×
A
A
A
Sazlamalar

Azərbaycan ilə Qırğızıstan qarşılıqlı hörmətə və ortaq maraqlara əsaslanan münasibətlər modeli formalaşdırıb – ŞƏRH

Bakı, 4 avqust, AZƏRTAC

Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri Azərbaycan–Qırğızıstan strateji tərəfdaşlığının inkişafında yeni mərhələnin başlanğıcı kimi də xarakterizə olunur. Sözsüz ki, dövlətimizin başçısının Qırğız Respublikasına dövlət səfəri iki ölkə arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi, siyasi dialoqun genişləndirilməsi, iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsi və Türk dünyasında inteqrasiyanın gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova söyləyib.
Deputat bildirib ki, Azərbaycan–Qırğızıstan münasibətləri strateji müttəfiqlik mərhələsinə yüksəlib: “Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər son illərdə dinamik inkişaf edərək keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Tarixi, mədəni və mənəvi bağlara söykənən əlaqələr bu gün qarşılıqlı etimad, siyasi iradə və ortaq strateji maraqlar əsasında formalaşan müttəfiqlik münasibətlərinə çevrilib. Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri isə bu inkişafın məntiqi davamı olmaqla yanaşı, iki qardaş ölkə arasında əməkdaşlığın yeni mərhələsinin başlanğıcını təşkil edir”.
Sevinc Hüseynova vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətdə Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlıq mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirilib: “Bu siyasət nəticəsində Qırğızıstan ilə əlaqələr son illərdə xüsusilə sürətlə inkişaf edib. Prezident İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov arasında formalaşan yüksək etimada əsaslanan münasibətlər siyasi dialoqun intensivləşməsində həlledici rol oynayıb. Son illər ərzində həyata keçirilən çoxsaylı qarşılıqlı dövlət və rəsmi səfərlər iki ölkənin strateji tərəfdaşlığa verdiyi önəmin göstəricisidir.
Bu günə qədər Azərbaycan ilə Qırğızıstan arasında 100-dən artıq ikitərəfli sənəd imzalanıb. Həmin sənədlər arasında “Strateji tərəfdaşlıq haqqında Bəyannamə” xüsusi əhəmiyyət daşıyır. Hazırda tərəflər münasibətləri daha yüksək mərhələyə – müttəfiqlik səviyyəsinə yüksəltmək istiqamətində ardıcıl addımlar atır. Müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanması iki ölkənin siyasi münasibətlərində yeni tarixi mərhələnin başlanğıcı hesab olunur.
Sözsüz ki, Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığının genişlənməsi ölkəmizin artan beynəlxalq nüfuzunun mühüm göstəricilərindən biridir. İkinci Qarabağ müharibəsində əldə olunan Zəfərdən sonra Azərbaycanın geosiyasi mövqeyi daha da güclənib və ölkəmiz regionlararası əməkdaşlığın əsas iştirakçılarından birinə çevrilib. Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşlərində iştirakı və Azərbaycanın bu platformada fəal rol alması ölkəmizin region üçün strateji əhəmiyyətini daha da artırır.
Azərbaycan ilə Qırğızıstan arasında humanitar əməkdaşlıq da münasibətlərin mühüm sütunlarından biridir. Hər iki ölkədə keçirilən Mədəniyyət Günləri, qarşılıqlı mədəni layihələr və ortaq tarixi irsin təbliği xalqlar arasında dostluq münasibətlərini daha da möhkəmləndirir. Bakıda böyük qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin ucaldılması, Bişkekdə isə Ulu Öndər Heydər Əliyevin adını daşıyan təhsil müəssisəsinin fəaliyyət göstərməsi bu əməkdaşlığın rəmzi nümunələridir”.
Şura sədri onu da əlavə edib ki, Qırğızıstanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına verdiyi dəstək xüsusi minnətdarlıq doğurur: “Ağdam rayonunun Xıdırlı kəndində Qırğızıstanın maliyyə dəstəyi ilə inşa edilən Ayköl Manas adına tam orta məktəb iki ölkə arasında dostluğun və qardaşlığın simvoluna çevrilib. Bu layihə təkcə təhsil sahəsinə deyil, həm də xalqlar arasında mənəvi yaxınlığın möhkəmləndirilməsinə xidmət edir.
Beynəlxalq təşkilatlar çərçivəsində də Azərbaycan və Qırğızıstan vahid mövqedən çıxış edir. Türk Dövlətləri Təşkilatı, BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalarda qarşılıqlı dəstək iki ölkənin strateji tərəfdaşlığını daha da gücləndirir. Türk dünyasının birliyinin möhkəmləndirilməsi, regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və dayanıqlı inkişaf istiqamətində həyata keçirilən birgə təşəbbüslər münasibətlərin gələcək inkişafı üçün geniş perspektivlər açır.
Bu gün Azərbaycan və Qırğızıstan qarşılıqlı hörmətə, etimada və ortaq maraqlara əsaslanan münasibətlər modeli formalaşdırıblar. Siyasi dialoq, iqtisadi inteqrasiya, nəqliyyat-logistika əməkdaşlığı, humanitar əlaqələr və beynəlxalq platformalarda qarşılıqlı dəstək iki qardaş ölkənin strateji tərəfdaşlığının uzunmüddətli və davamlı xarakter daşıdığını təsdiqləyir. Prezident İlham Əliyevin dövlət səfəri isə bu münasibətləri yeni məzmunla zənginləşdirərək, gələcək əməkdaşlıq üçün möhkəm zəmin yaradır”.

Müxbir - Göyçək Mahmudlu

2026-08-04 12:19:00