×
A
A
A
Sazlamalar

Almaniyada Türk dünyasının ortaq mədəni irsinin təbliği məsələsi müzakirə olunub

Berlin, 22 iyun, AZƏRTAC

Almaniyadakı Azərbaycan və türk diaspor təşkilatlarının nümayəndələri Türk dünyasının ortaq mədəni irsinin təbliği və bu sahədə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.
AZƏRTAC xəbər verir ki, Türkiyənin Ştutqartdakı baş konsulu Makbule Koçak Kaçarın dəvəti ilə keçirilən görüşdə TÜRKSOY-un Baş katibinin müavini Sayıt Yusuf, Ştutqart Azərbaycan Evinin, Ştutqartdakı Azərbaycan-Almaniya Mədəniyyət Mərkəzinin və Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü, bəstəkar Günay Mirzəyeva iştirak ediblər.
Görüşdə Türk dünyasının zəngin mədəni irsinin beynəlxalq səviyyədə tanıdılması, ortaq mədəni dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. TÜRKSOY-un üzv və müşahidəçi ölkələri - Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan, eləcə də türk mədəniyyəti coğrafiyasına daxil olan digər icmalar arasında həyata keçirilən əməkdaşlıq proqramlarına töhfə verilməsi məsələləri nəzərdən keçirilib.
Müzakirələr zamanı türk dövlətləri və icmaları arasında mədəniyyət, incəsənət, təhsil və gənclər sahələrində həyata keçirilən layihələrdə diaspor nümayəndələrinin daha fəal iştirakının əhəmiyyəti vurğulanıb. Həmçinin ortaq mədəni irsin təbliğinə yönəlmiş birgə tədbirlərin təşkili, Türk dünyası xalqları arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinə xidmət edən təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Almaniyadakı Azərbaycan diasporunun Türk dünyasının mədəni əməkdaşlıq platformalarında fəal təmsil olunmasının və gələcək birgə layihələrə töhfə verməsinin vacibliyi də qeyd edilib.

Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Mədəniyyət 2026-06-22 21:18:00