


Albaniya Elmlər Akademiyasının nümayəndə heyəti MEK-in qonağı olub
Bakı, 22 iyun, AZƏRTAC
Azərbaycanda səfərdə olan Albaniya Elmlər Akademiyasının prezidenti akademik Skender Gjinushi, İqtisadiyyat və Davamlı İnkişaf Komissiyasının sədri akademik Anastas Angjeli, Xarici əlaqələr və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elda Zotaj AMEA-nın Mərkəzi Elmi Kitabxanasının qonağı olublar.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov Mərkəzi Elmi Kitabxananın tarixi, fəaliyyət istiqamətləri və zəngin kitab fondları, son dövrlərdə burada aparılan elektron islahatlar haqqında məlumat verərək qonaqları kitabxana ilə yaxından tanış olmağa dəvət edib.
MEK-lə tanışlıq Qarabağ müharibəsi qəhrəmanları fondundan başlayıb. H. Hüseynov bildirib ki, fondda Birinci Qarabağ müharibəsinə, 44 günlük Vətən müharibəsinə, eləcə də antiterror tədbirlərinə həsr olunmuş rəsmi sənədlər, kitablar, qəzet və jurnal materialları, qəhrəmanlarımızın döyüş yolunu əks etdirən fotolar, şəxsi əşyalar və onların xatirəsinə həsr edilmiş əsərlər sistemli şəkildə toplanır.
Daha sonra MEK-də fəaliyyət göstərən Diplomatik Fondla tanış olan qonaqlara bildirilib ki, burada xarici ölkələrin səfirlikləri və beynəlxalq təşkilatlar tərəfindən kitabxanaya hədiyyə olunmuş qiymətli nəşrlər, həmçinin müxtəlif ölkələrin mədəniyyət guşələri cəmləşdirilib.
Ziyarətçilərə, həmçinin Nadir kitablar fondunda mühafizə olunan qiymətli nəşrlər nümayiş etdirilib. Qeyd olunub ki, Azərbaycan kitabxana sistemində XVI əsrə aid ən qədim kitab məhz bu fondda qorunur. Buradakı ən iri kitab – 1893-cü ildə Londonda ingilis dilində nəşr olunmuş “Ərdəbil məscidinin müqəddəs xalçaları”, eləcə də fondun ən miniatür kitabı hesab edilən Yanka Kupalanın “Şeirlər" məcmuəsi, üzəri firuzə qaşlarla bəzədilmiş, kənarları qızıl suyuna salınmış və dəridən hazırlanmış nəfis tərtibatlı nəşr xarici qonaqların xüsusi marağına səbəb olub.
MEK-in Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsində nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin zəngin irsini və Azərbaycan dövlətçiliyinin inkişaf tarixini əks etdirən nəşrlərlə tanış olub, Albaniya Elmlər Akademiyasının prezidenti akademik Skender Gjinushi Xatirə kitabına ürək sözlərini yazıb. O, Mərkəzi Elmi Kitabxanada qorunan zəngin elmi və mədəni irsin yüksək təəssürat yaratdığını, kitabxananın müasir fəaliyyəti və fondlarının diqqətəlayiq olduğunu bildirib.
Sonda MEK-in Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsi tərəfindən hazırlanan “Heydər Əliyevin aforizmləri” adlı audiodisk nümayəndə heyətinə hədiyyə olunub.
Albaniya Elmlər Akademiyasının nümayəndə heyəti MEK-in qonağı olub
BDU-nun doktorantı Tərtərdə mineral gübrələrin ekoloji təsirini araşdırır
Akademik: Rəqəmsal inkişaf və kibertəhlükəsizlik prioritet istiqamət kimi diqqətdə saxlanılır
Rizvan Qarabağlı: Ermənistan işğal altındakı alban irsini sistemli şəkildə saxtalaşdırıb