


İsrailli politoloq: AİHM-in Azərbaycanla bağlı qərarı siyasi müstəvidə qiymətləndirilməlidir
Bakı, 22 iyun, AZƏRTAC
Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) "V.T. və digərləri Azərbaycana qarşı" işi üzrə qəbul etdiyi qərar qərəzli və siyasi xarakterlidir. Azərbaycan hesab edir ki, qərar keçmiş Qarabağ münaqişəsi ilə bağlı formalaşdırılmış hüquqi yanaşmalarla ziddiyyət təşkil edir və siyasi kontekstdən kənarda qiymətləndirilə bilməz.
Bunu AZƏRTAC-a açıqlamasında israilli politoloq Yuri Boçarov bildirib.
Politoloqun sözlərinə görə, formal olaraq Avropa Şurası, Avropa Şurası Parlament Assambleyası (AŞPA) və AİHM müstəqil institutlar hesab olunsa da, praktikada onlar eyni siyasi məkanın tərkib hissəsi kimi fəaliyyət göstərirlər. Bu qurumlar eyni dövlətlərin nümayəndələri, oxşar ekspert dairələri və analitik mərkəzlər tərəfindən formalaşan ümumi siyasi mühitdə çalışırlar. Buna görə də hansısa dövlətlə münasibətlər gərginləşdikdə, müxtəlif Avropa institutlarının həmin ölkəyə münasibətdə tamamilə fərqli mövqe nümayiş etdirməsini gözləmək çətindir. Azərbaycan ilə Avropa institutları arasında münasibətlərdə gərginliyin dərinləşməsi xüsusilə 2024-cü ildə AŞPA-nın Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini təsdiqləməməsindən sonra yeni mərhələyə keçib. Azərbaycan bu addımı siyasi təzyiq kimi qiymətləndirib və nəticədə tərəflər arasında münasibətlər açıq qarşıdurma mərhələsinə daxil olub. Belə bir şəraitdə AİHM-in "V.T. və digərləri Azərbaycana qarşı" işi üzrə qərarı xüsusi diqqət çəkir. Bu iş uzun illər məhkəmənin icraatında qaldıqdan sonra məhz hazırkı siyasi şəraitdə qərarın elan edilməsi müxtəlif suallar doğurur.
Politoloq xatırladıb ki, 2015-ci ildə AİHM-in "Çıraqovlar və digərləri Ermənistana qarşı" işi üzrə qərarında Ermənistanın uzun illər Azərbaycanın işğal olunmuş əraziləri üzərində səmərəli nəzarət həyata keçirdiyi təsbit edilmişdi. Həmin qərar uzun müddət Azərbaycanın beynəlxalq hüquqi mövqeyini möhkəmləndirən əsas sənədlərdən biri hesab olunurdu. Son on ildə nə Qarabağ münaqişəsinin tarixi faktları dəyişib, nə də beynəlxalq hüququn fundamental prinsipləri. Dəyişən əsas amil Azərbaycanın bəzi Avropa institutları ilə münasibətlərinin xarakteridir. Hazırkı qərarda diqqətin yalnız 2016-cı ilin Aprel döyüşləri zamanı baş vermiş ayrıca epizoda yönəldilməsi, münaqişənin uzunmüddətli kontekstinin və Ermənistanın illərlə davam edən işğal siyasətinin hüquqi qiymətləndirilməsindən fərqli yanaşmanın tətbiq edilməsi Bakının narazılığına səbəb olur. Hüquqi baxımdan söhbət müxtəlif işlərdən getsə də, beynəlxalq siyasətdə qəbul edilən qərarlar çox vaxt daha geniş siyasi proseslərin fonunda qiymətləndirilir.
Y.Boçarovun fikrincə, hazırda Azərbaycan Avropa üçün enerji təhlükəsizliyi, Orta Dəhlizin inkişafı və Avropa ilə Asiyanı birləşdirən nəqliyyat-logistika marşrutları baxımından mühüm tərəfdaşdır. Məhz bu səbəbdən ölkənin müstəqil xarici siyasət kursu bəzi siyasi dairələrdə müxtəlif qiymətləndirmələrə səbəb olur. Qlobal siyasətdə iqtisadi maraqlar həmişə təsir mexanizmlərinin formalaşdırılması ilə müşayiət olunur. Bu baxımdan AİHM-in qərarı təkcə hüquqi sənəd kimi deyil, gələcək siyasi müzakirələrdə istifadə oluna biləcək əlavə arqument kimi də nəzərdən keçirilə bilər. Sözügedən qərar Azərbaycanın ərazi bütövlüyünü və ya postmünaqişə reallıqlarını dəyişmir. Bununla belə, onun beynəlxalq təşkilatların hesabatlarında, parlament qətnamələrində, insan hüquqları ilə bağlı müzakirələrdə, eləcə də enerji, nəqliyyat və siyasi əməkdaşlıq məsələləri üzrə danışıqlarda istinad mənbəyinə çevrilməsi mümkündür.
İsrailli politoloq hesab edir ki, beynəlxalq münasibətlərdə hüquqi qərarlar zaman keçdikcə siyasi arqumentə çevrilə bilir və müxtəlif platformalarda danışıqlar prosesinə təsir göstərən element kimi istifadə olunur.
“Azərbaycan üçün əsas məsələ kompensasiya məbləği deyil, beynəlxalq siyasi-hüquqi müstəvidə yeni yanaşmaların formalaşmasıdır. Bu yanaşmalar nəticəsində Azərbaycanın uzun illər işğaldan əziyyət çəkmiş dövlət kimi mövqeyinin arxa plana keçməsi və diqqətin ayrı-ayrı epizodlara yönəldilməsi müəyyən suallar doğurur. Son on ildə Avropa institutlarının Qarabağ məsələsinə yanaşmasında müşahidə olunan dəyişikliklər beynəlxalq siyasi gündəmdə prioritetlərin transformasiyasını göstərən amillərdən biri kimi qiymətləndirilə bilər”, - deyə politoloq vurğulayıb.
Müxbir - Səbinə Əlizadə