×
A
A
A
Sazlamalar

Rizvan Qarabağlı: Ermənistan işğal altındakı alban irsini sistemli şəkildə saxtalaşdırıb

Bakı, 22 iyun, AZƏRTAC

Ermənistan Azərbaycanın işğal altında saxladığı ərazilərdə yerləşən qədim alban xristian irsinin mənimsənilməsi məqsədilə sistemli saxtalaşdırma siyasəti aparıb. Tədqiqatlar göstərir ki, Ağoğlan, Amaras, Xatiravang, Qandzasar və xüsusilə Xudavəng monastır komplekslərində tarixi-mədəni irsin mənşəyinin dəyişdirilməsinə yönəlmiş çoxsaylı müdaxilələr həyata keçirilib.
Bu barədə AZƏRTAC-a açıqlamasında AMEA Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi memarlıq üzrə fəlsəfə doktoru, dosent Rizvan Qarabağlı məlumat verib.
Alimin sözlərinə görə, tədqiqatlar nəticəsində müəyyən olunub ki, ilk növbədə, abidələrin üzərindəki orijinal epiqrafik materialların məhv edilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. Belə ki, məbədlərin divarlarında mövcud olan qədim alban dilində kitabələr, yazılar və relyef nümunələri qaşınaraq silinib, nəticədə abidələrin tarixi kimliyini müəyyənləşdirməyə imkan verən mühüm mənbələrə ciddi ziyan vurulub.
Araşdırmalar zamanı, həmçinin alban memarlıq ənənələrinə aid olmayan yeni elementlərin abidələrə əlavə edildiyi müəyyən edilib. Müasir erməni xaçkarları məbədlərin divarlarına və həyətlərinə yerləşdirilərək tarixi memarlıq mühitinin süni şəkildə dəyişdirilməsinə cəhd göstərilib.
Tədqiqat nəticələri göstərir ki, saxtalaşdırma prosesi yalnız dekorativ elementlərlə məhdudlaşmayıb. Bir sıra dini-memarlıq abidələrinin konstruktiv quruluşuna da müdaxilələr olunub. Dam örtükləri və günbəzlərin erməni kilsə memarlığı üslubuna uyğun şəkildə yenidən qurulması, habelə tikililərə tarixi əsasları olmayan elementlərin əlavə edilməsi həmin müdaxilələrin əsas istiqamətlərindən biri olub.

Elm və təhsil 2026-06-22 17:50:00