×
A
A
A
Sazlamalar

Ankara Universitetinin müəllimi: Azərbaycan musiqisi dünya mədəniyyətinə fundamental töhfədir

Ankara, 22 iyun, AZƏRTAC

Əminəm ki, Azərbaycanın peşəkar klassik musiqisi, o cümlədən onun əsas və ən nüfuzlu istiqamətlərdən biri olan Qarabağ musiqi məktəbi dünya mədəniyyətinə fundamental töhfələr verməyə davam edəcək.
Bu fikri AZƏRTAC-a müsahibəsində azərbaycanlı bəstəkar, Ankara Musiqi və Gözəl Sənətlər Universitetinin (MGÜ) müəllimi Əli Əlizadə bildirib.
Həmyerlimiz 1999-cu ildən bəri qardaş ölkənin müxtəlif universitetlərində dərs deyərək Türkiyədə gənc musiqi istedadlarının hazırlığına töhfə verir.
Musiqi məktəbi sisteminin mövcudluğunu hər bir ölkənin mədəniyyəti üçün xüsusilə vacib adlandıran Ə.Əlizadə musiqi təhsilinə çox erkən yaşlarda başlamağın zəruriliyini vurğulayıb. Onun fikrincə, bu prosesə 13-14 yaşlarında başlamaq gənc musiqiçi üçün artıq çox gecdir: “Yeniyetməlik dövründə insan musiqi öyrənməməli, artıq virtuoz ifaçı olmalıdır”.
Türkiyə universitetinin müəllimi olan həmyerlimiz Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin, daha sonra isə Azərbaycan Milli Konservatoriyasının məzunu olduğunu, yaradıcılıq illəri ərzində onlarla bəstəyə imza qoyduğunu diqqətə çatdırıb.
“Pedaqoji fəaliyyətim dövründə Arif Babayev, İlyas Mirzəyev, Nazim Mirişli, Sərdar Fərəcov və bir çox digər tanınmış Azərbaycan musiqiçiləri ilə tanış olmaq imkanı qazanmışam”, - deyən 65 yaşlı bəstəkar Vətəni ilə əlaqələrini heç vaxt kəsmədiyini bildirib.
Bəstəkar əsərlərində Azərbaycan mövzusunun ana xətt təşkil etdiyini vurğulayıb: “Buna misal olaraq, 1998-1999-cu illərdə qələmə aldığım “Serenata dolore” əsərini göstərə bilərəm. Bakıda da dəfələrlə səsləndirilən bu serenadada hər bir dinləyici Qarabağ mövzusunu, torpaqlarımızın işğal altında olduğu dövrün acısını hiss edir”.
Ə.Əlizadə bu və digər əsərlərinin Şuşa da daxil olmaqla, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində keçirilən musiqi proqramlarının repertuarına daxil ediləcəyinə ümidvar olduğunu ifadə edib. O, həmçinin Türkiyə ilə Azərbaycan arasında mədəni körpülərin möhkəmləndirilməsinə töhfə verməyə və bu istiqamətdə birgə təşəbbüslərdə iştirak etməyə hazır olduğunu bəyan edib.
Qeyd edək ki, bəstəkarın əsərləri təkcə Azərbaycan və Türkiyədə deyil, həm də Rusiya, Ukrayna, Almaniya, Belçika, Niderland, Filippin və Yaponiyanın tanınmış səhnələrində ifa olunub.

Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara 

Mədəniyyət 2026-06-22 18:39:00