×
A
A
A
Sazlamalar

Şirkət rəhbəri: Məqsədimiz regionun fermerlərini yüksəkkeyfiyyətli toxumla tam təmin etməkdir VİDEO

Qax, 23 iyun, AZƏRTAC

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən davamlı aqrar siyasət bilavasitə kənd təsərrüfatının yeni mərhələyə qədəm qoymasına, ölkə daxilində ərzaq təhlükəsizliyini möhkəmləndirilməsinə xidmət edir. “Tam Agro” şirkəti olaraq məqsədimiz əkin sahələrində yüksək məhsuldarlığa nail olmaq, regionumuzun fermerlərini yüksəkkeyfiyyətli toxumla tam təmin etməkdir.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlaması zamanı Qaxda keçirilən regional müşavirədə iştirak edən “Tam Agro” MMC-nin rəhbəri, Qax rayonundan olan fermer Tamerlan Musayev deyib.
“Tərəfimizdən illik 50 min ton toxum emal etmək gücünə malik olan yeni, müasir toxum emalı müəssisəsinin yaradılması, gələcəkdə əkin sahələrini 2000 hektara çatdırmaq, ondan 500 hektar sahədə 10 ədəd pivot suvarma sisteminin qurulması və toxumluq buğdanın məhsuldarlığının hər hektardan 65-75 sentnerə çatdırılması, regionun toxum təminatının tam şəkildə ödənilməsi planlaşdırılır. Bu müəssisənin tam gücü ilə işləməsi üçün əlavə müqaviləli əkin sistemi yaradılacaq və tərəfimizdən nəzarət olunmaqla, standartlara uyğun xidmət təşkil edilməklə fermer becərdiyi məhsulu daha yüksək qiymətə şirkətimizə satacaq. Həmçinin gələcəkdə 40 min ton gücündə olan qarğıdalı qurutma zavodunun da yaradılması şirkətimizin layihələri sırasındadır. Torpağa bağlılıq xalqımızın ən böyük mənəvi sərvətlərindən biridir. Bu gün hər əkilən toxum, hər biçilib anbara daşınan məhsul Azərbaycanın sabitliyinə, gücünə və gələcəyinə xidmət edir. Dövlətimizin yaratdığı imkanlardan səmərəli istifadə etməklə biz həm öz ailələrimizin rifahını yüksəldir, həm də ölkəmizin ərzaq təhlükəsizliyinə töhfə veririk”, - deyə şirkət rəhbəri qeyd edib.

Müxbir – Mustafa Dadaşov

Regionlar 2026-06-23 19:03:00

Video