×
A
A
A
Sazlamalar

Nazir müavini: Mil-Muğanda pambıq və taxıl istehsalında məhsuldarlığın artırılması prioritetdir VİDEO

Saatlı, 23 iyun, AZƏRTAC

“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın tanıdılması məqsədilə növbəti regional müşavirə Saatlı rayonunda keçirilib. Tədbirdə Mil-Muğan iqtisadi rayonu üzrə aqrar sahənin aktual məsələləri müzakirə olunub, Dövlət Proqramında nəzərdə tutulan hədəflər və onların icra mexanizmləri barədə ətraflı məlumat verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirləri kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Saatlı rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi məqsədilə keçirilən müşavirədən sonra jurnalistlərə müsahibəsində bildirib.
Nazir müavini bildirib ki, Dövlət Proqramının icrası ilə bağlı proses Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamından sonra başlayıb və sənəddə aqrar sahənin inkişaf istiqamətlərini müəyyən edən konkret hədəflər öz əksini tapıb. Onun sözlərinə görə, Mil-Muğan iqtisadi rayonu üçün əsas hədəflərdən biri taxıl və pambıq üzrə məhsuldarlığın 50 sentnerə çatdırılmasıdır. Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları pambıqçılıq üzrə ixtisaslaşmış rayonlar sırasında yer aldığından bu məqsədə nail olunması xüsusi əhəmiyyət daşıyır.
İlhamə Qədimova qeyd edib ki, məhsuldarlığın artırılması üçün müasir texnologiyaların və müasir suvarma sistemlərinin tətbiqi vacibdir. Regional müşavirədə bu texnologiyaların kənd təsərrüfatına verəcəyi töhfələr, dövlət dəstəyi mexanizmləri, eləcə də sahibkarların prosesdə iştirak imkanları geniş müzakirə olunub. Fermerlərin təklif və sualları dinlənilib, onların fikir və təşəbbüsləri nəzərə alınıb.
Nazir müavini vurğulayıb ki, Dövlət Proqramı kənd təsərrüfatında yeni inkişaf modelini ehtiva edir. Artan tələbat, iqlim dəyişiklikləri və qlobal proseslər aqrar sektorda yeni yanaşmaların tətbiqini zəruri edir. Buna görə də kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqi, iqlim dəyişikliklərinə adaptasiya və torpaq-sudan səmərəli istifadə əsas prioritetlər sırasındadır.
Onun sözlərinə görə, rəqəmsallaşma kənd təsərrüfatının ayrılmaz hissəsinə çevriləcək. Dövlət Proqramında fermerlərin gəlirliliyinin artırılması məqsədilə dəyər zəncirinin formalaşdırılması, emal sənayesinin və əlaqəli sahələrin inkişafı da xüsusi yer tutur.
İlhamə Qədimova bildirib ki, pambıqçılıq sahəsində dəstəyin artırılması yalnız subsidiya mexanizmləri ilə məhdudlaşmayacaq. Pambıq üzrə məhsuldarlığın 50 sentnerə çatdırılması üçün lazer hamarlama texnologiyalarının tətbiqi və müasir suvarma sistemlərinin qurulması vacib şərtlərdəndir. Bu istiqamətdə fermerlərə əlavə dəstək mexanizmləri nəzərdə tutulur.
Nazir müavini qeyd edib ki, prioritet sahələr üzrə kənd təsərrüfatı texnikasının alınmasına tətbiq olunan güzəştlərin həcmi 60 faizə qədər artırıla bilər. Eyni zamanda, lazer hamarlama avadanlıqlarının alınmasına dəstək göstərilməsi planlaşdırılır. Pambıqçılıqda məhsul subsidiyası tətbiq olunmağa davam edir və bazar şəraitindən, eləcə də fermerlərin vəziyyətindən asılı olaraq bu dəstəyin artırılması mümkündür.
İlhamə Qədimova əlavə edib ki, ölkədə həyata keçirilən iri su təsərrüfatı layihələri – yeni su anbarlarının və magistral kanalların tikintisi kənd təsərrüfatının inkişafına birbaşa müsbət təsir göstərəcək. Bu layihələr nəticəsində müxtəlif rayon və kəndlərdə yeni su mənbələrinin, su kanallarının və suvarma şəbəkələrinin formalaşdırılması mümkün olacaq ki, bu da kənd təsərrüfatında məhsuldarlığın artırılmasına və su ehtiyatlarından daha səmərəli istifadəyə şərait yaradacaq.

Müxbirlər: Aydın Yavərzadə, Sara Əliyeva, Fərid Səlimov
Videooperator, fotoqraf: Rza Fəttahov, Namiq Abdullayev, Mir Rəsul Cəfərov

Regionlar 2026-06-23 20:58:00

Video