×
A
A
A
Sazlamalar

Beynəlxalq tədbirlər Azərbaycanın artan nüfuzunu təsdiqləyir RƏY

Bakı, 22 iyun, AZƏRTAC
Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi sahəsində nümayiş etdirdiyi ardıcıl uğurlar ölkənin qlobal miqyasda etibarlı tərəfdaş və nüfuzlu əməkdaşlıq məkanı kimi mövqeyini daha da möhkəmləndirir. Bu baxımdan, Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantıları Azərbaycanın beynəlxalq siyasi, iqtisadi və maliyyə münasibətlər sistemində artan rolunun növbəti təsdiqi kimi qiymətləndirilə bilər.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin Maliyyə və menecment kafedrasının professoru, iqtisad elmləri doktoru Murad Tağıyev səsləndirib.
“Dünya siyasi tarixinin təcrübəsi göstərir ki, beynəlxalq münasibətlər sistemində əsaslı dəyişikliklər adətən böyük müharibələrdən və qlobal geosiyasi sarsıntılardan sonra baş verir. Birinci Dünya müharibəsinin ardından Millətlər Liqası, İkinci Dünya müharibəsinin nəticəsi olaraq isə Birləşmiş Millətlər Təşkilatı yaradılıb, beynəlxalq təhlükəsizlik və əməkdaşlığın yeni prinsipləri formalaşdırılıb. Hazırda davam edən geosiyasi qarşıdurmalar, xüsusilə Rusiya-Ukrayna müharibəsinin yaratdığı yeni reallıqlar fonunda beynəlxalq münasibətlər sisteminin növbəti transformasiya mərhələsinə qədəm qoyduğu barədə fikirlər geniş yayılıb. Bir çox siyasi analitiklər və beynəlxalq münasibətlər üzrə ekspertlər hesab edirlər ki, yaxın illərdə qlobal idarəetmə mexanizmlərində, iqtisadi əməkdaşlıq formatlarında və təhlükəsizlik arxitekturasında mühüm dəyişikliklər baş verə bilər. Bu dəyişikliklərin əsas xüsusiyyətlərindən biri dünyanın tədricən çoxqütblü sistemə keçidi, regional güclərin və strateji əhəmiyyətə malik dövlətlərin rolunun artmasıdır. Məhz belə bir dövrdə Azərbaycanın beynəlxalq çəkisi və geosiyasi əhəmiyyəti daha qabarıq şəkildə ön plana çıxır”, - deyə o diqqətə çatdırıb.
Professor qeyd edib ki, son illərdə həyata keçirilən müstəqil və balanslaşdırılmış xarici siyasət kursu, ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı mühüm rol, beynəlxalq nəqliyyat və logistika layihələrinin əsas iştirakçılarından birinə çevrilməsi Azərbaycanın qlobal əhəmiyyətini yüksək dərəcədə artırıb. Xüsusilə Avropanın enerji təhlükəsizliyi məsələsinin aktuallaşdığı bir vaxtda Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi mövqeyinin möhkəmlənməsi ölkəmizə olan beynəlxalq etimadı daha da gücləndirib. Eyni zamanda, Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan iri regional layihələr ölkəni Avrasiya məkanında strateji əlaqələndirici mərkəzlərdən birinə çevirib. Bununla yanaşı, Vətən müharibəsindən sonra yaranmış yeni geosiyasi reallıqlar Azərbaycanın regional liderlik mövqeyini daha da möhkəmləndirib, ölkəmizin siyasi nüfuzunu və beynəlxalq proseslərə təsir imkanlarını genişləndirib.
“Bakının mühüm beynəlxalq tədbirlərin keçirildiyi qlobal dialoq və əməkdaşlıq platformasına çevrilməsi də məhz bu reallıqların nəticəsi kimi qiymətləndirilir. İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının Bakıda keçirilməsi də təsdiqləyir ki, Azərbaycan artıq təkcə regionun deyil, daha geniş coğrafiyanın iqtisadi, maliyyə və siyasi əməkdaşlıq proseslərində mühüm rol oynayan dövlətlərindən biridir. Bütün bunlar göstərir ki, yeni dünya düzəninin formalaşdığı mürəkkəb geosiyasi mərhələdə Azərbaycanın əhəmiyyəti yalnız coğrafi mövqeyi, enerji resursları və iqtisadi potensialı ilə deyil, həm də qazandığı beynəlxalq etibar, təşəbbüskarlıq və qlobal əməkdaşlığa verdiyi töhfələrlə müəyyən olunacaq”, - deyə professor M.Tağıyev vurğulayıb.

2026-06-22 16:20:00