


Xəzərin iki sahilində güclənən strateji qardaşlıq ŞƏRH
Bakı, 22 iyun, AZƏRTAC
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri iki ölkə arasındakı münasibətlərin diplomatik əlaqələrdən daha çox, ortaq tarixə, mədəniyyətə və strateji maraqlara söykənən qardaşlıq münasibətləri olduğunu bir daha nümayiş etdirdi. Səfər çərçivəsində keçirilən görüşlər, imzalanan sənədlər və verilən mesajlar göstərdi ki, Bakı ilə Aşqabad arasında əməkdaşlıq artıq yeni inkişaf mərhələsinə daxil olur.
Prezident İlham Əliyevin mətbuata bəyanatında səsləndirdiyi fikirlər bu münasibətlərin mahiyyətini aydın şəkildə ifadə etdi. Dövlət başçısı vurğuladı ki, münasibətlərimiz möhkəm təməl - tarixi bağlar, mədəni əlaqələr və mənəvi əlaqələr üzərində qurulub. Əslində, Azərbaycan-Türkmənistan əlaqələrinin bugünkü səviyyəsini məhz bu amillər şərtləndirir. İki xalqı ortaq etnik köklər, dil yaxınlığı və əsrlər boyu formalaşmış mənəvi bağlılıq birləşdirir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova söyləyib. O bildirib ki, səfərin ən diqqətçəkən məqamlarından biri Qarabağın bərpasına Türkmənistanın verdiyi dəstəyin bir daha yüksək qiymətləndirilməsi oldu: “Prezident İlham Əliyev xüsusi vurğuladı ki, Türkmən xalqının Milli Lideri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə Füzulidə məscid tikilir və artıq layihənin icrasına başlanılıb. Bu təşəbbüs təkcə humanitar yardım deyil, işğaldan azad edilmiş torpaqlarda həyatın bərpasına qardaş dəstəyinin simvoludur.
Azərbaycan və Türkmənistan arasında münasibətlərin yeni mərhələyə keçdiyini göstərən hadisələrdən biri də bu gün baş verdi. Azərbaycan Xəzər dənizində nəqliyyat və logistika əməkdaşlığının inkişafına töhfə olaraq Türkmənistan tərəfinə müasir tanker hədiyyə etdi. Bu addım sadəcə iqtisadi jest deyil, həm də Xəzərin iki sahilində yerləşən dövlətlərin qarşılıqlı etimadının və uzunmüddətli tərəfdaşlığının praktik ifadəsidir. Enerji və yükdaşımalar sahəsində əməkdaşlığın genişləndirilməsi fonunda belə bir hədiyyə iki ölkənin gələcək planlarının miqyasını nümayiş etdirir”.
Deputat qeyd edib ki, bu gün Azərbaycan və Türkmənistanı birləşdirən əsas istiqamətlərdən biri nəqliyyat-logistika əməkdaşlığıdır. Prezident İlham Əliyevin dediyi kimi, “öz aralarında əməkdaşlıq edən ölkələri birləşdirən çox etibarlı, təhlükəsiz nəqliyyat marşrutları o qədər də çox deyil”. Məhz buna görə də Bakı və Aşqabad Orta Dəhlizin inkişafında əsas tərəfdaşlara çevriliblər. Xəzər üzərindən daşınan yüklərin həcminin artması, Bakı və Türkmənbaşı limanlarının imkanlarının genişlənməsi regionun geoiqtisadi əhəmiyyətini artırır. Son dövrlərdə Çin-Mərkəzi Asiya-Xəzər-Azərbaycan marşrutu üzrə yeni yük axınlarının formalaşması da bu əməkdaşlığın perspektivlərini daha da gücləndirir.
“Səfər zamanı imzalanan sənədlər də əməkdaşlığın konkret nəticələrə hesablandığını göstərir. Nəqliyyat, logistika, gömrük məlumatlarının elektron mübadiləsi, iqtisadi və humanitar əlaqələrin genişləndirilməsi istiqamətində əldə olunan razılaşmalar tərəflərin strateji baxışının göstəricisidir. Bu sənədlər gələcəkdə ticarət dövriyyəsinin artmasına, yükdaşımaların sürətlənməsinə və regionun tranzit imkanlarının daha səmərəli istifadəsinə xidmət edəcək”, - deyə o bildirib.
Müsahibimiz qeyd edib ki, Prezident İlham Əliyevin bəyanatında diqqət çəkən digər mühüm məqam Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qəbul edilməsində Türkmənistanın verdiyi dəstəyə görə təşəkkür etməsi oldu. Dövlət başçısı bunu tarixi hadisə adlandırdı. Bu yanaşma təsadüfi deyil. Azərbaycan coğrafi baxımdan Cənubi Qafqazda yerləşsə də, tarixən və mədəni baxımdan Mərkəzi Asiya ilə sıx bağlıdır. Bu gün isə nəqliyyat dəhlizləri və enerji layihələri həmin əlaqələri daha da gücləndirir.
“Əslində, Bakı ilə Aşqabad arasında münasibətlər artıq ikitərəfli formatın sərhədlərini aşır. Bu əməkdaşlıq Türk dünyasının inteqrasiyasına, Xəzər regionunun inkişafına və Avrasiya məkanında yeni iqtisadi körpülərin qurulmasına xidmət edir. Prezident İlham Əliyevin “siyasi qarşılıqlı fəaliyyət olmasaydı, heç bir coğrafi şərait səylərimizi birləşdirməyə imkan verməzdi” fikri də məhz bu reallığın ifadəsidir.
Bu gün Azərbaycan və Türkmənistan təkcə dost və qardaş dövlətlər deyil. Onlar Xəzər hövzəsinin gələcəyini formalaşdıran, regional əməkdaşlığın istiqamətlərini müəyyən edən və Türk dünyasının birliyinə töhfə verən iki strateji tərəfdaşdır. Sərdar Berdiməhəmmədovun Bakıya səfəri isə bu tərəfdaşlığın qarşıdakı illərdə daha da güclənəcəyinin mühüm siyasi mesajı kimi tarixə düşür”, - deyə E.Akimova vurğulayıb.