


Politoloq: İslam İnkişaf Bankının Azərbaycana etimadı ölkəmizin artan beynəlxalq nüfuzunun göstəricisidir
Bakı, 22 iyun, AZƏRTAC
Son illərdə Azərbaycanın əldə etdiyi iqtisadi nailiyyətlər, Cənubi Qafqazın lider dövlətinə və qlobal enerji siyasətinin mühüm iştirakçılarından birinə çevrilməsi 1994-cü il sentyabrın 20-də Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə imzalanan "Əsrin müqaviləsi"nin yaratdığı möhkəm təməl üzərində formalaşıb. Məhz həmin sənəd Azərbaycanın müasir inkişaf tarixinin başlanğıcını qoyub, Prezident İlham Əliyevin rəhbərliyi dövründə isə bu inkişaf daha da sürətlənib.
Bunu AZƏRTAC-a açıqlamasında politoloq Elşad Həsənov bildirib.
Politoloqun sözlərinə görə, neft və qaz gəlirlərinin insan kapitalına, iqtisadiyyatın şaxələndirilməsinə və infrastrukturun inkişafına yönəldilməsi Azərbaycanın dayanıqlı inkişaf modelinin əsasını təşkil edib. Bu gün ölkənin əldə etdiyi uğurlar məhz həmin uzaqgörən iqtisadi strategiyanın nəticəsidir. İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının Azərbaycanda keçirilməsi ölkəmizə göstərilən beynəlxalq etimadın növbəti təzahürüdür. Ölkəmiz 1992-ci ildən İslam İnkişaf Bankının üzvüdür və ötən dövrdə bank tərəfindən müxtəlif sahələri əhatə edən 84 layihə üzrə 1,8 milyard ABŞ dollarından artıq maliyyə vəsaiti ayrılıb. Prezident İlham Əliyev çıxışında Azərbaycan ilə İslam İnkişaf Bankı arasında əməkdaşlığın qarşılıqlı etimada, uzunmüddətli strateji maraqlara və səmərəli tərəfdaşlığa əsaslandığını xüsusi vurğulayıb. COP29 kimi qlobal tədbirlərə ev sahibliyi etməsi, Dünya Şəhərsalma Forumunun Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq əməkdaşlıq platformasına çevrildiyini göstərir. Bu uğurlar Azərbaycanın məqsədyönlü daxili və xarici siyasətinin, iqtisadi dayanıqlığının və sabit inkişaf modelinin nəticəsidir.
O qeyd edib ki, ölkədə siyasi, iqtisadi və sosial sabitliyin qorunması təkcə Azərbaycanın inkişafının deyil, bütövlükdə regionun təhlükəsizliyi və iqtisadi əməkdaşlığı baxımından da mühüm əhəmiyyət daşıyır. Azərbaycanın həyata keçirdiyi uğurlu investisiya siyasəti nəticəsində Xəzər dənizini Qara dəniz və Aralıq dənizi hövzələri ilə birləşdirən enerji layihələri reallaşdırılıb, milyardlarla dollar həcmində xarici sərmayə cəlb edilib.
“Rusiya-Ukrayna müharibəsi fonunda Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu daha da artıb. Hazırda Azərbaycan təbii qazını 16 ölkəyə ixrac edir və etibarlı enerji tərəfdaşı kimi mövqeyini möhkəmləndirib. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi ölkənin geostrateji əhəmiyyətini daha da artırır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, son 20 ildə ölkə iqtisadiyyatına 350 milyard ABŞ dollarından çox sərmayə qoyulub və bunun təxminən yarısı xarici investisiyaların payına düşür. Qeyri-neft sektorunun inkişafı da iqtisadi siyasətin əsas prioritetlərindəndir. Hazırda qeyri-neft və qaz sektorunun ümumi daxili məhsuldakı payı 70 faizdən çoxdur ki, bu da iqtisadiyyatın uğurla şaxələndirildiyini göstərir. Dövlətimizin başçısının siyasətinin mərkəzində vətəndaş rifahının yüksəldilməsi dayanır. Sosial müdafiənin gücləndirilməsi, məşğulluğun artırılması və yoxsulluğun azaldılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanda işsizlik və yoxsulluq səviyyəsi 5 faizdən aşağı salınıb ki, bu da region üzrə ən yaxşı göstəricilərdən hesab olunur. İslam İnkişaf Bankı ilə keçirilən toplantı çərçivəsində yeni sazişlərin imzalanması və maliyyə layihələrinin razılaşdırılması Azərbaycanın investisiya baxımından cəlbedici ölkə olduğunu bir daha nümayiş etdirir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərinə beynəlxalq maliyyə institutlarının maraq göstərməsi bu istiqamətdə böyük perspektivlərin olduğunu təsdiqləyir. Azad olunmuş ərazilərdə su anbarlarının, suvarma kanallarının, avtomobil yollarının, körpülərin, hava limanlarının və digər mühüm infrastruktur obyektlərinin tikintisi davam etdirilir. Bu məqsədlə Qarabağın və Şərqi Zəngəzurun bərpasına ümumilikdə 17 milyard ABŞ dolları həcmində vəsaitin ayrılması nəzərdə tutulub”, - deyə politoloq bildirib.
O qeyd edib ki, Azərbaycanın beynəlxalq nüfuzunun artması, iqtisadiyyatının dayanıqlılığı, enerji və nəqliyyat sahəsində strateji mövqeyinin güclənməsi ölkəni təkcə Cənubi Qafqazın deyil, Avrasiya məkanının əsas tərəfdaşlarından birinə çevirib. Siyasi sabitlik, etibarlı investisiya mühiti və hüquqi təminatlar isə Azərbaycanın xarici investorlar üçün cəlbediciliyini daha da artırır.