təşkilatların uğuru artıq yalnız ortaq tarix və mədəniyyət üzərində yox, üzv dövlətlər arasında formalaşan qarşılıqlı iqtisadi maraqlar və asılılıq münasibətləri ilə ölçülür. Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında nəqliyyat, enerji, investisiya və ticarət sahələrində genişlənən əməkdaşlıq TDT-nin institusional potensialını gücləndirən praktik əməkdaşlıq platforması yaradır. Bu baxımdan Çolpon-Ata görüşü təşkilatın daha çox bəyanatlara əsaslanan modeldən layihə və nəticəyönümlü əməkdaşlıq mexanizminə transformasiyasını dəstəkləyən mühüm hadisədir. Bu strateji yanaşmanın mərkəzində Orta Dəhliz dayanır. Qlobal ticarət və təchizat zəncirlərinin yenidən formalaşdığı şəraitdə Orta Dəhlizi yalnız Asiya ilə Avropa arasında alternativ nəqliyyat marşrutu kimi qiymətləndirmək düzgün olmaz. Bu dəhliz, eyni zamanda, Mərkəzi Asiya, Cənubi Qafqaz və Türkiyə arasında iqtisadi inteqrasiyanı dərinləşdirən, regional bağlantını gücləndirən və ortaq əlavə dəyər zəncirlərinin formalaşmasına xidmət edən strateji oxdur. Onun uğuru yalnız fiziki infrastrukturun inkişafından deyil, gömrük prosedurlarının uyğunlaşdırılmasından, logistika standartlarının vahidləşdirilməsindən, rəqəmsal bağlantının gücləndirilməsindən və ortaq investisiya mexanizmlərinin yaradılmasından asılıdır. Çolpon-Atada nümayiş etdirilən siyasi iradə Orta Dəhlizin bu çoxşaxəli inkişafını sürətləndirmək üçün mühüm imkan yaradır", – deyə o bildirib.
Mehmet Yüce enerji sahəsində əməkdaşlığın da yeni mərhələyə qədəm qoyduğunu diqqətə çatdırıb. Bu əməkdaşlıq artıq yalnız neft və təbii qazın beynəlxalq bazarlara nəqlindən ibarət deyil. Xəzər hövzəsinin enerji potensialı ilə Türkiyənin Avropaya çıxışı təmin edən enerji dəhlizi funksiyası birləşdikdə, türk dövlətləri enerji təhlükəsizliyi sahəsində daha güclü geoiqtisadi aktora çevrilə bilərlər. Yaxın perspektivdə yaşıl enerji layihələri, elektrik interkonnektorları və rəqəmsal enerji infrastrukturu üzrə əməkdaşlıq bu strateji tərəfdaşlığı daha da möhkəmləndirəcək.
“Bu proseslər Avrasiyada formalaşan yeni geoiqtisadi nizam baxımından da xüsusi əhəmiyyət daşıyır. Qlobal rəqabətin iqtisadiyyat, nəqliyyat dəhlizləri və enerji şəbəkələri üzərində cərəyan etdiyi indiki mərhələdə Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında inkişaf edən strateji tərəfdaşlıq təkcə regional sabitliyi möhkəmləndirmir, həm də Avrasiyanın yeni iqtisadi arxitekturasının formalaşmasına təsir göstərmək potensialına malikdir. Bu proses Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu artırmaqla yanaşı, onu yalnız ortaq kimliyi təmsil edən platformadan ortaq maraqlar yaradan və regional siyasətə təsir göstərən daha funksional institusional quruma çevirə bilər", – deyə professor vurğulayıb.
Ekspert sonda qeyd edib ki, Çolpon-Ata görüşünü yalnız diplomatik tədbir kimi qiymətləndirmək doğru olmaz. Zirvənin əsas əhəmiyyəti ondan ibarətdir ki, burada Avrasiyada formalaşan yeni geoiqtisadi dinamika ilə Türk Dövlətləri Təşkilatının institusional baxışı arasında güclü uyğunluq formalaşmağa başlayıb.
“Əgər bu uyğunluq konkret layihələr və davamlı siyasətlərlə dəstəklənərsə, türk dövlətləri yalnız ortaq tarix və mədəniyyət deyil, həm də ortaq iqtisadi və strateji maraqlar əsasında daha güclü regional əməkdaşlıq modeli formalaşdıra biləcəklər", – deyə Mehmet Yüce əlavə edib.

Müxbir - Səbinə Əlizadə

2026-08-04 14:28:00